Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

 Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Romada xristianlığın qəbul edilməsi və bütün dünyada yayılması"nı oxuculara təqdim edirik.

"Respublika".

 

Romada xristianlığın qəbul edilməsi və bütün dünyada yayılması

Bəşər tarixində elə bir dövr olub ki, insanlar dinin nə olduğunu bilməyiblər. Sonralar özlərini və ətraf mühitdə baş verən prosesləri dərk etməyə çalışan insanlar uğur qazanmaq üçün həyatlarının axarını fövqəltəbii qüvvələrin ümidinə qoymağı yeganə çıxış yolu seçmişlər. Bu səbəbdən də zaman keçdikcə tarixin müxtəlif dövrlərində dinlər meydana gəlmiş və bəşəriyyətin təfəkküründə fövqəltəbii varlıqlara, Tanrıya inam yaranmağa başlamışdır. Dünya xalqlarının tarixində mühüm yer tutan dinlər istənilən dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmiş və bu, hazırda da belə davam etməkdədir.

Keçmişdən indiyə insanlar onlara aşılanan dini dəyərlərin sülh zəmanətçisi olduğunu anlayaraq müxtəlif dinlərə etiqad göstərməyə başlamışlar. Belə dinlərdən biri də xristianlıq dinidir. Səmavi dinlər (Allah tərəfindən mələklər vasitəsilə peyğəmbərlərə göndərilən vəhy mənbəyi) arasında islam və yəhudi dini ilə yanaşı, dünyada geniş yayılmış və aparıcı dinlərdən biri hesab edilən xristianlıq bizim eranın I əsrində Roma imperiyasının tərkibində olan Fələstin torpağında, yəhudilər arasında yaranmış, ilk dəfə Roma imperatoru Konstantinin bu dini qəbul etməsilə isə daha sonralar bütün Avropaya yayılmışdır. Zaman keçdikcə dünya xalqları arasında sürətlə yayılmağa başlayan xristianlıq dini tarixin gedişatına təsir edərək, bəşəriyyətin təfəkkürünün təkamülündə böyük rol oynamışdır.

Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx əlaqədə olduğu məlum olur. Bununla yanaşı, başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I yüzillikdə Yəhudiyyə çarlığı Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi toplumu parçalanmış və dərin böhran içərisində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və özbaşınalıq hökm sürməkdə idi. Son olaraq isə imperiya içi çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi.

Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün isə Romada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar. Bu səbəbdən də yəhudi xalqı arasında Tanrı tərəfindən İsraili xilas etmək üçün göndərilən İsa Məsihin gəlişi ilə əlaqəli fikirlər geniş yayılmağa başlamışdı. Belə bir gərgin ictimai-siyasi durumda İsanın fəaliyyətindən narazı olan yəhudi kahinləri çox çəkmədi ki, onu öldürmək fikrinə düşdülər və bu işi həyata keçirmək üçün Roma imperiyasının Fələstində olan canişininə müraciət etdilər. Məqsəd isə İsanın İsraili xilas edən Məsih olmadığını sübut etmək idi. Çünki onların düşüncəsi ilə məğlub olan adam Məsih ola bilməzdi. Məsih yalnız xalqı xilas edən adam olmalı idi. Bu məqsədlərinə nail olmaqdan ötrü isə onlar az sonra elan etdilər ki, İsanı tutub mühakimə etdikdən sonra çarmıxa çəkərək edam ediblər. Belə bir hadisənin baş verdiyinin, hətta şahidlərinin belə olduqları barədə məlumatlar xristian mənbələrində də öz təsdiqini tapır.

Ancaq eyni zamanda, İsanın ölüm xəbərinin həqiqətə uyğun olmaması da iddia edilirdi. Belə ki, İsanın ardıcıllarından bəziləri onun ölümünə inanmırdılar. Onlardan bəziləri deyirdilər ki, İsanın çarmıxda olması yalnız müəyyən adamların gözünə görünmüşdür və bu, xəyaldan başqa bir şey deyildir. Əslində isə o edam edilməmişdir. Buna inanan başqa təriqətlərin ardıcılları isə hesab edirdilər ki, İsa edamdan qabaq qeyb olduğundan (göylərə çəkildiyindən) onun yerinə başqa bir adam edam olunmuşdur.

