ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
Elm və təhsil

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

ADA Universitetində Karyera Hazırlığı Həftəsi fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetinin Marketinq və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, ABB-nin tərəfdaşlığı ilə keçirilən və aprelin 27-dək davam edəcək Karyera Hazırlığı Həftəsinin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.

Universitetin Karyera Xidmətlərinin təşəbbüsü ilə keçirilən tədbir çərçivəsində maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 16 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları karyerayönümlü mövzularda seminar və təqdimatlar keçirəcəklər. Tədbirdə təmsil edilən tərəfdaş qurumlar sırasında ABB, "ATL Tech", Azərbaycan HR İnstitutu, "Baker Tilly", "bp", "Coca-Cola" şirkəti, "Deloitte & Touche", Dövlət İmtahan Mərkəzi, Elektron Hökumətin İnkişafı Mərkəzi, "EKVITA", "Ernst & Young", "KPMG Azerbaijan", PAŞA Həyat Sığorta, "PMD GROUP", "Unibank" və "Yelo Bank"ı qeyd etmək olar.

Karyera həftəsində iştirak edən 300-dən çox tələbə 8 gün ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən peşəkarların emosional zəka, sənaye anlayışları, müsahibə bacarıqları, iş etikası, sahibkarlıq və innovasiya, şəxsi brendinq və rəqəmsal şəbəkə mövzularındakı mühazirələrində iştirak edəcək, təqdim edilən təcrübə proqramları və qısamüddətli iş imkanları ilə bağlı məlumat əldə edəcəklər. Həmin tələbələr akademik göstəricilərinə, gələcək karyera hədəfləri və maraq dairələrinə, eləcə də ünsiyyət bacarıqlarına müvafiq olaraq 18 nəfərlik fərqli qruplara bölünüblər.

Karyera Hazırlığı Həftəsi çərçivəsində mayın 6-sı Karyera Sərgisi də təşkil olunacaq. Sərgidə 100-dən çox yerli və beynəlxalq statuslu şirkət ADA-nın 1500-ə yaxın tələbə və məzununa müxtəlif karyera fürsətləri təqdim edəcək.

AZƏRTAC