Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar
Digər xəbərlər

Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar

Aprelin 26-da Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupu mina təmizləmə fəaliyyəti ilə bağlı region səfərində olublar.

İşçi qrupu ilk öncə Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə tərəfdaşlıqla həyata keçirdiyi qadın minaaxtaranlar layihələrinin üzvləri ilə görüş keçiriblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qonaqlara görülən işlərdən, layihələrin əhəmiyyətindən, eyni zamanda ölkəmiz üçün vacibliyindən danışıb.

Ardınca BAMF-ın supervayzeri Nizami Abbasov və Minalar üzrə Məşvərət Qrupunun (MAG) Texniki Sahə Meneceri Bobbi be Dir İşçi qrupunun üzvlərinə komandanın gördüyü işlər və nəticlər haqda geniş təqdimat həyata keçiriblər.

Daha sonra İşçi qrupunun üzvlərinə minaaxtaran itlərlə və siçovullarla aparılan minatəmizləmə fəaliyyəti ilə seçilən APOPO təşkilatının fəaliyyəti haqqında da məlumat verilib.

Bundan başqa onlar mina və partlamamış silah-sursatların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov və İşçi qrupun üzvləri minaaxtaran Azərbaycan qadınlarının cəsur, fədəkar fəaliyyətlərini yüksək qiymətləndirdiklərini bildirib, onlara təşəkkür ediblər.

Sonda V.Süleymanov komandaya öz tövsiyyə və təkliflərini çatırıb, uğurlar arzulayıb.

Qeyd edək ki, minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun işğaldan azad olunmuş ərazilərdə səfərləri davam edəcək.

"Respublika".