Beləliklə, İsanın ardıcılları arasında onun ölümü və ya qeybə çəkilməsi haqqında hamı üçün bir olan inanc olmamışdır. Daha sonralar İsanı artıq peyğəmbər kimi qəbul etmiş bəzi yəhudilər öz əqidələrini Roma imperiyasının çeşidli yerlərində yaymağa başladılar. O zaman bu işi çoxlu sayda dini təbliğatçılar həyata keçirirdi. Nəticədə isə dərin mənəvi böhran keçirən Roma imperiyasının müxtəlif sosial təbəqələri arasında yeniləşmiş yəhudi dininə meyillər gündən-günə artmağa başlamışdı.

Bu təlimin yayılması işində Şaul (Paulus) adında bir yəhudinin böyük rolu olmuşdur. O, öncə Antioxiyada, sonra isə bütövlükdə Kiçik Asiya yarımadasında təbliğat aparsa da, bu təlimi heç də öz ilkin şəklində saxlamayıb, onu özünəməxsus bir şəkildə yozaraq, yeni bir keyfiyyətdə təqdim etmişdir. Belə ki, Paulus anlayırdı ki, yəhudi xalqının dini və yəhudi peyğəmbəri olan İsanın təlimi Romanın başqa xalqları arasında özünün ilkin formasında yayıla bilməz. Məsələ bundadır ki, o xalqlar qədim mədəniyyətə malik idilər və yəhudi ənənəsi, düşüncə tərzi onlar tərəfindən qəbul edilə bilməzdi. Ona görə də Paulus, bu təlimdə olmayan bir çox yeni ideyalarla çıxış etməyə başladı. Faktiki olaraq, o, İsanın təlimini yunan və Roma düşüncə tərzinə və tarixi ənənəsinə uyğunlaşdırırdı. O, İsanın ilahiləşdirilmiş obrazını təbliğ edirdi. Beləliklə də Paulusun təbliğatında İsa ölümündən sonra yenidən dirilən, günahları silən Tanrının oğlu kimi təqdim edildi.

Paulusun fəaliyyətində diqqəti çəkən başqa bir maraqlı məqam isə onun yəhudi qanununa əməl edilməsini vacib hesab etməməsi idi. Məhz bu cür yeniliklərin dinə gətirilməsinə görə Paulusla yəhudi isavilər (İsanın yəhudi ardıcılları) arasında ixtilaflar baş vermişdi. Amma başqa tərəfdən, bütpərəst romalılar ilahiləşdirilmiş və ölümündən sonra dirilmiş İsa ideyasını daha yaxşı mənimsədilər. Çünki romalılar arasında buna oxşar inanclar geniş yayılmışdı. Onlar qədim zamanlardan ölən və dirilən, oğullu-qızlı tanrılara inanırdılar.

Roma imperiyasının çeşidli bölgələrində İsanın ilk ardıcılları yığıncaqlarını keçirir və özləri bütpərəstliyə qarşı etiraz səslərini ucaldırdılar. İsanı onlar Xristos adlandırırdılar. Bu söz isə yəhudilərin "Maşiax" (Məsih) sözünün yunancaya tərcüməsidir.

Sonralar ilk yəhudi xristianlar bir neçə təriqətə parçalandılar. İsraildə qədim yəhudi qanununa riayət edən və eyni zamanda İsanı peyğəmbər kimi qəbul edənlər nəsranilər (nazorei) kimi tanınırdılar. Belə ki, onlar İsanı Tanrı kimi deyil, peyğəmbər kimi qəbul edir, Paulusu isə İsa təlimini təhrif edən bir adam kimi təqdim edirdilər. Sözügedən ilk isavi qrupları bir tərəfdən yəhudi qanun və ənənəsinə sadiq idilər, digər tərəfdən isə, İsanı məsih kimi qəbul etmişdilər. Buna görə elmi ədəbiyyatda onlara yəhudi xristianları deyirlər.

