Sağlam həyat
Maraqlı

Sağlam həyat

Sən demə, makaronun xeyri var imiş...

Avstraliyanın Nyukasl Universitetinin  qidalanma  üzrə mütəxəssisi Emma Bekket makaron sevənlərə şad xəbər verib. Makaronun zərərli  olması ilə bağlı iddiaları təkzib edən alim bu qidanın yüksək miqdarda karbohidrat ehtiva etməsinə baxmayaraq, zülala olan gündəlik tələbatı ödədiyini söyləyib.

Məlumdur ki, qida vasitəsilə qəbul edilən yağ, zülal və karbohidratlar parçalanaraq orqanizmdə enerjini təmin edir. Makaron isə  karbohidratlar baxımından zəngin olan qidalardandır. Bir boşqab  əriştənin tərkibində 38 qram karbohidrat, 0,6 yağ, 7,7 qram isə zülal var. Avstraliya səhiyyə orqanlarının təlimatlarına görə, insanlar gündəlik enerjinin təxminən 45-65 faizini karbohidratlardan, 20-35 faizini yağlardan, 10-30 faizini isə zülallardan almalıdırlar. Bu isə gündəlik qida rasionunda zülaldan 1,2-6,5 dəfə çox karbohidrat istehlakının faydalı olduğunu göstərir. Makaronun tərkibindəki karbohidrat və zülal nisbətinin təxminən 5:1-ə olduğunu qeyd edən mütəxəssis bunun təlimata uyğun gəldiyini bildirib.

Makaronun bədənin ehtiyac duyduğu vitamin və minerallarla da zəngin olduğunu qeyd edən alim bir kasa bişmiş makaronun gündəlik tövsiyə olunan B1 və B9 vitamininə olan tələbatın  təxminən dörddəbirini,  seleniumun yarısını, dəmirə olan ehtiyacın isə yüzdə 10-nu ödədiyini söyləyib.

Arıqlamaq məqsədilə pəhriz saxlayan insanların çoxu tərkibində yüksək miqdarda  karbohidrat olduğu üçün makarondan uzaq dururlar. Lakin araşdırmalar göstərir ki, müntəzəm olaraq makaron istehlakı arıqlamağa kömək edir. Bu səbəbdən də qida mütəxəssisi pəhriz saxlayanlara bəzi  tövsiyələr verərək bildirib ki, makarondan tamamilə imtina etmək əvəzinə, porsiyaları azaltmaq və ya daha yüksək lif tərkibinə malik, bağırsaq sağlamlığına fayda verən və daha uzun müddət toxluq hissini təmin edən  tam taxıllı makaronlara üstünlük vermək lazımdır.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

 

Fobiyaların əsarətindən necə qurtulaq?

İnsanlar qorxularının əsiridir, deyiblər. Elə insanlar var qan görəndə dəhşətə gəlir, elələri var qaranlıq və ya yüksəklikdən qorxur, elələri də var ki it, pişik, yaxud  hansısa həşərat görəndə dabanına tüpürür. Təyyarəni həyatının kabusu sayanlar kim, qapalı yerdə dayandığı üçün ürəyi sıxılanlar kim... Siyahını bir qədər də uzatmaq olar... Bəzən bu fobiyalar hansısa hadisə nəticəsində, bəzən isə səbəbsiz yaranır. İnsanların bir çoxu qorxularının məntiqsiz olduğunu bilsələr də, amma ona qarşı heç nə edə bilmirlər. Bəs necə edək ki, fobiyaların əsirinə çevrilməyək?

Fobiyalar spesifik, yəni dəqiq nəyəsə (hörümçək, ilan) və ya situasiyaya (qapalı məkan, hündürlük) qarşı olar bilir. Həmçinin sosial fobiya şəklində olur. Buna misal olaraq, auditoriya qarşısında çıxış etməyi, insanlar çox olan yerdə yazı yazmağı misal göstərmək olar. Yaranma səbəbi kimi beyində olan neyrotransmitter serotonin azlığını, həmçinin yaşanmış travmaları göstərmək olar. Məsələn, məktəbdə dərs danışan zaman nəyisə səhv deyəndə digərlərinin gülməsi uşaqlıq travması yaşada bilər. Və bu travma gələcəkdə sosial fobiyanın yaranmasına səbəb olur.

