27 Sentyabr - Qürur və ehtiramla xatırlanan gün
Sosial həyat

27 Sentyabr - Qürur və ehtiramla xatırlanan gün

Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20 faizini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışmışdır.  Aparılan danışıqlar heç bir nəticə verməmiş, əksinə, aydın şəkildə müşahidə edilmişdir ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyir. Azərbaycan dövləti isə  işğalla barışa bilməzdi və barışmadı, ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla hərbi təxribatlar törətmiş, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanmışdır. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yaratdığı üçün  ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə isə  Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmişlər. Xalqımızın bir sıra igid övladları işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş, sağlamlığını itirmişdir. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 3000-ə yaxın  şəhid olmuş, 7 nəfər itkin düşmüş, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında  Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılmışdır. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il  sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirmişdilər.

Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur.

2022-ci il  sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, mənfur düşmən öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərmiş oldu.

Bu gün işğalçı Ermənistan Azərbaycana qarşı, nəinki savaş meydanlarında, informasiya məkanında da çirkin mübarizə aparır. Müasir dövrdə internet həm də savaş meydanıdır və hərbi əməliyyatlardan fərqli olaraq, bu müharibədə heç vaxt atəşkəs elan edilmir. Bu gün yeni nəsil müharibələrində həlledici rol təkcə çox sayda yerüstü qüvvə və nüvə silahına deyil, həm də, xüsusilə sosial şəbəkələrdə yayılan informasiya silahlarına verilir. Sosial şəbəkələrin inkişafı informasiyanın, demək olar ki, dərhal yayılmasına imkan verir və hadisələrin baş verdiyi ərazidən xüsusi avadanlıq olmadan da canlı reportajlar yayımlamaq imkanı yaradır.

Bir sözlə, müasir dünyada istənilən hərbi əməliyyatın uğurlu olması yalnız texniki təchizatdan deyil, həm də bilavasitə hərbi əməliyyatları müşayiət edən düşünülmüş və savadlı şəkildə qurulmuş informasiya kampaniyasından da asılıdır. Buna görə də müasir müharibələrin informasiya komponenti texniki tərəflə eyni səviyyədə tutulur. Yadda saxlamaq lazımdır ki, informasiya üstünlüyü müasir müharibələrdə, eləcə də informasiya müharibəsində qələbənin mühüm şərtlərindən biri sayılır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Ermənistan kimi mənfur və çirkin əməllər sahibi olan ölkə ilə müharibədə hamımız ehtiyatlı və sayıq olmalı, ancaq rəsmi məlumatlara istinad etməliyik.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün Ədliyyə Nazirliyi tərəfindən bir çox dövlətlərin ədliyyə nazirlərinə, çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlarına müraciətlər ünvanlanmışdır. Müraciətlərdə bir milyona yaxın insanın öz dədə-baba yurdundan didərgin salındığı, erməni terrorçularının törətdiyi qeyri-insani əməllər, xüsusilə Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Cenevrə Konvensiyasının müddəalarını kobudcasına pozması vurğulanmışdır. Həmçinin Azərbaycan həqiqətlərinin təbliği üçün Ədliyyə Nazirliyinin saytında üç dildə fəaliyyət göstərən "Qarabağ Azərbaycandır!" elektron platforması yaradılmışdır.

Ədliyyə Nazirliyində və struktur qurumlarda anım tədbirləri keçirilmiş, nazirliyin rəhbərliyi və kollektivi tərəfindən II Fəxri Xiyabanda Vətən müharibəsi qəhrəmanlarının, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun məzarı ziyarət olunaraq əklillər qoyulmuş, onların əziz xatirələri ehtiramla anılmışdır. Müharibə başlanan andan ədliyyə və məhkəmə işçiləri də döyüşlərdə könüllü iştirak etmiş, fədakarlıq göstərmiş, ölkə Prezidenti tərəfindən 100-dən çox medallarla təltif olunmuşdur. Həmçinin ədliyyə işçiləri ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə ilk gündən öz dəstəyini əsirgəməmiş, Azərbaycan Ordusuna Yardım Fonduna, "YAŞAT" və Qarabağ Dirçəliş fondlarına könüllü vəsaitlər köçürmüşlər. Eyni zamanda postkonflikt dövründə Vətən müharibəsi iştirakçılarının, onların və şəhidlərimizin ailə üzvlərinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlər görülmüş, ötən müddət ərzində onlarla belə şəxslər ədliyyə orqanlarında müvafiq işlə təmin edilmişdir.

Bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edilməsi  və onlara metodoloji yardım göstərilməsi məqsədilə Bələdiyyələrlə iş mərkəzi tərəfindən "Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində bələdiyyələrin fəal iştirakı barədə", "Şəhid ailələrinə və müharibə əlillərinə bələdiyyələr tərəfindən göstərilən diqqət və qayğının daha da artırılması barədə" metodik vəsaitlər  hazırlanaraq bələdiyyələrə göndərilmiş,  onlara bu mühüm sahələrə diqqətin artırılması, eyni zamanda şəhid ailə üzvlərinin müraciətlərinə daha həssas yanaşılması bir daha tövsiyə olunmuşdur.

Laləzar ƏLİZADƏ,

Ədliyyə  Nazirliyi  Bələdiyyələrlə

iş mərkəzinin məsləhətçisi,

II dərəcəli ədliyyə qulluqçusu.