VƏTƏN OĞLU
Sosial həyat

VƏTƏN OĞLU

2020-ci il sentyabr ayının 27-də Vətən torpaqlarının düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib şəhidlik zirvəsinə yüksələn oğullarımız xalqımız tərəfindən heç zaman unudulmur və unudulmayacaqlar. Çünki onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə cəmi 44 günə Qarabağımızı, 30 ilə yaxın işğal altında qalmış bütün ərazilərimizi azad etdilər, öz şərəfli adlarını şanlı tariximizə qızıl hərflərlə yazdılar.

Belə qəhrəman, şəhid Vətən oğullarından biri də Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn Rinq" yarışmalarında iştirak etmişdir. 2012-ci ildə Universiteti Qırmızı Diplomla başa vurmuşdur. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində Magistr təhsili alıb.

2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2016-cı ilin fevral ayından etibarən hərbi xidmətə başlayıb. 2016-cı ilin iyun ayından etibarən Goranboy rayonu Yuxarı Ağcakənd kəndində "N" saylı hərbi hissədə leytenant kimi xidmətə başlayıb. Xidməti ərzində dəfələrlə Fəxri fərman və təşəkkürnamələr alıb. 2018-ci ilin dekabr ayında Tərtər rayonu "N" saylı hərbi hissəyə köçürülüb. Nümunəvi xidmətinə görə daima kollektiv içində seçilib. 2020-ci ilin iyun ayında baş leytenant rütbəsini alıb. Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxartmışdır. 7 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub.

İlkinin atası oğlunun qəhrəmanlığından danışaraq qeyd edir ki, 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbədə Azərbaycanın qəhrəman, igid oğulları ilə bərabər, İlkinin də payının olması ilə qürurlanır və fəxarət hissi keçirir. Anası Fatimə oğlunun daim onlara iftixar və başucalığı gətirdiyini deyir: “Qələbədə tarix yazanlardan biri də 28 yaşlı övladımdır. Uşaq vaxtından İlkinlə fəxr etmişəm. İstər məktəb, istərsə də universitetə ali təhsil aldığı dövrlərdə həmişə öz tərbiyəsi, təhsili, vətənpərvərliyi və digər müsbət cəhətləri ilə daim bizə başucalığı gətirib, ölümü ilə də bizi qürurlandırdı. Qəhrəman döyüşçü İlkin Məmmədzadə haqqında xatirələrini bölüşən Əli Səttərov danışır ki, İlkin sülh dövründə də tabeçiliyində olan əsgər yoldaşlarına böyük hörmətlə yanaşır, onların hamısına qayğı göstərirdi. Mən onunla 2019-cu ildən bir yerdə xidmət aparmışam. Xidmət vaxtı əsgər və zabitlərə İlkindən nümunə götürmələrini tövsiyə edirdim. Sentyabrın 29-dan onunla birgə Vətən torpaqlarının işğaldan azad olunması uğrunda gedən qızğın döyüşlərə qatıldıq. O, bu döyüşlərdə çox qəhrəmanlıq və igidlik göstərdi. Onun şəhid olması döyüş yoldaşları və mənə çox ağır təsir göstərdi.

İlkin Məmmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 15-də imzaladığı Sərəncamla ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

8 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Onun yaşadığı evin qarşısında xatirəsinə həsr olunan bulaq istifadəyə verilib.

Əli SADIQOV,

“Respublika”.