AZƏRBAYCAN-UKRAYNA: 31 İLLİK ƏMƏKDAŞLIĞIN MƏNZƏRƏSİ
Digər xəbərlər

AZƏRBAYCAN-UKRAYNA: 31 İLLİK ƏMƏKDAŞLIĞIN MƏNZƏRƏSİ

Fevralın 6-sı Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulması günüdür

Azərbaycan ilə Ukrayna arasında münasibətlər həmişə isti olub. Bu əlaqələrin ildən-ilə daha da möhkəmləndiyini sübut edən çoxlu faktlar var. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il fevralın 6-da müstəqillik əldə etdikdən sonra qurulmuş və o vaxtdan fəal şəkildə inkişaf edir. Bu il həmin münasibətlərin 31 ili tamam olur.

İki ölkə arasında əməkdaşlığın diapazonu böyükdür və ildən-ilə genişlənir: iqtisadi əməkdaşlıqdan tutmuş təhsilə qədər. Hüquqi bazaya ölkələr arasında 155 imzalanmış sənəd daxildir. Bu münasibətlər qarşılıqlı hörmət və dəstək üzərində qurulub, Ukrayna hər zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Və bu, hər zaman qarşılıqlı olub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kiyevə ötənilki işgüzar səfəri ticari-iqtisadi əlaqələrin perspektivləri baxımından hər iki ölkə üçün əlamətdar olmuşdur. Xüsusilə iki prezident arasında isti münasibətləri qeyd etmək lazımdır. Təsadüfi deyil ki, Zelenskinin 2019-cu ildə Ukrayna prezidenti seçildikdən sonra ilk səfərlərindən biri Bakıya olub. Sonra Ukrayna ilə Azərbaycan arasında prioritet istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlər imzalanıb.

Ukrayna lideri 2021-ci ilin dekabrında Brüsselə səfəri zamanı İlham Əliyevlə görüşüb və onu Kiyevə səfərə dəvət edib. Bu görüşdə Zelenski ölkələr arasında əməkdaşlığın nəqliyyat-logistika potensialına, xüsusən də dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya marşrutu üzrə yüklərin tranzitinin yaradılması üzrə işlərin intensivləşdirilməsinin zəruriliyinə diqqət çəkib. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkələr arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Perspektivli sahələrdən biri Azərbaycanın neft-qaz şirkəti SOCAR-ın mühüm rol oynadığı enerji sektorunda ölkələrin əməkdaşlığıdır. Onun törəmə şirkəti olan "SOCAR Energy Ukraine"nin fəaliyyəti Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsinin təkmilləşdirilməsinə, habelə benzin və neft məhsullarının topdansatış ticarətinin təşkilinə yönəlib.

SOCAR Ukraynada fəaliyyətə 2009-cu ilin dekabrında başlayıb. Şirkətin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi və 4 neft bazasından ibarət şəbəkəsi var. 2021-ci ildə Azərbaycan və Ukraynanın energetika nazirlərinin müavinləri Kamal Abbasov və Yaroslav Demçenkovun sədrliyi ilə videokonfrans vasitəsilə energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun IV iclası keçirilib. Tərəflər həmçinin SOCAR-ın Ukraynadakı fəaliyyətini şaxələndirmək, ölkənin neft məhsulları bazarında iştirakını artırmaq barədə razılığa gəliblər. Neft-qaz sənayesində investisiya layihələrinin birgə həyata keçirilməsinə dair də razılıq əldə olunub.

"SOCAR Energy Ukraine" Ukraynaya qonşu ölkələrdən, əsasən Belarus və Litvadan alınan aviasiya yanacağını idxal edir. Ukraynada 650-dən çox şirkəti birləşdirən "Reputation Activists" reytinq təşkilatı SOCAR-ı 2020-ci ildə "Neft məhsullarının pərakəndə satışı" kateqoriyasında Ukraynanın yanacaq sənayesində ilk üçlüyə daxil edib.

Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ilin 11 ayı ərzində Azərbaycandan 2020-ci ilin eyni dövründəki 233 milyon dollara qarşı 486 milyon dollar dəyərində neft idxal edilib. Qeyd edək ki, göstərilən müddət ərzində Ukraynanın ümumi neft idxalı 695 milyon ABŞ dolları təşkil edib. Yəni Ukraynanın bu enerji daşıyıcısının idxalında Azərbaycanın payı 70 faizdir. Bu isə o deməkdir ki, Azərbaycandan neft tədarükü Ukrayna üçün həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından çox vacibdir.

İki ölkə arasında ümumi ticarət dövriyyəsi də artır. 2021-ci ilin 11 ayında ticarət dövriyyəsi 866 milyon dollar (419 milyon idxal, 446 milyon ixrac) təşkil edib. 2020-ci ildə ticarət dövriyyəsi 771 milyon dollar (418 milyon idxal, 353 milyon ixrac) olub. Ukrayna Azərbaycanın 6-cı ən mühüm ticarət tərəfdaşıdır (ixrac baxımından 12-ci). Ukraynadan əsas ixrac malları qara metallar, tütün, kağız, karton, şəkər və qənnadı məmulatları, hazır taxıl məhsulları, ağac və s.

İki ölkə arasında təhsil və mədəniyyət kimi humanitar sahələrdə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin leytmotivini Azərbaycan və Ukraynanın yaradıcılıq, mədəni və təhsil təşkilatları ilə əlaqələrin qurulması, eləcə də iki ölkə arasında qarşılıqlı faydalı humanitar, mədəni və işgüzar əlaqələrin genişləndirilməsinə şərait yaradılması təşkil edir.

Məsələn, 2020-ci il martın 26-da Azərbaycan Prezidenti İlham Əliyev ilə ukraynalı həmkarı arasında telefon danışığı zamanı koronavirusla mübarizə üçün humanitar yardımın göstərilməsi barədə razılıq əldə olunmuşdu. 2020-ci ilin may ayında Azərbaycan Ukraynaya tibbi maskalar, qoruyucu geyimlər, termometrlər, dezinfeksiyaedici maddələr və digər material və avadanlıqlar daxil olmaqla 23 ton humanitar yardım göstərmişdi.

Yeri gəlmişkən, Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı ölkə əhalisinin kifayət qədər çətin vəziyyətə düşdüyünü nəzərə alaraq, Azərbaycan dövləti Ukrayna xalqına dəyəri on milyonlarla dollar olan müxtəlif təyinatlı mülki humanitar yardım göndərmişdir. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Ukraynadakı Azərbaycan diasporu ölkədəki ən çoxsaylı və fəal diasporlardan biridir. Bunun sayəsində 18 iyul 2018-ci il tarixində Azərbaycan səfirliyinin təşəbbüsü və hərtərəfli dəstəyi ilə Müslüm Maqomayevin, 2019-cu il mayın 27-də isə burada Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb. 2019-cu ilin noyabrında isə Ukraynanın Dnepr şəhərində Azərbaycan Mərkəzi açılıb.

Bakıda ukraynalı şair və yazıçı Taras Şevçenkonun abidəsi var. Abidənin 2008-ci il iyunun 30-da Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın ovaxtkı prezidenti Viktor Yuşşenko tərəfindən açılışı olub. 2021-ci ildə Ukraynanın Azərbaycandakı səfirliyində Ukrayna Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb.

Bakı Dövlət Universitetinin Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti, Dnepropetrovsk, Çerkassı Milli universitetləri kimi ali təhsil müəssisələri ilə əlaqələri mövcuddur. Regionlararası Personal İdarəetmə Akademiyasının (IAPM) Azərbaycanın ali məktəbləri ilə birgə fəaliyyəti də qeyd olunmalıdır. Bir çox azərbaycanlı tələbələr keyfiyyətli təhsil verən ölkə kimi Ukraynanı seçirlər.

Əminliklə deyə bilərik ki, Azərbaycan ilə Ukrayna arasında əlaqələr bundan sonra da inkişaf edəcək, ölkələr arasında əməkdaşlıq genişlənəcəkdir.

Emin QASIMOV,

"Respublika".