Başqa bir təriqət ardıcıllarını isə ebionitlər adlandırırdılar. Onlardan bəziləri İsanı ata və anadan doğulmuş bir insan kimi qəbul edirdilər. Başqaları isə hesab edirdilər ki, İsa müqəddəs ruhun Məryəm (İsanın anası) ilə birləşməsindən anadan olmuşdur. Belə ki, onlar da İsanın əzəldən mövcud olmasını, Paulusun İsa haqqında olan baxışlarını qəbul etmirdilər.

Bütün bu təriqətlər xristianlığın tarixində uzun müddət yaşaya bilməyib, tədricən aradan çıxmışdır. Sonralar onları hətta qanundan kənar hesab edirdilər. Bunlardan fərqli olaraq, Paulus tərəfindən əsası qoyulmuş dini dünyagörüşü isə Romada tədricən yayıldı və bu gün də müasir xristian təliminin əsasını təşkil edir.

Roma imperiyasında xristianlıq əvvəlcə kölələr, yoxsullar arasında yayılırdı. Dözülməz durumda yaşayan bu adamlar xristianlıqda nicat yolunu tapır, bu ideya onlara mənəvi qida verirdi.

Sonra xristianlığı tədricən varlı zümrələrin nümayəndələri də qəbul etməyə başladılar. Məsələ bundadır ki, Roma imperiyasında ənənəvi yayılmış bütpərəst inanclar artıq cəmiyyətdə öz təsir gücünü itirmişdi. Onlar Roma imperiyasında hökm sürən ədalətsizliyin rəmzinə çevrilmişdi. Buna görə də imperiyada çeşidli qeyri-ənənəvi dinlər yayılmışdı. Onların arasında Misir tanrıları İsis və Osiris, İran tanrısı Mitranın kultlarını xüsusilə qeyd etmək lazımdır. Belə ki, bir vaxtlar onlar xristianlıqla ciddi rəqabət aparır, hətta bəzi tədqiqatçılara görə, məsələn, mitraizmin bəzi inancları sonralar xristianlığa da daxil olmuşdur. Belə ki, məsələn, ölən və dirilən tanrı ideyası mitraizmin əsaslarından biri idi. Lakin sonda xristianlıq bu rəqabətdən qalib çıxa bilmişdir.

Romada geniş xalq kütlələri tərəfindən xristianlığın qəbul edilməsi prosesi kilsənin və keşiş zümrəsi olan klerosun (yepiskoplar, arxiyepiskoplar və s.) yaranması ilə nəticələndi. Getdikcə bu dində təşkilatlanma prosesi gücləndi və onun strukturları imperiyanın ictimai-siyasi həyatında aparıcı rol oynamağa başladı.

Roma imperatoru Konstantinin (306-337) hakimiyyəti zamanı isə kilsələrin dövlət maraqlarına qulluq etməsi məqsədilə xristianlıq rəsmi dövlət dini elan edildi. Bu dövrdən etibarən xristianlar açıq iclaslar, yığıncaqlar keçirməyə, məbədlər tikməyə başladılar. Bütün bütpərəst məbədləri isə bağlanıldı. 451-ci ildə isə Kalkedon Ekumenik Kilsə Məclisi son olaraq Romanın həm qərbində, həm də şərqində xristianlığı rəsmi dövlət dini kimi təsdiq etdi.

Beləliklə, Romadan Avropaya, daha sonralar isə bütün dünyada yayılmağa başlayan xristianlıq bəşəriyyətin formalaşmasında mühüm rol oynayaraq, müxtəlif dövrlərdə baş verən hadisələrin axarını dəyişdirməklə tarixin gedişatına təsir etdi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".