DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-IN NÜMAYƏNDƏLƏR PALATASINA YENİ SƏDR SEÇİLİB

ABŞ-ın Kaliforniya ştatından olan respublikaçı Kevin Makkarti Nümayəndələr Palatasının sədri seçilib. “Trend” agentliyinin verdiyi xəbərə görə, o, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının qarşısını almaq üçün təxribat xarakterli hərəkətləri ilə tanınan demokrat, ermənipərəst Nensi Pelosini əvəz edəcək.

Məlumata əsasən, ABŞ Konqresinin Nümayəndələr Palatasının 118-ci çağırışına dörd gündür yeni sədr seçilə bilmirdi. Nəhayət K.Makkarti 15-ci cəhddə 216 səs toplayaraq bu posta yiyələnməyə nail olub.

Nümayəndələr Palatasının spikeri ABŞ-ın dövlət iyerarxiyasında üçüncü mühüm vəzifə sayılır. Kevin Makkartinin hələ yanvarın 5-də bu vəzifəni tutacağı gözlənilirdi, lakin bir neçə partiyadaşının mövqeyinə görə o, lazımi qədər səs toplaya bilmirdi. Ən əsası Kevin Makkarti Azərbaycan, Türkiyə və Ermənistana münasibətdə nisbi neytrallığı və mötədilliyi ilə seçilir. Qeyd edək ki, Makkarti ABŞ-dakı erməni icması arasında o qədər də populyar deyil, bunu ABŞ-dakı ermənilərin ən böyük və nüfuzlu təşkilatı olan Amerika Erməni Milli Komitəsinin saytında onun aşağı reytinqi sübut edir.

 

İRANDA DAHA İKİ ETİRAZÇI EDAM EDİLİB

İranda yanvarın 7-də daha iki etirazçı barədə çıxarılan edam hökmü icra olunub. “Report”un xəbərinə görə, bu barədə məlumatı “Mehr” agentliyi yayıb. Bildirilir ki, Məhəmməd Mehdi Kərimi və Seyid Məhəmməd Hüseyni etiraz aksiyalarını yatıran BƏSİC üzvü Ruhullah Əcəminin qətlində təqsirli biliniblər. Bu iki etirazçı barədə edam hökmü yanvarın 3-də çıxarılıb. Qeyd edək ki, ötən ilin dekabrında etiraz aksiyasının iştirakçıları Məcidreza Rəhnavard və Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü də icra olunub. Yanvarın 6-da isə daha 4 nəfər barəsində edam hökmü verilib. Onlar “Allaha düşmənçilik” və rejimə qarşı qiyamda təqsirli biliniblər.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də başlayıb. İndiyədək 20 minə yaxın etirazçı həbs olunub, 68-i yeniyetmə olmaqla 500-dən çox aksiyaçı etiraz tədbirlərində rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib.

 

VAHİT KİRİŞÇİ: TAXIL SAZİŞİ SAYƏSİNDƏ BUĞDANIN QİYMƏTİ 320 DOLLARA ENİB

Taxıl sazişinin reallaşması nəticəsində buğdanın qiyməti bir ton üçün 440 dollardan 320 dollara enib. “Trend”in məlumatına görə, bunu Türkiyənin kənd təsərrüfatı naziri Vahit Kirişçi bildirib. Nazirin sözlərinə əsasən, yanvarın 5-dək taxıl dəhlizi vasitəsilə 626 gəmi ilə 16,8 milyon ton kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl ixrac edilib. Əgər Ukraynada müharibə başlayan ilk vaxtlarda bir ton buğdanın qiyməti 440 dollar idisə, hazırda 320 dollar civarındadır.

Eyni zamanda, türkiyəli nazir vurğulayıb ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının 54 faizi Avropa, 28 faizi Asiya, 12 faizi Afrika, 6 faizi isə Yaxın Şərq ölkələrinə çatdırılıb.

Ukraynadan taxıl ixracına dair müqavilə ötən il iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən imzalanıb.

 

MƏŞHUR NARKOBARONUN OĞLUNUN SAXLANILMASI ZAMANI 29 NƏFƏR ÖLÜB

Meksikanın Sinaloa ştatında hüquq-mühafizə orqanlarının “Sinaloa” narkokartelinin keçmiş lideri, “El Çapo” ləqəbli Xoakin Qusmanın oğlu Ovidio Qusman Lopesin saxlanılması üzrə keçirdiyi genişmiqyaslı əməliyyat zamanı azı 29 nəfər həlak olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Meksikanın müdafiə naziri Luis Kresensio Sandoval mətbuat konfransında bildirib.

“Hakimiyyət orqanlarının hesablamalarına görə, 19 qanun pozucusu ölüb, 10 hərbçi isə xidməti borcunu yerinə yetirərkən həyatını qurban verib”, - deyə müdafiə naziri əlavə edib. Onun sözlərinə görə, həmçinin 35 hərbçi yaralanıb.

