YUBİLEY SEVİNCLƏRİ
Region

YUBİLEY SEVİNCLƏRİ

Lənkəran Dövlət Universiteti çağdaş tariximizin mürəkkəb, ziddiyyətli və şərəfli dövründə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli sərəncamı ilə ilk dövlət statuslu ali məktəb kimi fəaliyyətini davam etdirmişdir.

İlk addımlarını Azərbaycanın müstəqilliyi dövründə təhsil sistemi ilə birgə atan universitet 30 illik şərəfli tarixi yol keçərək elm və təhsilin, milli mədəniyyətimizin inkişafında mühüm xidmətlər göstərib. Yarandığı vaxt universitetdə 3 fakültə, 11 kafedra fəaliyyət göstərir, 12 ixtisas üzrə 218 tələbə təhsil alırdı. Təhsil ocağında cəmi 50 nəfər müəllim çalışırdı.

Ölkəmizdə təhsilin, elmin inkişafına göstərilən yüksək dövlət qayğısı sayəsində bu nümunəvi, qabaqcıl təhsil ocağı bir çox ilklərə, uğurlara imza atıb. Hazırda universitetdə 5 fakültə, 13 kafedra fəaliyyət göstərir, 5400 nəfər tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır.

Bu günlərdə universitetin kollektivi 30 illik yubileyini elm və təhsil sahəsində qazandığı yüksək nailiyyətlərlə qeyd edib. Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirinin iştirakçıları əvvəl Lənkəran şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi önünə gül dəstələri düzüb əziz xatirəsini böyük ehtiramla anıblar. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ölkəmizin Dövlət Himni səsləndirilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov yubiley tədbirini açaraq universitetin 30 ildə keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, kollektiv ümummilli lider Heydər Əliyevin "Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir" müdrik kəlamını əməli fəaliyyəti ilə doğrultmağa, kadr hazırlığının keyfiyyətini yüksəltməyə çalışır.

Elm və təhsil naziri Emin Əmrullayev LDU kollektivini yubiley münasibətilə təbrik edib, universitetdə görülən işləri yüksək dəyərləndirib. Regionlarda ali təhsil müəssisələrinin kontigentinin artırılmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, həm də regionlarda təhsilin inkişafı, təhsilin əlçatanlığının təmini deməkdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov LDU-nun rayonun, bölgənin elmi-mədəni həyatında mühüm rol oynadığını, Lənkəranın mədəni inkişafına dəyərli töhfələr verdiyini bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubiley mərasimində çıxış edərək kollektivə səmimi arzularını çatdırıb, universitetin rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.

Mərasimdə LDU-nun keçdiyi 30 illik şərəfli yolu əks etdirən videoçarx maraqla izlənilib. Tələbələrin ifasında mahnılar səslənib.

Əlisəfa HƏSƏNOV,

 "Respublika".