DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ALMANİYADA DÖVLƏT ÇEVRİLİŞİNƏ HAZIRLAŞAN QRUPUN ÜZVLƏRİ HƏBS OLUNUB

Almaniyanın 11 əyalətində 130 nöqtədə 3 min polisin iştirakı ilə keçirilən əməliyyat nəticə verib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Almaniya Federal Prokurorluğundan məlumat verilib. Bildirilir ki, Almaniyada dövlət çevrilişi etməyə hazırlaşan qrupun 52 üzvü saxlanılıb.

Saxlanılan şəxslər Almaniya Federativ Respublikasının konstitusiya quruluşunu devirmək və 1871-ci il Almaniya İmperiyasından nümunə götürülmüş dövlət qurmaq məqsədilə terror təşkilatı yaratmaqda ittiham edilirlər.

Məlumata əsasən, saxlanılanlar arasında keçmiş hərbçilər də var. İddia olunur ki, həbs qərarı verilən şəxslər tərəfindən Almaniya Bundestaqına basqın etmək planlaşdırılıb.

Saxlanılanlar arasında uzun müddətdir alman polisinin diqqət mərkəzində olan ekstremist “Reichsbürger” hərəkatının üzvlərinin də olduğu bildirilir.

Qeyd edək ki, “Reichsbürger” üzvləri müasir Almaniya dövlətini tanımaqdan imtina edir, hətta vergi ödəmirlər. Bu səbəbdən də onlarla bağlı hazırda minlərlə məhkəmə işi var.

 

TÜRKİYƏNİN YENİ SİLAHI YUNANISTANDA TƏŞVİŞ YARATDI

Bugünlərdə Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma”nın sınaq uçuşu həyata keçirilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Türkiyədəki bu gəlişmə Yunanıstanı ciddi təşvişə salıb. “Kızılelma”nın adından narahat olan yunan mətbuatı hökumətə belə bir sual ünvanlayıb: “Bunun öhdəsindən necə gələcəyik?”.

“Pentapostagma” qəzeti bildirir ki, sözügedən pilotsuz təyyarə döyüş təyyarələri ilə müqayisə oluna biləcək xüsusiyyətlərlə hazırlanıb. “Kızılelma”nın sürətli, görünməz olması və həmçinin AESA radarı daşıyacağı üçün güclü xüsusiyyətlərə malik olmasına diqqət çəkilir.

Eyni zamanda, qəzet Yunanıstanın təcili anti-dron sistemi daşıyan donanma və ya döyüş qüvvəsi yaratmasının lazım olduğunu bildirir.

Məqalədə adaların Türkiyəyə yaxın olmasının “Kızılelma”nı daha təhlükəli hala gətirdiyi vurğulanır. Bu səbəbdən Yunanıstanın operativ reaksiya imkanlarının da azaldığı qeyd olunur. Nəşr hətta “Kızılelma”nın adının belə Yunanıstana bəs etdiyini diqqətə çatdırıb.

 

AVROPANI ELEKTRİK böhranından CƏmi BİR NEÇƏ 0C AYIRIR

Enerji qiymətləri son dərəcə yüksək olaraq qalan Avropanı elektrik kəsintilərindən sadəcə bir neçə 0C (selsi dərəcə) və ya bir neçə küləksiz gün ayırır. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “Bloomberg” nəşrinin köşə yazarı Xavyer Blas bildirib.

Verilən xəbərə görə, ekspertlər temperaturun aşağı olması səbəbindən elektrik enerjisinə yüksək tələbatın olduğu dövrü Avropa üçün qorxulu ssenari hesab edirlər.

Xavyer Blasın sözlərinə görə, bəzi meteoroloqlar havaların soyumasının bu və ya gələn həftə baş vermə ehtimalının yüksək olduğu qənaətindədirlər. Bu isə elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. Şərhçi əlavə edib ki, əsas problem həm də qışın yeni başlamasındadır.

Bir müddət öncə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində enerji böhranı fonunda fövqəladə vəziyyətin tətbiq edildiyi bildirilib. Regional administrasiya enerji böhranı ilə mübarizə üçün 5 milyard avro məbləğində yeni borc öhdəlikləri götürməyi planlaşdırır, lakin büdcəyə daxil olduğundan daha çox pul xərclənməsinə qadağa qoyulduğu üçün bu, mümkün deyil.

 

ARGENTİNANIN VISTE-PREZIDENTI 6 IL HƏBS CƏZASINA MƏHKUM EDİLİB

Məhkəmə Argentinanın  vitse-prezidenti Kristina Fernandes de Kirşneri korrupsiya işi üzrə təqsirli bilib. “Report” agentliyinin verdiyi xəbərə görə, müvafiq qərarı ölkənin İkinci Federal Məhkəməsi verib.

Bildirilir ki, siyasətçi 6 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, dövlət qulluğunda işləmək hüququndan ömürlük məhrum edilib.

