ADY “Rebuild Karabakh” sərgisində
Digər xəbərlər

ADY “Rebuild Karabakh” sərgisində

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Rebuild Karabakh” - 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində  xüsusi stendlə təmsil olunur. Dəmir yollarına aid özəl guşədə işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən dəmir yolu layihələri barədə ətraflı məlumatlar təqdim olunur, eləcə də fotovideo nümayiş etdirilir. 

ADY mətbuat xidmətindən bildirilir ki, 19-21 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan  “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunan yeganə ixtisaslaşmış sərgidir. Qeyd olunan tədbir bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sector -dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforması sayılır. Sərgidə ADY-nin stendində Qarabağda reallaşdırılan iki layihə - Horadiz-Ağbənd və Bərdə Ağdam dəmir yolu xətlərinin tikintisi barədə məlumatlar ətraflı şəkildə yer alır. 

Bərdə-Ağdam dəmir yolu xəttində layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 24.11.2020-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 47,1 km olan bu dəmir yolu təkxətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 133 süni mühəndis qurğusunun, 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır.   

Təməli Prezident İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində qoyulmuş, ox üzrə uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd  dəmir yolu xəttində  tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Dəmir yolu xəttinin trassası 9 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) ibarət olacaq. Layihə çərçivəsində ümumilikdə 453 süni mühəndis qurğusunun, o cümlədən 70 yoldəyişən qurğunun tikintisi planlaşdırılır.

Hər iki layihənin 2023-cü ilin sonuna kimi tamamlanması nəzərdə tutulur.

Əli SADIQOV,

“Respublika”.