DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

FRANSA PREZİDENTİNƏ DAHA BİR AFRİKA ÖLKƏSİNDƏN ZƏRBƏ

Fransa prezidenti Emmanuel Makron Qərbi Afrikadan gələn xəbərlə sarsılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Parisdə şok effekti yaradan məlumat Burkina-Fasodan gəlib.

Bildirilir ki, Fransaya qarşı gərginliyin artdığı ölkədə 2018-ci ildə Parislə imzalanmış hərbi müqavilə ləğv edilib və Fransa hərbçilərinə ölkəni tərk etmələri üçün 1 ay vaxt verilib.

Məlumata əsasən, Burkina-Fasonun milli yayım şirkəti “RTB”nin dünyaya elan etdiyi xəbərdən sonra Fransanın reaksiyası gecikməyib. Emmanuel Makron məsələyə aydınlıq gətirilməli olduğunu vurğulayıb. Fransa lideri Burkina-Fasonun yeni liderinin açıqlamalarını gözlədiyini bəyan edib.

Qeyd edək ki, Traorenin sentyabrda hakimiyyəti ələ keçirməsindən sonra keçmiş Fransa müstəmləkəsi olan Burkina-Fasoda bu ölkə əleyhinə gərginliyin artdığına işarə edən “Assoşieyted Press” agentliyi son vəziyyətlə bağlı belə bir qiymətləndirmə edib: “Traore digər ölkələrlə, xüsusən də Rusiya ilə işləməyə daha açıqdır”.

Xatırladaq ki, Fransa ordusu Qərbi Afrika ölkəsi olan Mali ərazisini ötən il tərk edib.

 

YAPONİYA RUSİYA İLƏ SÜLH MÜQAVİLƏSİ BAĞLAMAQDA MARAQLIDIR

Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətə görə Tokio ilə rəsmi Moskva arasında münasibətlərin gərgin olmasına baxmayaraq, ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətini davam etdirir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida bildirib.

“Ukrayna ətrafındakı vəziyyətə görə Yaponiya-Rusiya münasibətlərində çətin vəziyyət yaranıb, lakin Yaponiya ərazi məsələsinin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətinə sadiq qalmağa davam edəcək”, - deyə baş nazir vurğulayıb.

Bir müddət öncə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvanın Tokiodan gələn hərbi təhdidlərin qarşısını alacağını bildirmişdi. Onun sözlərinə görə, Yaponiyanın ölkənin dinc inkişafından imtina etmək kursu Rusiya və Asiya-Sakit okean regionunun təhlükəsizliyi üçün ciddi problemdir.

Xüsusilə, Andrey Rudenko Yaponiyanın Rusiya sərhədləri yaxınlığında qeyri-regional tərəfdaşların iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirməsinə, müdafiə və təhlükəsizlik sahəsində doktrinal sənədlərin yenilənmiş variantının qəbul edilməsinə diqqət çəkib.

 

BÖYÜK BRİTANİYA ORDUSU HƏRBİ PERSONAL ÇATIŞMAZLIĞI İLƏ ÜZLƏŞİB

Böyük Britaniya ordusu 2022-ci ildə 16 min hərbçisini ixtisar etdikdən sonra hərbi personal çatışmazlığı ilə üzləşib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Mirror” nəşri məlumat yayıb.

“Ötən il 16 mindən çox insan xidmətdən azad edilib ki, bu da son altı ilin ən yüksək göstəricisidir. Ümumilikdə isə cəmi 12 min nəfər orduya qoşulub. Bu da 2021-ci illə müqayisədə 5000 nəfər azdır”, - deyə nəşr yazıb.

Məqalə müəllifi hərbçilərin şikayətlərinin əsasən əməkhaqqı və xidməti mənzillərin keyfiyyətinin aşağı olması ilə bağlı olduğunu vurğulayıb. Nəticədə, hazırda Britaniya Silahlı Qüvvələrinin ordu ehtiyatında 25 min şəxs var. Hələ də 5000 hərbçi çatışmır.

Bu yaxınlarda “Daily Mail” nəşri qeyd edib ki, Ukraynaya hərbi yardım səbəbindən, Böyük Britaniya ordusunun maddi bazasının pisləşməsi fonunda orduya cəlb olunanların sayı 30 faiz azalıb.

 

NENSİ PELOSİ “CİN ÇIXARMA” MƏRASİMİ ÜÇÜN KEŞİŞLƏRİ EVİNƏ ÇAĞIRIB

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi həyat yoldaşına qarşı sui-qəsddən sonra keşişləri San-Fransiskodakı evinə “cin çıxarma” mərasiminə dəvət edib. “Report” xəbər verir ki, bu barədə onun qızı Aleksandra Pelosi “The New York Times” qəzetinə məlumat verib.

