Əhalinin ərzaq təminatında taxılçılıq müstəsna rol oynayır. Azərbaycanda isə bu sahənin inkişafı xüsusilə vacibdir. Çünki bizdə bir nəfərin adambaşına illik istehlak norması 185 kiloqramdır. Amma təəssüf ki, biz yerli istehsal hesabına bu tələbatın yalnız 65 faizini ödəyə bilirik. Tələbatın qalan hissəsi isə idxal hesabına ödənilir.
Ona görə də dövlət başçısı cənab İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilnəsinə dair bir sıra tədbirlər haqında” 19 iyul 1922-ci il tarixli Fərmanı bu sahənin inkişafında müstəsna rol oynayır. Əlaqədar təşkilatlar fərmandan irəli gələn vəzifələrin icrasına dərhal başlamışlar. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti xəbər verir ki, ölkədə buğda əkinlərinin sahəsi ötən ilin payızında 7,8 faiz artıb. Belə ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8 faiz çoxdur.
Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa, 160 hektarını isə çovdar sahələri təşkil edir. Bundan əlavə, ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb.
2021/2022-ci təsərrüfat ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılır. Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir.
Qeyd edək ki, yazlıq dənli və dənli-paxlalı bitkilərin əkininə isə mart ayından start veriləcək.
Nəriman CAVADOV,
“Respublika”.