Erməni vəhşiliyinin növbəti sübutu
Siyasət

Erməni vəhşiliyinin növbəti sübutu

Kütləvi məzarlıqlar Ermənistanın torpaqlarımızda törətdiyi vəhşiliklərin sübutlarından biridir. Onlarla insanın kütləvi şəkildə basdırılması qəddarlığın son həddidir.

Baş Prokurorluq və Əsir və İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı birgə məlumatda qeyd olunub ki, aprelin 24-də Xocalı rayonunun Malıbəyli kəndində növbəti sümük fraqmentləri aşkar edilib. Aidiyyəti qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun peşəkar mütəxəssis heyəti əraziyə ezam ediliblər.

İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış "Məhəllə" adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub. Həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində məlum olub ki, aşkar edilən insan qalıqları ən azı səkkiz şəxsə (biri azyaşlı olmaqla) məxsusdur. Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək ondan çox, Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndində Şuşa rayonunun Daşaltı kəndində, Şuşa türməsinin ərazisində, Xocavənd rayonunun Edilli və Fərrux kəndində, şəhərin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında), Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanmışdır.

Göründüyü kimi bu, erməni barbarlığının nə ilk, nə də son nümunəsidir. Tarix boyu xalqımıza qarşı müxtəlif vəhşiliklər törədilib. Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı azərbaycanlılar ermənilər tərəfindən bir çox qeyri-insani davranışa məruz qalıb. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Hücum nəticəsində yüzlərlə azərbaycanlı mülki şəxs, o cümlədən qadınlar, uşaqlar və qocalar öldürülüb.

Qurbanların kütləvi şəkildə basdırılması ağlasığmaz vəhşiliyin təsdiqidir. Bir sıra beynəlxalq hüquqi sənədlər silahlı münaqişələr, soyqırımı zamanı kütləvi məzarlıqlar və ölənlərlə rəftarla bağlı aspektləri əhatə edir. Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları silahlı münaqişələr zamanı yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların müalicəsi, habelə mülki əhalinin və hərbi əsirlərin müdafiəsi qaydalarını müəyyən edir. Bu konvensiyalar həmçinin ölülərlə rəftarla, habelə qəbirlərin talan edilməsinin qarşısının alınması ilə bağlı müddəaları ehtiva edir. Konvensiyalardan biri də müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlıdır. Cenevrə konvensiyasının 18-ci maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır. Lakin təcavüzkar Ermənistan nəinki Birinci Qarabağ müharibəsi, hətta 44 günlük Vətən müharibəsində də bunlara əməl etməyib. Ölkənin hərbi-siyasi rəhbərliyi bütün beynəlxalq norma və prinsipləri pozaraq Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Onlar dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edib və mülki vətəndaşlara qarşı cinayətlər törədiblər.

Bu barbarlığın nəticələri qurbanlar və onların ailələri üçün çox ağırdır. Bu vəhşilikləri törədənlər cəzasız qalmamalıdır. İnsanlığın əsas prinsipi bütün fərdlərin ləyaqətini, dəyərini və hüquqlarını tanımaq, həmçinin onlara hörmət etmək ətrafında qurulub. Kütləvi məzarlıq kimi vəhşiliklər bəşəriyyətin ən ali prinsiplərinə və dəyərlərinə xəyanətdir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".