Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ƏRDOĞAN VƏ BAYDENIN VILNÜS GÖRÜŞÜNÜN TƏFƏRRÜATLARI AÇIQLANIB

ABŞ prezidenti Cozef Bayden və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Vilnüsdə keçirilən görüşdə Ukrayna və İsveçin NATO-ya üzvlüyü məsələsi müzakirə olunub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.

“Dölvət başçıları qarşılıqlı maraq doğuran regional məsələləri, o cümlədən Ukraynaya davamlı dəstəyi və Egey dənizində sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər”, - deyə məlumatda vurğulanır.

Eyni zamanda, qeyd olunur ki, Bayden və Ərdoğan müdafiə və iqtisadi prioritetlər barədə də fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, iyulun 11-də NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin alyansa qoşulmaq üçün müraciətini ölkə parlamentində səsverməyə göndərməyə razılaşdığını açıqlamışdı.

 

ÇİN NATO KOMMUNİKESİNİ SƏRT TƏNQİD EDİB

Rəsmi Pekin NATO-nun kommunikesində Çinin alyansın maraqları və təhlükəsizliyinə meydan oxuması, həmçinin alyansın Asiya-Sakit okean regionunda genişlənməsinə qarşı çıxmasına dair fikirlərə sərt reaksiya verib. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, Çinin Avropadakı missiyasının bəyanatında Çinlə bağlı kommunikedə yer almış fikirlərin sadə faktlara məhəl qoymadığı, ölkənin mövqeyini və siyasətini təhrif etdiyi və onu qəsdən nüfuzdan salmağa çalışdığı qeyd edilib.

“Biz buna qəti şəkildə etiraz edir və rədd edirik”, - deyə Çinin bəyanatda vurğulanır.

Bununla yanaşı, missiyanın bəyanatında bildirilir ki, Çin NATO-nun şərqə doğru Asiya-Sakit okean regionuna yayılmasına qəti şəkildə qarşıdır və Pekin öz haqlarını təhdid edən istənilən fəaliyyətə qətiyyətli cavab verəcək.

“Çinin legitim hüquq və maraqlarını təhlükə altına qoyan istənilən hərəkətə qəti cavab veriləcək”, - deyə bəyanatda qeyd olunub.

 

TÜRKİYƏ İSVEÇİ DƏSTƏKLƏMƏKLƏ RUSİYADAN ÜZ DÖNDƏRMİR

Türkiyənin İsveçin NATO-ya üzvlük iddiasının ratifikasiyası prosesini sürətləndirmək qərarı Ankaranın Rusiyadan uzaqlaşaraq Qərbə üz tutması anlamına gəlmir. Bu barədə “Hürriyet” qəzeti alyansın Vilnüsdə keçirilən sammiti ilə bağlı şərhində yazıb.

Nəşrin qeyd etdiyinə əsasən, Türkiyə dünya və regional güc olaraq balanslaşdırılmış siyasət yürütməyə davam edəcək. “Bu müstəvidə o, Qərblə əlaqələri inkişaf etdirəcək və Rusiya rəhbərliyi ilə “şəffaf danışıqlar” aparacaq”, - deyə məqalədə vurğulanır.

Qəzetin yazdığına görə, Türkiyə hakimiyyəti İsveçin NATO-ya üzvlüyünü dəstəkləmək üçün şərt kimi rəsmi Ankaranın Avropa İttifaqına inteqrasiyası qarşısındakı maneələrin aradan qaldırılmasını irəli sürmək niyyəti barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib.

Xüsusilə də alyansın Vilnüs sammitindən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenə zəng edib. Qəzetin yazdığına görə, prezident Cozef Bayden bu qərardan bir qədər təəccüblənsə də, Türkiyənin siyasətini dəstəkləyəcəyini bəyan edib.

 

KONSTITUSIYA MƏHKƏMƏSI SARKİSYANIN CİNAYƏT İŞİNİ DAYANDIRMAQDAN İMTİNA EDİB

Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin keçmiş prezidenti Serj Sarkisyanın cinayət işi üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edib. “Report” agentliyinin xəbərinə görə, bunu Sarkisyanın vəkili Vaaqn Qriqoryan bildirib.

Eyni zamanda, məhkəmənin hakimi Karapet Badalyanın sözlərinə görə, müdafiəçinin vəsatəti əsassızdır və təmin edilməyib: “Bununla bağlı apellyasiya şikayəti verilə bilməz”.