Rəsmi məlumatlara əsasən, təhlükəsizlik qüvvələrinə hücumda şübhəli bilinən 21 nəfər saxlanılıb. Cinayətkarlardan onlarca odlu silah, o cümlədən iriçaplı tüfənglər götürülüb. Verilən xəbərə görə, narkobaronun oğlunun saxlanması Sinaloanın paytaxtı Kulyakanda vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb olub, küçələrdə atışma baş verib, bir neçə rayonda yollar yanan maşınlarla bağlanıb. Hazırda şəhərdə vəziyyət hakimiyyətin nəzarəti altındadır, qarşıdurmaların nəticələri aradan qaldırılır.

 

TÜRKMƏNİSTAN VƏ ÇİN ARASINDA RAZILAŞMA

Pekində keçirilən danışıqların yekunları üzrə Çin Xalq Respublikasının sədri Si Cinpin və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun imzaladığı birgə bəyanata əsasən, Türkmənistan və Çin qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafının intensivləşdirilməsi barədə razılığa gəliblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkmənistan Dövlət Xəbər Agentliyi məlumat yayıb. Sənəddə tərəflər Türkmənistan və Çin arasında qaz sahəsində əməkdaşlığın vacibliyini qeyd edərək, bu sahədə hərtərəfli əməkdaşlıq sxeminin - hasilat, boru kəmərlərinin nəqli, ticarət, maliyyələşdirmə və texniki dəstək sxeminin formalaşdığını vurğulayıblar. Həmçinin sənəddə Türkmənistan və Çinin enerji sektorunda strateji tərəfdaş olduğu qeyd olunur.

“Tərəflər qarşılıqlı anlaşma, səmimiyyət, açıqlıq və qarşılıqlı fayda prinsiplərinə sadiq qalaraq, mövcud sazişləri daha da tam şəkildə həyata keçirəcək, qaz sahəsində əməkdaşlıq üzrə danışıqlar prosesini irəli aparacaq”, - deyə birgə bəyanatda qeyd olunur.

Məlumat üçün qeyd edək ki, təbii qaz ehtiyatlarına görə, Türkmənistan Rusiya, İran və Qətərlə birlikdə dünyanın ilk dörd ölkəsi sırasındadır və Çin bazarında boru kəməri təbii qazının satışında da liderdir. Öz növbəsində Çin Türkmənistan təbii qazının ən böyük alıcısıdır.

 

ALMANİYA HÖKUMƏTİ  2000 QAÇQIN UŞAĞIN İTKIN DÜŞDÜYÜNÜ AÇIQLAYIB

Almaniya hökuməti minlərlə qaçqın uşağın itkin düşməsi ilə bağlı faktı açıqlayıb. Bu barədə “Report” agentliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə görə, Almaniyada itkin düşən qaçqın uşaqların sayı 2000 nəfərdir və bu, son dövrlərin ən yüksək göstəricisidir.

Bildirilir ki, ölkədə itkin düşən qaçqın uşaqların sayı son üç ilin ən yüksək səviyyəsinə çatıb. Almaniyanın Uşaqlara Yardım Fondu, Federal Kriminal Polis İdarəsinin yaydığı məlumatlara görə, ölkə ərazisinə müşayiətsiz gələn qaçqın 2099 uşaq və yeniyetmədən xəbər yoxdur.

Eyni zamanda, bildirilir ki, ölkədə ötən ilin əvvəlindən itkin düşənlərin sayı 10 faiz artıb. İtkin düşən qaçqın uşaq və yeniyetmələrin 95 faizi 14-17 yaşlarındadır. Onların 90 faizdən çoxu oğlandır. Bununla yanaşı, yerli rəsmilərin açıqlamasına əsasən, itkin düşmüş qaçqın uşaqların sayının artması transsərhəd, milli uşaq müdafiə sistemləri və əlaqədar qeydiyyat sistemləri təkmilləşdirilməsinin vacibliyini göstərir. Yalnız bu çatışmazlıqlar müəyyən edildikdə uşaqların itmələrinin səbəbləri daha yaxşı dəqiqləşə bilər.

 

ALTSHEİMER XƏSTƏLƏYİNƏ QARŞI YENİ DƏRMANIN İSTİFADƏSİNƏ İCAZƏ VERİLİB

ABŞ Qida və Dərmanlara Sanitar Nəzarət İdarəsi Altsheimer xəstəliyinin müalicəsi üçün “Leqembi” dərman preparatının istifadəsi üçün sürətləndirilmiş icazə verib. “Trend” agentliyinin məlumatına görə, bu barədə idarənin rəsmi saytında bildirilib. “Bu müalicə üsulu yalnız xəstəliyin əlamətlərini dayandırmağa deyil, həm də onun əsas prosesi ilə mübarizə aparmağa yönəlmiş ən son terapiyadır”, - deyə açıqlamada qeyd olunub. Məlumat üçün qeyd edək ki, Yaponiyanın “Eisai” və ABŞ-ın “Biogen” şirkətləri tərəfindən birgə istehsal olunan “Leqembi” dərmanı əhalinin yüksək tələbatı və sübut edilmiş effektivliyi səbəbindən sürətləndirilmiş əsasda təsdiq edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.