Ağsaqqal sözü öz etibarını qoruyur
Sosial həyat

Ağsaqqal sözü öz etibarını qoruyur

Sahib Aslanov Hacıqabul rayonunda Ağsaqqallar Şurasının sədri seçiləndə xəbər hamının ürəyindən oldu. Seçim haqqa-ədalətə söykənəndə adam istər-istəməz sevinir, bir növ özündə rahatlıq tapır. Əli Bayramlı (indiki Şirvan) şəhəri ilə Hacıqabul rayonu eyni bölgədə yerləşib və uzun müddət eyni inzibati ərazi vahidi olub. Doxsanıncı illərin əvvəllərində Hacıqabul ayrıca rayon statusu alsa da, oradakı rəhbər vəzifələrin əksəriyyətinə Əli Bayramlıda işləyən kadrlar göndərilirdi. Sahib Aslanov da belə kadrlardan idi. 1948-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdu. Şamaxı şəhərində orta təhsil illərinə başlasa da, Sahibgilin ailəsi Əli Bayramlı şəhərinin tabeliyində olan Muğan qəsəbəsinə köçmüşdü. Orta məktəbi bitirib Əli Bayramlıdakı Vışkaquraşdırma idarəsində qaz qaynaqçısı işləmiş, sonra Azərbaycan Pedaqoji İnstitutunun fizika fakültəsini bitirib müəllim ixtisası almışdır.

Sahib Aslanov 5 il yaşadığı Muğan qəsəbəsində müəllim işləyərkən özünü fəal ictimaiyyətçi kimi göstərə bildi. “Fəal ictimaiyyətçi” deyiləndə, o vaxt nə başa düşülürdü? Əvvəl işlədiyin məktəb, sonra yaşadığın qəsəbə, daha sonra şəhər miqyasında keçirilən tədbirlərdə tutarlı, məntiqli, arqumentlərə, faktlara əsaslanan, bir az da bunların yanına tənqidi fikir əlavə edib təklif irəli sürə bildinsə, dərhal diqqəti cəlb edirdin. Gənc Sahib müəllimin çıxışlarında belə cəlbedici üstünlüklər var idi. Elə buna görə də beşillik müəllimlik fəaliyyətindən sonra Sahib müəllim vəzifə pillələrinə qədəm qoydu. Muğan qəsəbə XDS İcraiyyə Komitəsində katib, sonra sədr vəzifəsinə yüksəldi. Hacıqabul ayrıca rayon statusu alandan sonra Sahib Aslanov bacarıqlı kadr kimi Əli Bayramlı şəhərindən doğma rayona təyinat alıb müxtəlif vəzifələrdə çalışdı. 1998-ci ilin iyun ayından 2016-cı ilə kimi, düz 18 il Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi məsul vəzifənin öhdəsindən bacarıqla gəldi.  Bu məsul vəzifədə əsl yeni ruhlu idarəçilik istedadı nümayiş etdirdi.

Jurnalistlik fəaliyyətimiz bizə uzun illər müxtəlif ranqlı məmurlarla tanışlıq, onların xarakterinə, iş metoduna yaxından bələd ola bilmək imkanı yaradıb. Təəssüf ki, bu adamların əksəriyyəti qapalı, standart, danışanda yeri gəldi-gəlmədi “yüz ölçüb bir biçmək” şablonunu özünə meyar seçən şəxslər olub. Belələrinin yeganə idealı nəyin bahasına olursa- olsun vəzifəni mümkün qədər artıq müddətə qoruyub saxlamaqdan ibarət idi. Sahib müəllim icra başçısının birinci müavini işlədiyi müddətdə tam fərqli vəzifə həyatı yaşadı. Günün bütün vaxtlarında kabinetinin qapısı açıq idi. Yanına gəlib şikayət edənlərin şikayətini kiməsə etibar eləmirdi. Vətəndaşı maşınına əyləşdirib yaşadığı ünvana, yaxud işlədiyi idarəyə gedir, ortada olan faktları özü saf-çürük edib, ədalətə söykənən qərar çıxarırdı.