Qeyd edək ki, Serj Sarkisyan və “Flash” şirkətinin sahibi, biznesmen Barseq Beqlaryana qarşı cinayət işi 2019-cu ilin sonunda açılıb. İstintaqın məlumatına görə, 2013-cü ildə ovaxtkı dövlət başçısı Serj Sarkisyan “Flash” şirkətinə himayədarlıq edib.

Şirkətin rəqibləri daha yüksək qiymət təklif etsələr də (təxminən bir milyon dollar), hökumətin dizel yanacağının tədarükü üçün tenderini “Flash” şirkəti udub. Beləliklə, dövlətə 1 milyon dollara yaxın ziyan dəyib.

Qeyd edilir ki, baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu məsələ araşdırılıb və cinayət işi açılıb. Serj Sarkisyan büdcə vəsaitlərini talamaqda ittiham olunur.

 

TÜRKİYƏ VƏ YUNANISTAN ARASINDA ƏLDƏ OLUNAN RAZILAŞMANIN DETALLARI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Miçotakis iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atılmasına dair razılığa gəliblər. “Report” agentliyinin verdiyi xəbərə əsasən, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilir ki, Ərdoğan və Miçotakis formalaşmış müsbət atmosferin hər iki ölkənin xeyrinə olduğunu vurğulayıblar.

Eyni zamanda, dövlət başçıları iki ölkə arasında rabitə kanallarının fəallaşdırılması barədə razılıq əldə ediblər. Həmçinin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının payızda Salonikidə keçirilməsi qərara alınıb. Proseslərə rəhbərlik etməklə bağlı xarici işlər nazirlərinə müvafiq tapşırıq verilib.

Bununla yanaşı, Ərdoğan və Miçotakis qarşılıqlı təmasların intensivləşməsi haqqında ortaq məxrəcə gəliblər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Kiriakos Miçotakis iyulun 12-də NATO-nun Vilnüsdə keçirilən sammiti ərəfəsində bir araya gəliblər.

 

RUSİYA SƏFİRİ İRAN XİN-ə ÇAĞIRILIB

Rusiya səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırılıb. “Trend” agentliyinin xəbərinə görə, İran XİN-in yaydığı məlumata əsasən, Rusiya və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məzmundan sonra Rusiya səfiri XİN-ə çağırılıb.

İran bəyanatın məzmununa etirazını bildirib. Görüşdə iştirak edən İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Körfəz Ölkələri İdarəsinin rəisi Əlirza Enayati Əbumusa, Böyük və Kiçik Tunb adalarının İrana əbədi mənsub olduğunu vurğulayıb və Rusiyanı bu məsələ ilə bağlı mövqeyini düzəltməyə çağırıb.

Eyni zamanda, səfir İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayaraq vəziyyəti ən qısa zamanda Moskvaya çatdıracağını bildirib.

Qeyd edək ki, son günlər İranda müxtəlif dairələr sözügedən bəyanatı Rusiyanın İrana “xəyanəti” kimi dəyərləndiriblər. Bu da İranın diplomatik səviyyədə etiraz etməsi ilə nəticələnib.

 

BÖYÜK BRİTANİYADAN UKRAYNAYA NÖVBƏTI HƏRBİ YARDIM

Böyük Britaniya hökuməti Ukraynaya daha bir yardım paketi ayırıb. Həmçinin, Böyük Britaniya və “G7”nin digər üzvləri Ukraynaya yeni hərbi dəstək tranşı verəcəklər. Bu barədə “Reuters” agentliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə əsasən, Böyük Britaniya hökuməti Ukraynada avadanlıqların təmiri və hərbi reabilitasiya mərkəzinin yaradılması üçün 65 milyon dollar ayırıb.

Eyni zamanda, yeni dəstək tranşının bir hissəsi olaraq Böyük Britaniya və “G7”nin digər üzvləri rəsmi Kiyevi minlərlə əlavə “Challenger 2” sursatı, 70-dən çox döyüş maşını və logistika vasitələri ilə təmin edəcəklər.

Məlumata görə, Böyük Britaniya hökuməti açıqlamasında bu proqramların NATO-nun Ukraynaya hərtərəfli yardım paketi vasitəsilə maliyyələşdiriləcəyini bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.