“Heydər Əliyev İli”nə həsr olunmuş tədbir
Digər xəbərlər

“Heydər Əliyev İli”nə həsr olunmuş tədbir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. FHN-nin mətbuat xidmətindən bildirilir ki, tədbirdə fövqəladə hallar nazirinin müavinləri general-leytenant Ragim Lətifov və Tapdıq Əmiraslanov, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Nazirliyin Aparatının nümayəndələri və Xidmətin əməkdaşları iştirak ediblər.

Əvvəlcə, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendə baxıb, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanan və Ümummilli Liderə həsr edilən “Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti” kitabı ilə tanış olublar.

Tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov çıxış edərək deyib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Tədbirin sonunda iştirakçılar Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə hazırlanan “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filminə baxıblar.

“Respublika”.