“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədində müəyyən edilmiş strateji məqsədlərə çatmaq üçün nəzərdə tutulmuş prioritet tədbirlərin həyata keçirilməsi üzrə 2018–2021-ci illərdə zəruri addımlar atılaraq, dövlət borcunun dayanıqlığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarının ən az xərclə və aşağı risklərlə qarşılanması və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Strategiyada qarşıya qoyulmuş hədəflərin müvafiq qaydada yenidən qiymətləndirilməsinin zəruriliyini, habelə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən olunmuş prioritetləri nəzərə alaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan prioritet tədbirlərin icrası ilə bağlı zəruri işlər görülməsini təmin etsin və bu barədə hər ilin yekunu üzrə növbəti ilin fevral ayının 25-dən gec olmayaraq, Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin;

2.2. Azərbaycan Respublikasında icra edilən və gələcəkdə planlaşdırılan layihələrin və dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan prioritet tədbirlərin icrası, o cümlədən ümumi dövlət borcunun (cəmi xarici və daxili dövlət borcunun) ümumi daxili məhsula nisbəti üzrə hədəflənən göstəricisi gözlənilməklə, 2022–2025-ci illər ərzində, bazar şərtləri nəzərə alınmaqla, dövlət büdcəsində müəyyən ediləcək yuxarı hədlər daxilində dövlət borcalmalarının daxili və xarici mənbələr hesabına həyata keçirilməsini təmin etsin. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2022-ci il