AZƏRBAYCANIN SÜLH MESAJLARI YÜKSƏK DƏYƏRLƏNDİRİLİR
Siyasət

AZƏRBAYCANIN SÜLH MESAJLARI YÜKSƏK DƏYƏRLƏNDİRİLİR

Bütün təxribatlara baxmayaraq, dövlətimiz təmkinli, müstəqil və ədalətli siyasət həyata keçirir

Ermənistanın ölkəmizlə sərhəddə təxribatlar törətməsi və rəsmi şəxslər tərəfindən ara-sıra sərsəm bəyanatlar verilməsi təkcə Azərbaycanı deyil, digər ölkələri də müəyyən dərəcədə narahat edir. İstər region, istərsə də dünya dövlətləri anlayırlar ki, hazırda bölgədə söz sahibi Azərbaycandır və bu səbəbdən də daha çox Azərbaycan Prezidentinin fikirlərinə böyük maraq göstərirlər. Dünyanın aparıcı ölkələrinin rəhbərləri, tanınmış siyasətçiləri, önəmli beyin mərkəzləri, ekspertlər və KİV nümayəndələri həm də faktiki olaraq cənab İlham Əliyevin konseptual, ədalətli və həqiqəti ifadə edən məntiqi fikirlər irəli sürdüyünü tam aydınlığı ilə başa düşürlər.

Cənab Prezident həmişə prosesləri ardıcıllıqla, siyasi, tarixi, geosiyasi və təhlükəsizlik kontekstində aydın izah edir. Konkret şəkildə göstərir ki, 44 günlük Vətən müharibəsi Azərbaycan və bütövlükdə region üçün böyük əhəmiyyətə malikdir. Çünki bu, faktiki olaraq tarixi ədalətin bərpa olunmasını təmin etdi. Bunu Azərbaycan öz əzəli və tarixi torpaqlarını işğaldan azad etməklə reallaşdırdı. Əlbəttə, hadisənin tarixiliyi yalnız Azərbaycanla məhdudlaşmır. Burada həm də region və dünya üçün ciddi əhəmiyyəti olan proseslər cərəyan etdi. Yəni Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qətiyyətli addımlar atdı, regionda ədaləti bərpa etməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Eyni zamanda, qlobal miqyaslı geosiyasi qərarlar qəbul olundu.

Bütün bunlar bir tərəfdən, beynəlxalq hüquq normalarının işlədiyini göstərməklə bağlıdırsa, digər tərəfdən, qlobal geosiyasi nizamın dayanıqlılığına və davamlılığına bir töhfədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan xalqının öz ərazilərini işğaldan azad etmək uğrunda apardığı 44 günlük müharibəni bu kontekstdə təqdim etməsi şübhəsiz ki, bütün dünya üçün geosiyasi əhəmiyyətli hadisədir. Həm də Azərbaycan rəhbərliyinin baş verənləri hər bir istiqamətdə kifayət qədər dərindən və əhatəli qiymətləndirdiyinin təsdiqidir.

Azərbaycan Prezidentinin bu cür qətiyyətli və tarixi qələbəyə istiqamətlənmiş fəaliyyəti Qarabağ bölgəsinin insanlarını da ruhlandırdı. İndi onlar sevinclə öz doğma torpaqlarına qayıtmağa can atırlar. Ancaq ermənilərin 30 il boyunca dağıtdıqlarını bərpa etmək gərəkdir. Bu isə böyük işdir və müəyyən zaman tələb edir. Buna baxmayaraq, həm Azərbaycan dövləti, həm onun əsl dostları, həm də bölgənin insanları qeyd edilən məqsədə çatmaq üçün yorulmadan fəaliyyət göstərirlər.

Lakin Azərbaycan tərəfinin sülhsevər və hər cəhətdən konstruktiv mövqeyinə Ermənistan eyni əhvali-ruhiyyə ilə cavab vermir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh sazişindən qaçmağa çalışır, sərhədlərin delimitasiyası və demarkasiyasını ləngidir. Azərbaycan isə yenə də səbir nümayiş etdirir. Ermənistanın sülh yolunu qəbul etməsi isə yalnız Azərbaycana deyil, Ermənistana və ümumən regiona da faydalar verəcək.

Göründüyü kimi, Azərbaycan Prezidentinin təşəbbüsləri birbaşa əməkdaşlığa, sülhə və təhlükəsizliyə hədəflənib. Bu aspektdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi fikirlər böyük maraq doğurur: "Əgər Ermənistan... Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək".

Əslində, burada cənab İlham Əliyev ədalətli və ardıcıl mövqe tutaraq yalnız Ermənistana deyil, bütün dünyaya geosiyasi əhəmiyyətli mesaj verib: məğlub olan Ermənistan 10 noyabr Bəyanatında yer almış müddəanı - ərazi bütövlüyünün tanınmasını qəbul edərsə, onunla əməkdaşlıq yaranar. Həm regionda uzunmüddətli sülh olar, həm də Zəngəzur dəhlizi vasitəsilə Ermənistan dünyaya çıxış əldə edər. Bütün ticarət əlaqələri bərpa olunar.

Dövlətimizin başçısı tərəfindən məsələnin qoyuluşunda dünyaya bəyan edilən incə mesaj bundan ibarətdir ki, Azərbaycanın Ermənistanı yer üzündən silmək kimi bir məqsədi yoxdur, halbuki müharibənin gedişində hərbi əməliyyatları davam etdirib bu forpost ölkəni tamamilə darmadağın edə bilərdi. Bu Azərbaycanın beynəlxalq hüquqa istənilən situasiyada əməl etmək iradəsi olaraq qəbul edilməlidir. Üstəlik, Azərbaycan bəyan edir ki, Zəngəzur dəhlizi, faktiki olaraq, bütün tərəflərə, o cümlədən dünyaya faydalı olacaq. Zəngəzur etnik emosiyanın deyil, real və rasional hesablanmış proqnozların nəticəsi olaraq geosiyasi gündəmə gəlib. Əlbəttə, Azərbaycan rəhbərinin mesajındakı vacib tarixi və ədalətli məqamı ermənilərlə yanaşı, onların havadarları da dərk etməlidirlər. Bu mənada cənab Prezident açıq bildirir - seçim sizindir, Azərbaycan bütün variantlara hazırdır.

Azərbaycan rəhbərinin Türkiyə ilə münasibətlərə Zəngəzur dəhlizinin təsiri fonunda fikir bildirməsi maraqlı olduğu qədər də, müstəqil dövlət siyasəti və əməkdaşlığın perspektivləri baxımından əhəmiyyətlidir. Cənab İlham Əliyev vurğulayır: "Əlbəttə, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bildiyiniz kimi, dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır".

Bu baza tezisindən çıxış edərək Zəngəzur dəhlizinin bir çox ölkə üçün faydalı olacağı haqqında fikir söyləmək olar. Dövlət başçısının dəmir yolu ilə yanaşı, avtomobil yolunun da açılması haqqında qətiyyətlə danışması Ermənistana, havadarlarına və dünyaya olan növbəti mesajdır. Prezident burada yeni bir aktual konteksti qabardır. Azərbaycan qüdrətli dövlət kimi ilk növbədə, qlobal düşünür və ölkə rəhbərliyi də hər şeydən öncə, həm regionda sabit və dayanıqlı sülhün bərqərar olunmasına, həm də özünün milli maraqlarına üstünlük verir.

Emin QASIMOV,

"Respublika".