İdmançılarla görüş
İdman

İdmançılarla görüş

Otuz ildən artıq Ermənistanın işğalı altında qalan torpaqlarını azad edən, ərazi bütövlüyünü bərpa edərək işğalçı üzərində tarixi və şanlı Qələbə qazanan Azərbaycan həm də dünyada idman ölkəsi kimi tanınır. Ard-arda keçirilən beynəlxalq yarışlara, olimpiya və İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən ölkəmizdə idmanın bütün növləri üzrə əldə olunan nəticələr, beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları parlaq qələbələr bunu deməyə əsas verir. Bu uğurların əldə olunmasında ağcabədili idmançıların da payı böyükdür. Ağcabədi şəhərində müasir dizaynda inşa edilmiş olimpiya mərkəzi Milli Olimpiya Komitəsinin yerli idmançılara ən böyük hədiyyəsidir. Hazırda yüzlərlə gənc bu idman mərkəzində gələcək yarışlara hazırlaşır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, gənclər arasında klublararası Avropa çempionatında birinci, yeniyetmələr arasında dünya çempionatında ikinci yerin sahibi, qadınlar arasında Avropa çempionatının bürünc mükafatçısı, Gənclər Olimpiadasının iştirakçısı, nəhayət, bu yaxınlarda qardaş Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Minayə Əkbərova boya-başa çatdığı Ağcabədinin adını ləyaqətlə ucaldır, valideynlərinə və məşqçilərinə sevinc bəxş edir.

İdmanın kikboksinq növü üzrə V İslam Həmrəyliyi Oyunlarının iştirakçısı Mahmud Hüseynov, Azərbaycan çempionları Hüseyn və Sübhan Məmmədovlar sentyabr ayının 30-da İtaliyanın Jesola şəhərində keçiriləcək yeniyetmələrin və gənclərin Dünya çempionatına ciddi hazırlaşırlar. Kikboksinq idman növü üzrə Azərbaycan yığmasının yeniyetmələr üzrə böyük məşqçisi Mehman Quliyev hər üç idmançının həmin yarışda ölkəmizi layiqincə təmsil edəcəklərinə, fəxri kürsüdə ən yaxşı yerlər tutacağına inandığını bildirir.

Bu günlərdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov gənc idmançılar və onların məşqçiləri ilə görüşüb, yeniyetmələrin və gənclərin Dünya çempionatında onlara uğurlar arzulayıb. Görüşdə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının iştirakçısı Mahmud Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub. Ağcabədi idmançılarının uğurları gündən-günə artır.

Salman ALIOĞLU,

"Respublika".