İşlədiyi rayonun problemləri barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırırdı. Onlardan bəzisini Sahib müəllim xatırlayır:

-On ildən çoxdur ki, rayonumuzun ərazisində olan Hacıqabul gölü ekoloji fəlakət içərisindədir. Bu, ilk növbədə, hətta başqa qurumların müəyyən cavabdehliyi olsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyini xüsusilə narahat etməlidir. Axı əsas məsələ bu gölün əvvəlki fauna və florasının bərpasından yox, ekologiyamıza böyük həcmdə dəyən ziyandan gedir. Müxtəlif mətbu orqanlarda gölün vəziyyəti barədə yazılar dərc olunub. Nəyə görəsə nazirliyin keçmiş rəhbərliyi xeyli vaxt bundan əvvəl “Zerkalo” qəzetində dərc olunmuş yazının müzakirəsini təşkil elədi. Yazıdakı faktlar  dilimdən səsləndiyinə görə mən də müzakirəyə dəvət olundum. İclas bir qədər əsəbi tonda keçirilsə də, yenə öz fikrimin üstündə dayandım, gölün xilası naminə təkliflərimi təkrar elədim. Sevinirəm ki, bu günün özündə də həmin təkliflər qüvvədədir. Çox istərdim, əvəzsiz sərvətimiz olan Hacıqabul gölü yenidən həyata qaytarılsın.

2010-cu ildə Kür çayında güclü sel daşqınları baş verdi. Dövlət Komissiyası fəlakətdən az itki ilə çıxmaq üçün xüsusi plan tərtib eləmişdi. Fəlakət zonasında olan yaxın kəndləri sel sularından qorumaq üçün Hacıqabul Quşçuluq Broylerinin daşqınlar altında qalmaq təhlükəsi var idi. Sahib müəllim o vaxt əsl fədakarlıq göstərdi. Öz layihəsinin daha mükəmməl, etibarlı olduğunu mötəbər komissiya üzvlərinə sübut eləməyi bacardı. Nəticədə həm ətraf kəndlər, həm də iqtisadiyyatımızda vacib sahələrdən olan Broyler fəlakətdən ziyansız ötüşdü.

Bu gün Kür Su Təchizatı İdarəsindən respublikanın Şirvan-Muğan bölgəsində yerləşən bir çox rayona içməli su nəql olunur. Rayonun Talış kəndindəki kompleksdə təmizlənən su Hacıqabul şəhərinin yuxarı dağlıq hissəsində yerləşən anbara vurulur. İçməli su bu anbardan öz axarı ilə rayonlara ötürülür. Həmin anbarın layihə müəlliflərindən biri də Sahib müəllim idi.

...Ağsaqqallar Şurasının qapısı hamının üzünə açıqdır. Rayon sakinləri Sahib müəllimlə görüşüb öz arzu və istəklərini, təkliflərini  bölüşmək üçün yenə də onun yanına təşrif buyururlar. Rayonda son illər geniş abadlıq-quruculuq işləri görülsə də, narahatlıq yaradan problemlər də az deyil. Pirsaat çayı quruduğundan bəzi kəndlər susuzluqdan əziyyət çəkir. Bir sıra xidmət idarələrindəki süründürməçiliyə, əhalini get-gələ salmaq hallarına təsadüf olunur. Sahib müəllim, digər şura üzvləri lazımi yerlərdə yenə də öz etibarlı ağsaqqal sözünü deyir, irad və təkliflərini bildirirlər. Sahib müəllim əlavə edir:

-Şuranın 17 üzvü var. Biz, müəyyən həyat təcrübəsi  keçmiş ağsaqqallar ölkə rəhbərinin siyasətinin rayon əhalisi, xüsusilə gənc nəsil tərəfindən qiymətləndirilməsi, başa düşülməsinə çalışmalıyıq. Görüşlərimiz, söhbətlərimiz bu istiqamətdə gedir. Şuraya el-obada dərin hörmət qazanmış ağsaqqallar --Meyniman kəndindən Aydın Hüseynov, Abdulabaddan Eyyub İskəndərov, Hacıqabul şəhərindən Yaqub Teymurbəyli, Əhməd Əhmədov, digərləri üzv seçilmişlər. Məqsədimiz birdir;-hamının inam göstərdiyi ağsaqqal sözü öz etibarını qoruyub və bundan sonra da qorumalıdır.

Tofiq HÜSEYN,

Respublika”.