Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçikdən
Məktublar

Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçikdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Avropa Cüdo İttifaqı adından Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Biz Sizi Azərbaycanda, İslam dünyasında və bütövlükdə beynəlxalq cəmiyyətdə şəksiz nüfuz və sonsuz hörmət qazanmış görkəmli siyasətçi və dövlət xadimi kimi tanıyırıq. Siz bizim dünyamiqyaslı şəxsiyyət kimi xatırladığımız Heydər Əliyevin işinin ardıcıl və sədaqətli davamçısı, atanızın layiqli övladısınız.

Sizin diplomatik uğurlarınız böyük hörmətə layiqdir, Avropa Şurası Parlament Assambleyasında Sizin səmərəli fəaliyyətiniz həmkarlarınızın çoxunun yadındadır.

Siz Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində də çox böyük hörmət və nüfuz qazanmısınz. Sizin şəxsi iştirakınız sayəsində ölkədə dünya səviyyəli ən iri turnirlər uğurla keçirilir.

Fürsətdən istifadə edib Sizi bu günlərdə yenidən Milli Olimpiya Komitəsinin rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik etmək və bu yolda Sizə hər cür uğur diləmək istərdim.

Sizin nəcib idman ideallarına səmimi sədaqətinizi, bəşər sivilizasiyasının davamlı inkişafının ən mühüm tərkib hissəsi olan idmana münasibətinizi çox yüksək qiymətləndiririk.

Mən təkbətək döyüşlərin dünyada ən populyar növlərindən birinin təmsilçisi kimi Sizi – Dünya Taekvondo Federasiyasının 6-cı dan qara kəməri və sertifikatının sahibini alqışlayıram. Cüdoçular Sizinlə birlikdə mübarizə ruhu, idman zalının ab-havası, güləşçi xalçasının qanunları ilə yaxşı tanış olan insanlar pleyadasına mənsub olmağı özləri üçün şərəf hesab edirlər.

Sizə, gözəl ailənizin bütün üzvlərinə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə, 

Sergey Soloveyçik

Avropa Cüdo İttifaqının prezidenti