Həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirilib
Region

Həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirilib

İşçilərin istirahəti, əmək qabiliyyətinin bərpası, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə asudə vaxtın daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olub. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Bu da, təbii ki, ittifaq üzvləri tərəfindən rəğbətlə qarşılanır və onların daha səmərəli fəaliyyət göstərə bilmələri üçün stimul yaradır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev mütəmadi olaraq həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə, istirahət mərkəzlərinə baş çəkir, istirahət üçün yaradılmış şəraitlə tanış olur, dincələnlərlə söhbətlər aparır, istirahətləri ilə maraqlanır.

İyulun 28-də AHİK sədri növbəti dəfə həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda yerləşən və "Şahdağ" İstirahət mərkəzlərində yaradılmış şəraitlə tanış olub.

Növbəti baxış Dövlət idarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının "Ülfət" İstirahət Mərkəzində keçirilib.

Baxış zamanı S.Möhbalıyev dəmiryolçuların "Lokomotiv" İstirahət Mərkəzi ilə də tanış olub, yeni istifadəyə verilmiş kotteclərə baxıb, mərkəzin ərazisini gəzib, dincələnlərlə söhbət edib.

AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının "Təhsil" İstirahət Mərkəzinə də gəlib. 2013-cü ilin iyun ayında istifadəyə verilən istirahət kompleksində olan sədr burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tövsiyə edib.

S.Möhbalıyev mədəniyyət işçiləri üçün tikilməkdə olan istirahət mərkəzində görülən işlərlə də maraqlanıb.

Qusar rayonunda səhiyyə işçilərinin "Şəfa" İstirahət Mərkəzinə baş çəkib.

AHİK sədri bildirib ki, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması, istirahətinin mənalı təşkili dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu məqsədlə, ölkədə sağlamlıq və istirahət mərkəzlərinin sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılır.

Hər il həmkarlar təşkilatlarının xətti ilə minlərlə vətəndaşımız öz ailələri ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır. İstirahət mərkəzlərindəki şərait, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi daim diqqətdə saxlanılır. AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqlarının istirahət mərkəzlərində yüzlərlə vətəndaş daimi və mövsümi işlərlə təmin olunub.

AHİK-in balansında olan bütün istirahət mərkəzlərinin müasir tələblərə uyğunlaşdırıldığı, istirahət üçün geniş imkanların yaradıldığı bildirilib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.