Azərbaycan Prokurorluğu əldə etdiyi nailiyyətlərə görə beynəlxalq təşkilatın mükafatına layiq görülüb
Siyasət

Azərbaycan Prokurorluğu əldə etdiyi nailiyyətlərə görə beynəlxalq təşkilatın mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, milli prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya Qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN) ilə səmərəli əməkdaşlığını davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 1-2-də Litvanın paytaxtı Vilnüsdə bu ölkənin Xüsusi İstintaq Xidmətinin (STT) təşkilatçılığı ilə EPAC/EACN-in 20-ci ildönümünə həsr olunmuş Peşəkar Konfransı və Baş Assambleya iclası keçirilib. Avropa İttifaqı çərçivəsində fəaliyyət göstərən regional təşkilatların, habelə EPAC/EACN-ə tərəfdaş ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının yüksəkvəzifəli nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil edib.

Yüksək səviyyəli tədbirin açılış mərasimində çıxış edən Litva Prezidentinin nümayəndəsi Darius Kulieşius dövlət başçısı Gitanas Nausedanın müraciətini iclas iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra söz alan STT-nin direktoru Jidrunas Bartkus konfransın işini açıq elan edərək qarşıda duran məqsəd və vəzifələrdən danışıb.

Sonra tədbir iştirakçıları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş müsbət təcrübələrə dair fikir mübadiləsi aparılıb, bu sahədə yaranan problemlər və onların həlli yolları müzakirə edilib.

Tədbirin "Korrupsiyaya qarşı mübarizə sahəsində milli və regional təcrübəsinə dair EPAC/EACN-2021 mükafatı"na həsr olunmuş sessiyasında çıxış edən nümayəndəmiz korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb, həmin sahədə həyata keçirilən mütərəqqi hüquqi və institusional tədbirləri iştirakçıların diqqətinə çatdırıb, korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin uğurlu və innovativ nümunəsini təşkil edən "ASAN xidmət" və "DOST" modelləri barədə onlara geniş məlumat verilib.

Sessiyanın sonunda Azərbaycan Prokurorluğu korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlərə görə EPAC/EACN 2021 mükafatı ilə təltif olunub.

Bundan başqa, tədbirdə EPAC/EACN-in Avropa Birliyində Dürüstlük İşçi Qrupu tərəfindən dürüstlük və antikorrupsiya standartları üzrə hazırlanmış metodik tövsiyənin təqdimatı həyata keçirilib. Həmin materialda Azərbaycan Respublikasının Prokurorluğunun metodologiyası da əksini tapıb.

Tədbirin sonunda EPAC/EACN-in prezidenti vəzifəsinə seçkilər keçirilib. Həmin vəzifəyə Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkus seçilib.

AZƏRTAC