Tənəzzüldən yeganə çıxış yolu Azərbaycanla əməkdaşlığa hazır olmaqdır
Siyasət

Tənəzzüldən yeganə çıxış yolu Azərbaycanla əməkdaşlığa hazır olmaqdır

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsilə iki dövlət arasında bütün sahələrdə əlaqələr kəsilib. Sovet dövründə ermənilərlə azərbaycanlılar arasında gediş-gəlişin olduğunu, keçmiş ənənələri nəzərə alsaq, bu gün Cənubi Qafqazda əldə olunacaq sülh prosesindən sonra tədricən, mərhələli şəkildə münasibətlərin bərpası iki ölkə üçün müsbət amil hesab oluna bilər.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları ilə torpaqlarımızın işğaldan azad edilməsi, ötən ilin eyni ayında isə Qarabağdan separatçı xunta rejimin təmizlənməsi sülh prosesi üçün əlverişli zəmin yaratdı. Məhz ölkəmizin təşəbbüsü ilə 2022-ci il mayın 23-də Azərbaycan və Ermənistanda yaradılmış sərhədlərin delimitasiyası üzrə Komissiyaların ilk görüşünün keçirilməsi regionda sabitlik üçün yaşıl işıq yandırdı. Ermənistan tərəfinin təxribat cəhdlərinə tutarlı cavab verən ölkəmiz daima sülh təklifini irəli sürüb. Cənubi Qafqazda 30 ildən sonra sülh üçün real mühit formalaşdırıb.

Bu il aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunub. Bu, uzun müddətdir ki, düyünlənən sülh prosesinin yenidən canlanmasına səbəb olub. Daha sonra müvafiq olaraq aprelin 23-ü və 25-də sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk dirəklər quraşdırılıb. Məhz bu kimi amillər də Azərbaycanla Ermənistan arasında çoxdandır gözlənilən sülh prosesinin yaxında olduğunu bildirir. Təbii ki, bu məsələdə də, zaman tələb edən bəzi məqamlar var. İki ölkə bir-biri ilə sülh sazişi bağladıqdan sonra əlaqələr necə formalaşacaq? Ən əsası iqtisadi sahədə əməkdaşlıq yaxın dövrdə mümkün ola biləcəkmi?

"Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır". Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib. Erməni spiker deyib ki, ölkəsinin Bakıdan qaz almasını müsbət hesab edir və hazırda Rusiyadan aldıqları qazın bir hissəsi də məhz Azərbaycana aiddir. Erməni spikerin Prezident İlham Əliyevin verdiyi açıqlamalardan sonra belə bir fikir səsləndirməsi heç də təsadüfi deyil. Dövlət başçısı aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda bildirdi ki, normallaşma prosesindən və sülh müqaviləsi imzalanandan sonra Azərbaycan Ermənistana qaz sata bilər. Görünür, ölkə başçısının bu açıqlaması rəsmi İrəvan tərəfini cəsarətləndirib. Bəs Azərbaycan hansı şərtlərlə Ermənistana qaz verə bilər? Əgər hər iki ölkə arasında diplomatik münasibətlər qurularsa və bütün problemlər həll olunarsa, məsələyə yenidən baxıla bilər. Hazırda isə Ermənistanın Azərbaycandan qaz almaq istəməsi absurddur və qeyd edildiyi kimi, ilk növbədə, Ermənistan Azərbaycanın tələbləri ilə qeyd-şərtsiz razılaşmalıdır. Yalnız bundan sonra Türkiyə vasitəsilə və ya birbaşa bu ölkəyə alternativ qaz kəməri çəkilə bilər.

Nəzərə almaq lazımdır ki, Ermənistan iqtisadiyyatı hazırda təhlükəli vəziyyətdədir. Ermənistanın qaz təminatının böyük hissəsini Rusiya təmin edir. İndiki halda Kremllə münasibətlərin gərgin olması rəsmi İrəvanı alternativ qaz mənbələri tapmağa məcbur edir. Belə bir vəziyyətdə isə Ermənistan üçün Bakıdan daha yaxşı alternativ ola bilməz. Çünki Azərbaycan Ermənistanın infrastruktur baxımından da daha rahat şəkildə qaz ala biləcəyi bir ölkədir. Rəsmi İrəvan qaz ilə paralel, neftlə bağlı da Bakı ilə əməkdaşlıq edə bilər. Ümumiyyətlə, baş verən proseslər onu göstərir ki, Ermənistan gələcəkdə rəsmi Bakı ilə əməkdaşlıq etməyə məcbur olacaq. Çünki regionun ən qüdrətli və aparıcı dövləti məhz Azərbaycandır. Ermənistanın Azərbaycanla iqtisadi əlaqəsi bu ölkənin yalnız xeyrinə ola bilər.

Bütün hallarda bunun üçün əsas şərt sülh müqaviləsinin bağlanması və kommunikasiyaların açılmasıdır. Yəni əsas məsələ rəsmi İrəvanın bir çox vacib müddəaları qəbul etməsidir. Hər iki tərəf bəzi önəmli məsələlər üzərində ortaq məxrəcə gəlsələr belə, yekun nəticə hələ ki yoxdur. Sülh imzalandıqdan bir neçə müddət sonra idxal-ixrac əməliyyatları həyata keçirilə bilər və bu layihələrin əsas mərkəzində dayanan nəhəng projelərdən biri də təbii ki, Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsidir. Bundan sonra Ermənistan da bölgəyə iqtisadi inteqrasiya edər. Təbiidir ki, ilk növbədə qazanan Ermənistan dövləti olacaq. Əgər Ermənistan qonşularla normal münasibətlərin qurulmasını istəyirsə, Azərbaycanın təklif etdiyi şərtlər əsasında sülh müqaviləsi imzalamalıdır.

Tacir SADIQOV,

"Respublika".