Dəyişməyən xislət: mitomaniya və selektiv yanaşma
Siyasət

Dəyişməyən xislət: mitomaniya və selektiv yanaşma

Aprelin 25-də Avropa Parlamenti vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini qınayan qətnamə qəbul edib. Sözügedən sənədin lehinə 474, əleyhinə 4 səs verilib, 51 nəfər isə bitərəf qalıb. Bu barədə təşkilatın rəsmi saytında da məlumat dərc olunub. Bildirilib ki, Avropa Parlamentinin deputatları rəsmi Bakını 2023-cü ilin dekabrında həbs edilən hüquq müdafiəçisini və digər bütün siyasi məhbusları dərhal azad etməyə çağırır. Həmçinin qeyd olunub ki, "qoca qitə" guya ölkəmizdə davam edən insan hüquqları pozuntuları fonunda COP-29-a ev sahibliyi etməyimizi dəstəkləmir. Bu səbəbdən də avropalı deputatlar Avropa Komissiyasını energetika sahəsində Azərbaycanla strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxmağa çağırırlar. Sözügedən beynəlxalq institutun üzvləri, həmçinin israr edirlər ki, tərəfdaşlıq haqqında istənilən gələcək saziş bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə əlaqələndirilməlidir.

Əvvəlcə, qeyd etməliyik ki, irəli sürülən ittihamlar tamamilə əsassızdır. Çünki ölkəmiz hər zaman insan hüquqları və azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə sadiqdir. Dövlətimiz demokratik inkişaf yolu ilə irəliyə getmək əzmi nümayiş etdirir. Bu səbəbdən də Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, o cümlədən sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir. Digər tərəfdən, kiminsə azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb olunması məhkəmənin səlahiyyətinə daxildir. Konkret cinayət əməlləri törətdiklərinə görə müvafiq qanunlar əsasında məhkum edilən şəxslərin "siyasi məhbus" adlandırılmaları və qeyd-şərtsiz azadlığa buraxılmalarının tələb edilməsi məntiqəuyğun deyil. Bu məsələyə Azərbaycan Milli Məclisi də münasibət bildirib. Qurumun açıqlamasında qeyd olunub ki, bütün bunlar təşkilatda hökm sürən azərbaycanofob, türkofob və islamofob əhvali-ruhiyyənin son dövrlərdə daha da gücləndiyini göstərir. XİN-in bu barədə açıqlamasında isə qeyd olunub ki, qərəzli qətnamə Avropadakı bir sıra qüvvələrin açıq siyasi sifarişindən başqa bir şey deyil. İnsan hüquq və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana böhtan atmaqdan çəkinməyən Avropa Parlamenti torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə doğma yurdlarından qovularaq, etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ləyaqətinin tapdalanması ilə bağlı həmişə susmağa üstünlük verib.

Amma bu da təəccüblü deyil. Çünki sözügedən qurum mütəmadi olaraq fərqli iddialarla Bakıya qarşı eyniməzmunlu tələblər edir. Məsələn, ötən ilin oktyabrında da Avropa Parlamenti 473 səslə sənəd qəbul etmişdi. Təşkilat Qərbin icra hakimiyyəti orqanlarını, eləcə də ittifaqa üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü məhdudiyyətlər tətbiq etməyə çağırmışdı. Bu da ona işarə edir ki, Avropa Parlamenti ənənəsinə sadiq qalaraq beynəlxalq hüququn prinsiplərini deyil, qərəz və ikili standartları üstün tutur. Çünki "etnik təmizləmə"ni 30 il əvvəl məhz Ermənistan azərbaycanlılara qarşı həyata keçirib. Ondan əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan və indi Ermənistan adlanan ərazidə həyata keçirilib. 200 mindən çox insan əsrlər boyu yaşadıqları dədə-baba yurdlarından qovulub, hüquqları pozulub, yüzlərlə soydaşımız qətlə yetirilib. Amma indiyə qədər onların pozulan hüquqları ilə bağlı Avropa Parlamenti hər hansı bir qərar qəbul etməyib.

Görünür, bu beynəlxalq təşkilat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonrakı geosiyasi reallıqlarla barışa bilmir. Məhz bu səbəbdən də 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Bu müstəvidə nəzərə almaq lazımdır ki, son dövrdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəliyə aparılması üçün intensiv tədbirlər görülür, xüsusilə sərhədlərin delimitasiyası istiqamətində irəliləyiş qeydə alınıb. Belə bir məqamda Avropa Parlamentinin sanksiya tələbi Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, səlibçilik düşüncəsinə qapılan qüvvələrin sülh prosesinə zərbə vurmaq istəyinin təzahürüdür. Qərbi Azərbaycan İcması da sözügedən məsələni ön planda tutaraq Avropa Parlamentinin ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib. İcmanın bəyanatında bildirilib ki, Qərb təsisatının son addımının əsl səbəbi insan hüquqları deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilməməsidir.

Avropa Parlamentinin bu məsələdə xüsusi canfəşanlıq göstərməsi də əbəs yerə deyil. Belə ki, sözügedən qətnamə Avropa Parlamentinin Azərbaycana qarşı məqsədyönlü fəaliyyət göstərən deputatlarının təhriki ilə hazırlanıb. Burada sözsüz ki, söhbət erməni lobbisi və onu dəstəkləyən qüvvələrdən gedir. Parlamentin onların sözü ilə oturub-durmasının hədəfi isə erməni lobbisindən daha çox rüşvət almaqdır. Çünki təşkilatda təmsil olunan deputatların çoxunun seçki kampaniyası ermənilərin pulu ilə baş tutur. Kaspar Karapetyan brilyant biznesindən qazandığı çirkli pullarla bir sıra siyasətçini əlində oyuncağa çevirib. Milyarder Karapetyan on illər boyunca Avropa Parlamentinin bir çox deputatlarının Qarabağa qanunsuz səfərlərini təşkil edib. Xüsusilə, "Daşnaksütyun" partiyasının təmsilçiləri ilə mütəmadi görüşlər keçirib, habelə onların radikal iş üslublarını dəstəkləyib. Görünür, indi atdığı addımlarla təmsil etdiyi Avropanın belə maraqlarına zidd davranan Parlament erməni lobbisinə borcunu qaytarır. Bunu edərkən də özünü mitomaniyadan (yalan danışmaq xəstəliyindən) əziyyət çəkən xəstə kimi aparır.

Bununla belə, Azərbaycana qarşı aparılan bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna da zərbə vurur. Əgər sözügedən qurum ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salmağa davam edərsə, siyasi mülahizələrə əsaslanan birtərəfli yanaşmadan çıxış etməkdə qərarlı olarsa, bütün dünyanın gözü qarşısında rəzil olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".