Bildirilir ki, Nensi Pelosinin qızının sözlərinə görə, Şükran Günündə “cin çıxaran” və dualar oxuyan kahinlər onların evlərinə gəlib. “Sui-qəsddən sonra anam özünü günahkar hiss edirdi”, - deyə Aleksandra Pelosi əlavə edib.

Eyni zamanda, Nensi Pelosi özü həyat yoldaşının hücuma məruz qalacağını gözləmədiyini bildirib. Onun sözlərinə görə, normal həyata qayıtması üçün daha üç-dörd ay vaxt lazım olacaq.

Qeyd edək ki, hadisə 2022-ci il oktyabrın 28-də səhər saatlarında baş verib. Hücumda ittiham olunan David Depeyp N.Pelosinin San-Fransiskodakı evinə girərək siyasətçinin həyat yoldaşına çəkiclə hücum edib. Pelosi özü həmin vaxt evdə olmayıb.

 

PAKİSTANIN BÜTÜN ƏRAZISINDƏ İŞIQLAR SÖNÜB

Pakistan ərazisində yanvarın 23-də səhər saatlarında elektrik enerjisinin təchizatında böyük fasilə yaranıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə yerli telekanal olan “Geo-TV” məlumat yayıb.

“Səhər saat 07:30-da milli enerji sistemində elektrik gərginliyinin düşməsi qeydə alınıb ki, bu da böyük miqyasda fasiləyə səbəb olub”, - deyə ölkənin Energetika Nazirliyinin açıqlamasında bildirilib.

Telekanalın məlumatına əsasən, elektrik enerjisinin təchizatında fasilələr Pakistanın bütün əyalətlərini, həmçinin paytaxt İslamabadı əhatə edib. Ölkənin 10 milyon nəfər əhalinin yaşadığı ən iri şəhəri olan Karaçidə istehlakçıların 90 faizə qədəri hələ də işıqsız qalır.

Federal Energetika naziri Xürrəm Dastgir Xan qəzanın generatorları işə salarkən baş verdiyini bildirib. Belə ki, yanacağa qənaət etmək məqsədilə generatorlar gecə söndürülür. O, 12 saat ərzində bütün ölkə ərazisində elektrik təchizatını bərpa edəcəyinə söz verib.

Qeyd edək ki, bu son aylar ərzində Pakistanın enerji sistemindəki ikinci irimiqyaslı fasilədir. Belə ki, 2022-ci ilin oktyabrında elektrik təchizatında fasilə Karaçi şəhərini, Sind, Bəlucistan və Pəncab əyalətlərini əhatə etmişdi.

 

ABŞ BU ÖLKƏDƏ RAKETLƏRİNİ YERLƏŞDİRMƏKDƏN İMTİNA EDİB

ABŞ Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib. “Report” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Rəsmi Vaşinqton hesab edir ki, Tokionun “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi və mövcud “Type 12” raketlərinin mənzilinin artırılması əks-hücum qabiliyyəti əldə etmək niyyəti ilə əlaqədar olaraq Çini cilovlamağa kifayətdir.

Eyni zamanda, ABŞ Yaponiyada, ilk növbədə bu cür silahların yerləşdirilməli olduğu ərazilərin sakinləri tərəfindən anlaşma əldə etməyin mümkün olacağına şübhə edir.

Buna baxmayaraq, Çinin hərbi potensialının güclənməsi ilə əlaqədar qüvvələr balansı dəyişərsə, Amerikanın orta mənzilli raketlərinin Yaponiyada yerləşdirilməsi ilə bağlı müzakirələr bərpa oluna bilər.

 

UKRAYNALI QAÇQINLARI AĞIR ŞƏRAİTDƏ İŞLƏDƏN CİNAYƏTKAR QRUP İFŞA EDİLİB

İspaniyada polis qanunsuz siqaret fabriklərində ukraynalı qaçqınları istismar edən və külli miqdarda tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkəni ifşa edib. Bu barədə “Report” agentliyi İspaniya mətbuatına istinadən xəbər verib.

Bildirilir ki, ölkənin mülki polisi külli miqdarda siqaret istehsalı və tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərini saxlayıb. Məlum olub ki, fabriklərdə ukraynalı qaçqınların əməyi qeyri-insani şəraitdə istismar edilib.

Məlumata əsasən, əməliyyat zamanı İspaniyanın müxtəlif bölgələrində 27 nəfər həbs olunub. Bundan başqa, ümumilikdə 37,5 milyon avro dəyərində olan 10 ton tütün yarpağı və 3,5 milyon siqaret qutusu müsadirə edilib.

Bildirilir ki, müharibə səbəbindən Ukraynadan qaçan və sığınacaqlarda saxlanılan ukraynalı qaçqınlar qeyri-qanuni fəaliyyət göstərən üç tütün fabrikində işlədiliblər. Onların fabrikin ərazisini tərk etmələrinə icazə verilməyib və son dərəcə ağır şəraitdə istismara məruz qalıblar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.