Yolların keyfiyyətinə görə Azərbaycan öncül ölkələr sırasındadır
Region

Yolların keyfiyyətinə görə Azərbaycan öncül ölkələr sırasındadır

Hacıqabul rayonunun Padar kəndindən Şamaxıya yol uzanır. Bu yolun ətrafında bir neçə kənd var. İllər öncə yollar bərbad vəziyyətdə, yolətrafı kəndlər acınacaqlı gündə idi. Kəndlər boşalırdı. Əhali ev-eşiyini qoyub daha abad məkanlara üz tuturdu. Bir qədər sonra Padardan Şamaxıya geniş, rahat asfalt yol çəkildi. Yolun çəkilməyi ilə qısa müddət ərzində kənddə həyat canlandı. Yeni, yaraşıqlı evlər tikildi, gedənlər geri qayıtdılar, hələ başqa yerlərdən də bura köçənlər oldu. İndi bu kəndlər sadəcə olaraq ölkənin abad kəndləri hesab olunurlar.

Biz çox vaxt yaşadığımız günlərin, rastlaşdığımız hadisələrin fərqinə varmırıq. Sanki həyat elə belə davam eləməli, gördüyümüz, şahidi olduğumuz əhvalatlar bizdə heç bir hiss-ovqat yaratmamalıdır. Məsələn, səfərə çıxdığımız yolların keyfiyyəti, rahatlığı, müasirliyi həmişəmi diqqət çəkir?

Cəmi iki il bundan əvvəl doğulduğum Masallı rayonundakı kəndə gedə bilmirdim. Dəvət aldığım xeyir-şər məclislərində belə demək mümkünsə, səhhətimlə, vacib işlərimlə çətinliklər olduğunu deyib, iştirakdan boyun qaçırırdım. Yollar, sözün əsl mənasında, bərbad vəziyyətdə idi. Bir az konkret təsəvvür yaratmağa çalışaq. Şirvan şəhərindən Salyana 40 kilometrlik yolu ümumiyyətlə, getmək mümkün deyildi. Şirvandan Salyana getmək üçün Şirvan-Ələt istiqamətinə maşın sürməli, oradan Bakı-Astara yoluna çıxmalı idin. Bu yolun özü də normal sürət üçün əlverişli hesab olunmurdu. Beləliklə, Şirvandan doğulduğum kəndə getmək üçün 200 kilometrdən çox məsafə, 3 saata yaxın vaxt sərf etmək məcburiyyətində qalırdım. İndisə tamam ayrı mənzərədir. İki zolaqlı, tam müasir Bakı-Astara magistralı ilə cəmisi 120 kilometrlik yolu bir saat 20 dəqiqədən də az vaxta başa vururuq.

Biz Qarabağa çəkilən geniş, abad yolların açılış lentini kəsən, təkcə Qarabağda yox, ölkənin hər yerində yeni yolların tikintisinə imzaladığı sərəncama görə ölkə başçısına daima minnətdarlıq duyğularımızı bildiririk. Bəzi faktları xatırlamaq yerinə düşər.

Bəli, Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında lider ölkədir. Bu günlərdə Dünya İqtisadi Forumu özünün növbəti "Qlobal Rəqabətlilik Hesabatı"nı yayıb. Dünya İqtisadi Forumunun yeni dərc olunan "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən, Azərbaycan yolların keyfiyyəti indeksi üzrə 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olub. Bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə daha iki pillə yüksəlib.

Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə 34-cü pilləyə yüksəlməklə belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin nəticəsində mümkün olub. Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan yolların keyfiyyəti indeksi üzrə bir sıra Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.

2018-ci ildə yolların keyfiyyətinə görə postsovet məkanında lider mövqedə olmaqla Azərbaycan Gürcüstanı 46 pillə, Rusiyanı 70 pillə, Qazaxıstanı 72 pillə, Ukraynanı isə 89 pillə qabaqlayıb. "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən dünyada yolların keyfiyyəti indeksinə görə ilk beşlikdə Sinqapur, İsveçrə, Niderland, Honkonq və Portuqaliya qərarlaşıb.

Builki hesabata əsasən yolların keyfiyyəti indeksi üzrə Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar.

Qeyd edək ki, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən yol infrastrukturu dövlət başçısının daim diqqət mərkəzində olmaqla, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisi, habelə istər paytaxt Bakıda, istərsə də bölgələrdə müasir yolların salınması, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, regionların sosial-iqtisadi inkişafına xidmət göstərir.

Öz növbəsində respublikanın getdikcə artan iqtisadi potensialından səmərəli istifadə etməklə məqsədyönlü şəkildə reallaşdırılan infrastruktur quruculuğu siyasəti öz müsbət nəticələrini verir. Son 15 ildə ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə böyükhəcmli investisiyalar hesabına ardıcıl şəkildə həyata keçirilən layihələr Azərbaycanın simasını tamam dəyişib. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyada qabaqcıl yerlərdən birini tutur. Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksək səviyyəli infrastruktur quruculuğu prosesini, həmçinin, bütün respublika üzrə avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür.

Tofiq HÜSEYN,

"Respublika".