Bununla yanaşı, qeyd edilir ki, sözügedən qərar dərhal qüvvəyə minməyib, çünki Fernandes de Kirşnerin toxunulmazlığı var və hökmdən apellyasiya şikayəti verə bilər.

Xatırladaq ki, 69 yaşlı Kristina Elisabet Fernandes de Kirşner 2019-cu ilin dekabrın 10-dan vitse-prezident vəzifəsindədir. Onun toxunulmazlıq hüququ 2023-cü ilin dekabrın 10-da yekunlaşacaq.

 

FRANSa NƏŞRİ ƏRDOĞANIN UĞURLU DİPLOMATİYASINA DAİR TƏHLİL DƏRC EDİB

Fransanın “Le Monde” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uğurlu diplomatiyasına dair təhlil dərc edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, fransız nəşri Türkiyə liderinin Qərb dövlətləri ilə Rusiya və müharibənin tərəfləri olan Rusiya ilə Ukrayna arasında apardığı uğurlu balans siyasətinə diqqət çəkib.

Eyni zamanda, prezident Ərdoğanın böhranları fürsətə çevirməkdə məharətli olduğu vurğulanan məqalədə onun ən təhlükəli və çətin mövzuları təcrübəli diplomatların qısqanclığına səbəb olacaq bir rahatlıqla həll etdiyi bildirilib.

“Özünəinamlı Türkiyə prezidenti alt-üst olmuş dünyanın natamamlıqlarına dalmağı bacarır”, - deyə “Le Monde” qəzeti qeyd edib. Nəşrin açıqlamasına görə, hətta Ərdoğana qarşı çıxanlar belə bu mövzularda onunla həmfikir olduqlarını bildirirlər.

Bununla yanaşı, məqalədə Ərdoğanın ABŞ-ın keçmiş üç prezidenti - demokrat Corc Buşu, özünü “İslam dünyasına açılan pəncərə” kimi görən Barak Obama və iş adamı Donald Trampı “öz xəttinə çəkdiyi” vurğulanıb.

 

İRANDA HİCABSIZ QADINLARLA BAĞLI TƏKLİF IRƏLI SÜRÜLÜB

İranda hicab taxmayan qadınların bank hesablarının dondurulması təklif edilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə İranın “Donya-e-Eqtesad” qəzeti İran parlamentinin deputatı və İran İslam Şurasının Mədəniyyət üzrə Komissiyasının üzvü Hüseyn Cəlalinin bəyanatına istinadən məlumat yayıb.

Parlamentari əmindir ki, belə bir tədbir ölkədə etirazların dayandırılmasına kömək edəcək və iranlı qadınlar düzgün hicab taxmağa başlayacaqlar.

Eyni zamanda, Hüseyn Cəlali hesab edir ki, hicab taxmaq qaydalarının pozulması halında həbslərə əl atmağa ehtiyac yoxdur. Deputat qanunu pozanlara yazılı xəbərdarlıq edilməsini, təkrar pozuntu halında isə artıq onların bank hesablarının bloklanmasını təklif edib.

Qeyd edək ki, bir neçə gün öncə İran hakimiyyəti ölkədə əxlaq polisini ləğv edib. Qərar ölkədə iki aydan çox davam edən etiraz aksiyalarından sonra qəbul edilib. İran parlamenti hicabın məcburi taxılması məsələsini araşdıracaq ayrıca mədəniyyət şurası yaradıb.

 

ÇİN HÖKUMƏTİ etirazlar FONUNDA ANTİKOVİD SİYASƏTİNİ YUMŞALDIB

Koronavirusa qarşı həddindən artıq sərt tədbirlər nəticəsində yaranan kəskin ictimai narazılıq fonunda Çin hakimiyyəti onu optimallaşdırmaq üçün əlavə tədbirlər barədə qərar qəbul edib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Bura ayrı-seçkilik olmadan universal PCR testinin ləğvi, xəstəliyin asemptomatik və yüngül gedişində ev təcridində qalma imkanı, qızdırma əleyhinə dərmanların onlayn və oflayn alışına qoyulan məhdudiyyətlərin ləğvi və yaşlı insanların peyvəndlənməsinin sürətləndirilməsi daxildir.

Məlumata əsasən, Çində anti-epidemioloji nəzarətin dünyada ən sərt tədbirlərdən biri olaraq qalmasına baxmayaraq, ölkədə epidemioloji vəziyyət yenidən pisləşib. Çoxsaylı yoluxmalar səbəbindən ölkənin bir çox şəhərlərində bütün ərazilər karantinə alınıb və onların sakinləri mütəmadi olaraq PCR testindən keçməli olublar.

Bunun fonunda, Çinin bir sıra böyük şəhərlərində sərt antikovid məhdudiyyətlərinə qarşı etirazlar keçirilib. Nümayişçilər lokdaunların dərhal ləğv edilməsini və müntəzəm PCR testinin dayandırılmasını, həmçinin, antiepidemioloji tədbirlərin yumşaldılması siyasətinin həyata keçirilməsini tələb ediblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.