Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir
Digər xəbərlər

Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir

Serbiyanın paytaxtı Belqradda BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən yaradılmış "Təmiz İpək Yolu Pekin Təşəbbüsü" Şəbəkəsinin 3-cü iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2019-cu ildə Çinin paytaxtı Pekində təşkil olunmuş ikinci "Bir Kəmər, Bir Yol" Beynəlxalq Əməkdaşlıq Forumu zamanı irəli sürülən "Təmiz İpək Yolu Pekin Təşəbbüsü" BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrasına dəstək məqsədilə bu region ölkələrində beynəlxalq infrastruktur layihələrinin korrupsiyadan azad iqtisadi mühitlərdə maneəsiz inkişafı və şəffaf nəzarət mexanizmlərinə malik milli təsisatların təşviqi çağırışlarına uyğun olaraq yaradılmış layihədir.

BMT-nin nümayəndələri, habelə Türkiyə, Çin, İran, Albaniya, Qazaxıstan, Monqolustan, Qırğızıstan və digər dövlətlərin təmsilçilərinin qatıldıqları tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil ediblər.

İclasda beynəlxalq investisiyalar sahəsində korrupsiya risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi, bu sahədə korrupsiya hüquqpozmalarının qarşısının alınması üçün həyata keçirilməli olan preventiv tədbirlər, eləcə də həmin hallarla bağlı cinayət işlərinin istintaqının xarakterik xüsusiyyətləri və digər mövzular ətrafında geniş müzakirələr aparılıb. Birinci sessiyada beynəlxalq ekspertlər mövzularla bağlı geniş təqdimatlar edərək iştirakçılara müvafiq sahə üzrə mövcud səmərəli təcrübə barədə ətraflı məlumat veriblər.

Tədbirin ikinci sessiyasında isə beynəlxalq investisiyalar sahəsində baş vermiş korrupsiya hüquqpozmalarının müəyyənləşdirilərək qarşısının alınması mövzusunda ekspertlər tərəfindən təqdim olunan praktiki məsələlər nümayəndələrimiz tərəfindən həll edilib. Habelə iştirakçılar qeyd olunan məsələlərlə bağlı ölkəmizdə mövcud istintaq təcrübəsi barədə məlumatlandırılıblar.

AZƏRTAC