BÖLGƏ XƏBƏRLƏRİ
Region

BÖLGƏ XƏBƏRLƏRİ

Ağdam

Rayonda vətəndaşların qəbulu, əhali ilə görüşlərin keçirilməsi, onları narahat edən problemlərin yerində öyrənilməsi və həll edilməsi yerli icra hakimiyyətinin fəaliyyətində əsas yerlərdən birini tutur. 

Kəndlərdə və keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbələrdə keçirilən görüşlər əhali tərəfindən razılıqla qarşılanır, narahatlıq doğuran məsələlər həll edilir, sakinlərin arzu və təklifləri dinlənilir. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  rayonun İkinci Baharlı qəsəbəsində keçirilən görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev respublikanın hər bir regionunun,  hər bir rayonunun və kəndinin problemlərini diqqət mərkəzində saxlamağı tövsiyə edir,  qarşıda duran vəzifələri diqqətə çatdırır.

Görüşdə vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi yerində həll edilib,  digər vacib məsələlərin həlli üçün aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilərək həlli prosesi nəzarətə götürülüb.

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

***

Rayon ərazisində avtomobil yollarının yenidən qurulması, əsaslı təmir edilməsi ardıcıllıqla həyata keçirilir.  Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına,  həm də iqtisadiyyatın,  kənd təsərrüfatının inkişafına xidmət edir. 

 

Rayonun Xındırıstan-Üçoğlan-Səfərli avtomobil yolundan Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ballar kəndinə gedən 1,5 km hissəsində təmir işləri zamanı yol yatağı genişləndirilib,  qum-çınqıl qarışığı ilə hamarlanıb və asfalt örtük salınır. Son tamamlama işləri ilə yerində tanış olan icra hakimiyyətinin başçısı kənd sakinləri ilə görüşüb və onların rahatlığı üçün yaradılan şəraitin dövlətimiz tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb.

***

Rayon icra hakimiyyətində Alpaqut Türk Turan Döyüş Sənəti üzrə Türkiyə Respublikasının Bursa şəhərində keçirilən III dünya çempionatında iştirak edərək yüksək nəticələr əldə edən bir qrup ağdamlı idmançı ilə görüş keçirilib.

İcra hakimiyyətinin başçısı Vaqif Həsənov ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından danışaraq bildirib ki, ağdamlı idmançılar onlara göstərilən qayğıya yüksək nəticələr əldə etməklə cavab verirlər. Sonra rayon rəhbəri yüksək nəticə əldə etdiklərinə görə idmançıları təbrik edib,  onlara idman həyatında uğurlar arzulayıb. İdmançılar Fəxri fərmanla təltif ediliblər. Səmimi qəbula və onlara göstərilən diqqətə görə idmançılar Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xocavənd

Rayon mədəniyyət evində Şuşa ilinə həsr olunmuş "Mədəniyyətimizin paytaxtı Şuşa" adlı tədbir keçirilib.

Tədbirdə torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda şəhid olan igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra "Şuşa ili"nə həsr olunmuş əl işləri və rəsmlərdən,  eyni zamanda Zəfərlə bağlı kitablardan ibarət sərgiyə baxış keçirilib. Xocavəndli məktəblilərin və yeniyetmələrin rəsm əsərləri Vətən müharibəsində qazanılan şanlı Qələbəni, əsgər və zabitlərimizin şücaətini dolğun əks etdirir. Rayon ictimaiyyətinin nümayəndələri sərgini maraqla izləyiblər. 

Sonra  rayon mədəniyyət evi və musiqi məktəbi kollektivlərinin hazırladığı konsert proqramında, Salakətin kənd tam orta məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

S.BABAYEV,

"Respublika".