Fobiya həm irsi, həm də sonradan yaranır. Daha çox uşaqlıqda və gənc yaşlarda formalaşır.  Əslində, fobiyası olan  insanlar bunu psixoloji problem hesab etmirlər. Ona görə də belə  insanların çox az qismi müalicə üçün həkimə müraciət edirlər.

Fobiyadan əziyyət çəkənlər ilk növbədə qorxularını yenərək onlara qalib gələ bilərlər. Bu, mümkün olmadıqda isə vaxtında psixiatr və psixoloqa müraciət etməli, dərmanlarla müalicə olunmalıdır. Hər iki müalicə metodu birlikdə tətbiq olunarsa, müalicənin effekti daha yaxşı olar.

Qorxular həmişə var və olacaq. Həyatın qanunu belədir, sadəcə çalşın ki, onların əsirinə çevrilməyəsiniz... 

 

Bu yeməkləri təkrar isidib yeməyin!

Qida mütəxəssisləri yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə ispanaqdan hazırlanan yeməklərin yenidən qızdırıldıqda tərkibindəki vitaminlərin məhv olması ilə yanaşı,  həm də zəhərlənmə riski yarada biləcəyini söyləyirlər.

Dəmir, kalsium, maqnezium, kalium, A, C, E, K vitaminlərinin mənbəyi olan yaşıl yarpaqlı tərəvəzlər, həmçinin fol turşusu, lif və antioksidantlarla da zəngindir. Xüsusilə ispanaq  tərkibindəki C və B vitaminləri, kalsium, fol turşusu, B-karotin, filloxinonom və karotenoidlər (məsələn, lutein) sayəsində bəzi xroniki xəstəliklərdən qoruyur və əzələləri gücləndirir.

Mütəxəssislər ispanağın düzgün şəkildə istehlak edilməməsinin bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyini söyləyirlər. Belə ki, nitratla zəngin olan bu tərəvəz yenidən qızdırıldıqda tərkibindəki nitrat yüksək istiyə məruz qalaraq  nitritə çevrilir ki, bu da sağlamlığa ciddi  zərər verə, xüsusilə azyaşlı uşaqların  zəhərlənməsinə  səbəb ola bilər. Nitritin həddindən artıq istehlakı sağlamlığa ciddi ziyan vurur və qida zəhərlənməsinə səbəb olur.

Adətən emal olunmuş ət məhsullarının tərkibinə əlavə edilən  nitrat və nitritdən bu qidaların xarab olmaması üçün standartlara uyğun bir miqdarda istifadə olunur. 

İnformasiyanı haberturk.com veb saytı yayıb.

 

Kompüterlə ürək xəstəliyi arasında əlaqə

Honkonq Universitetinin alimləri  kompüter və televizor qarşısında çox əyləşməklə ürək xəstəlikləri arasındakı əlaqəni və təsiri araşdırıblar. Məlum olub ki, gün ərzində sözügedən texniki avadanlıqların qarşısında zaman keçirənlərin ürək xəstəlikləri və insult riski daha  yüksəkdir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, təxminən 400 minə yaxın britaniyalının genetik tibbi informasiyasını nəzərdən keçirən tədqiqatçılar respondentlərin yaşı, həyat tərzi, çəkisi, zərərli vərdişləri ilə bağlı bir çox məlumatlar təhlil ediblər.  Məlum olub ki, gündə 3-4 və daha çox müddətdə televizor, kompüter qarşısında vaxt keçirənlərdə cəmi 1-2 saat baxanlara nisbətdə ürək xəstəliyi riski 16, insult riski isə 10 faiz çoxdur.

Alimlər bildirir ki, kompüter və televizor qarşısında keçirilən müddəti 2 dəfə azaltmaqla  ürəyin işemik xəstəliyinin qarşısını 11 faiz almaq olar. Onların fikrincə, bu, ürək xəstəliklərinin profilaktikasında həlledici rol oynaya bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".