Ağalıdakı Ailə Sağlamlıq Mərkəzində indiyədək 250 nəfərə tibbi xidmət göstərilib
Səhiyyə

Ağalıdakı Ailə Sağlamlıq Mərkəzində indiyədək 250 nəfərə tibbi xidmət göstərilib

29 illik yurd həsrətindən sonra doğma torpaqlarına qovuşmuş Zəngilan rayonunun Ağalı kənd sakinləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.

AZƏRTAC-ın bölgə müxbiri Ağalı kəndində Ailə Sağlamlıq Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova bildirib ki, mərkəzdə əhaliyə tam tibbi xidmət göstərilməsi üçün lazımi şərait yaradılıb. Mərkəzdə ailə həkimi, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, laborator xidmət otaqları və stomatoloji kabinet fəaliyyət göstərir. Məntəqə ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Sağlamlıq Mərkəzinə fəaliyyətə başlayandan indiyədək həm Ağalı sakinləri, həm də ərazidəki şirkətlərin əməkdaşları olmaqla, 250 nəfərə tibb xidməti göstərilib.

Burada "Salam doktor" kabineti də yaradılıb. Paytaxtda olan həkimlərlə portativ cihaz vasitəsilə onlayn əlaqə yaradılır, xəstələrin şikayətləri dinlənilir, onlara tibbi xidmət göstərilir.

Stomatoloq Rəşad Bayramzadə 29 ildən sonra doğma kəndinə qayıdaraq, həkim kimi fəaliyyət göstərdiyi üçün fəxr etdiyini vurğulayıb: "14 yaşımda ikən Ağalını tərk etmişdim. Uzun illər sonra buraya bir həkim kimi qayıtmışam. Fəxr edirəm ki, kəndimizdə bu cür yüksək şərait yaradılıb və mən də həkim kimi sakinlərimizə xidmət göstərirəm".

Ailə Sağlamlıq Mərkəzinə müraciət edən sakinlərlə də həmsöhbət olduq. 29 ildən sonra doğma yurda qayıdışın sevincini yaşayan sakinlər Ağalıda, o cümlədən Ailə Sağlamlıq Mərkəzində yaradılan şəraitdən razılıqlarını bildirib, bütün bunlara görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Şamxal Göyüşov deyib: "Ağalıda yaradılan şəraitdən, evimizdən, işimizdən razıyıq. Dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşuq. Sağlamlıq Mərkəzində əhalinin sağlamlığı üçün hər cür şərait yaradılıb. Həkimlərdən də razıyıq. Bu gün dişimdə yaranan problemlə əlaqədar gəlmişəm. Həkim lazım olan tədbirləri gördü. Göstərilən yüksək diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımı bildirirəm".

AZƏRTAC