Tarixi yurd yerlərimizin yenidən qurulmasında dost ölkələr fəal iştirak edirlər
Digər xəbərlər

Tarixi yurd yerlərimizin yenidən qurulmasında dost ölkələr fəal iştirak edirlər

İşğaldan azad olunan ərazilərdə sürətli bərpa-quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı üçün hər cür şəraitin yaradılması dövlət siyasətinin prioritet istiqamətidir. Vətən müharibəsi bitdikdən sonra ilk günlərdən Azərbaycanın dilbər guşəsi Qarabağın bərpasına başlanılıb. Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən yaradılır, müasir şəhərlər, kəndlər salınır, mədəniyyət sarayları, idman arenaları, təhsil və səhiyyə müəssisələri tikilir. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə, müasir bir diyara çevrilir.

Qarabağın bərpası istiqamətində mühüm əhəmiyyətli layihələr güclü, dinamik iqtisadiyyata, zəngin təbii potensiala sahib olan ölkəmizin öz gücünə reallaşdırılır. Ötən ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev üç ay ərzində bütün sahələrdə görülmüş işləri təhlil edərək əldə olunan nəticələrdən və ilin sonuna qədər qarşıda duran həlli vacib olan məsələlərdən, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs etmişdir: "Onu da bildirməliyəm ki, biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm". Qarabağda və Şərqi Zəngəzurda dağıntıların dünyada bənzəri olmadığını bildirən dövlət başçımız nə işğal, nə də postmüharibə dövründə Azərbaycana heç bir beynəlxalq təşkilatdan, heç bir fond tərəfindən yardım göstərilmədiyini vurğulayıb.

Azərbaycan Prezidenti müharibənin bitdiyi ilk vaxtlardan Qarabağın dünyada nümunəvi bir məkana çevriləcəyini, doğma yurd yerlərinə qayıdacaq vətəndaşlarımızın orada rahat, firavan yaşayacaqlarını çıxışlarında dəfələrlə qeyd etmişdir. Bu gün 10 min kvadratkilometr ərazidə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sahələri ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş məcburi köçkünlərin bir qisminin doğma torpaqlarına qaytarılması və burada insanların normal həyatının təmin edilməsi bunun əyani sübutudur.

Sözün əsl mənasında, böyük güc, potensial, maliyyə və vaxt tələb edən bərpa-quruculuq işləri, Böyük Qayıdışın mərhələ-mərhələ reallaşması mərkəzləşmiş qaydada həyata keçirilir. Vətən müharibəsində Azərbaycanın yanında olan, onun haqlı mövqeyini dəstəkləyən dost ölkələr postmüharibə dövründə Qarabağın yenidən qurulması prosesində də yaxından iştirak edirlər. Türkiyə ilə yanaşı, İngiltərə, İtaliya, Yunanıstan, Macarıstan və başqa ölkələr əmin-amanlıq, sülh tərəfdarı olan ölkəmizin quruculuq işlərinə dəstək göstərirlər. Qardaş ölkə Türkiyə müharibədən sonra da Qarabağın dirçəldilməsi, əvvəlki görkəminin özünə qaytarılması işinə mühüm töhfə verir. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturu layihələrinin icrasında, işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcər rayonunda dağ-mədən fəaliyyətinin başlanmasında qardaş ölkənin şirkətləri yaxından iştirak edir. Ölkəmizlə dostluq, səmimi əməkdaşlıq əlaqələri olan İtaliya da quruculuq işlərinə dəstək göstərir. Belə ki, İtaliyanın "Ansaldo Energia" şirkəti ilə "Azərenerji" ASC arasında qarşılıqlı əməkdaşlıq sahəsində imzalanan təchizat müqaviləsinə əsasən işğaldan azad olunmuş ərazilərdə - Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirir. Energetika infrastrukturunun bərpası ilə yanaşı, İtaliya şirkətləri şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin icrasında da yaxından iştirak edir. Həmçinin, bu ərazilərdə Memorial və Zəfər muzeylərinin tikintisi, Şuşada yeni məscidin inşası da İtaliya şirkətlərinə həvalə olunub. Böyük enerji şirkətlərindən olan "BP" də Qarabağda həyata keçirilən quruculuq işlərində fəallıq göstərir. Yunanıstanın iri şirkət sahibləri iqtisadiyyat, turizm, tikinti, energetika, İKT, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil və s. sahələrdə fəaliyyət göstərmək üçün müraciət etmişlər. Macarıstan şirkətlərinin bərpa-quruculuq işlərində iştirakı məsələsi dövlətlər səviyyəsində müzakirə edilmişdir. Özbəkistan Respublikası Füzuli rayonunda məktəb, Qazaxıstan isə yaradıcılıq mərkəzi inşa edir. Qeyd edək ki, özbək xalqı adından hədiyyə olaraq işğaldan azad olunan Füzuli şəhərində tikilən 960 şagird yerlik müasir məktəb binası yeni tədris ilində istifadəyə veriləcək. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları və s. inşa edilib.

Bütün bunlar düşmən əsarətindən azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinin yalnız bir hissəsidir. Həyata keçirilən layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Bir tərəfdən ərazilərimiz ölümsaçan minalardan təmizlənir, digər tərəfdən isə bu ərazilərdə bərpa-quruculuq işləri aparılır. Bu proseslər isə müstəqil dövlətimizin öz gücü, potensialı, ölkə başçımızın isə qətiyyəti, əzmkarlığı sayəsində gerçəkləşir. Azərbaycana öz ərazilərini, qədim yurd yerlərini qurub-yaratmaqda isə dost ölkələr yaxından kömək göstərirlər.

Mehparə ƏLİYEVA,

"Respublika".