Bəşəri dəyərlərə çirkin hörmətsizlik
Digər xəbərlər

Bəşəri dəyərlərə çirkin hörmətsizlik

Türkiyənin acısını bayrama çevirmələri fransız-erməni tandeminin faciəsidir

Əzəli, əbədi düşmən. Bəli, ermənilər türkün əzəli düşmənidir və tarixin müəyyən dönəmlərində bu, özünün təsdiqini tapıb. Buna baxmayaraq, türk həmişə böyüklüyündə qalıb, bütün xalqlarla olduğu kimi, ermənilərlə də dinc yanaşı yaşamağı üstün tutub. Bəs ermənilər? Bilirsiniz, bu nankor milləti türklərdən fərqləndirən ən başlıca cəhət nədir? Sən demə, türk anaları beşik başında öz körpəsinə laylalar, bayatılar, oxşamalar söyləyəndə erməni qarıları cocuqlarının qulağına bu sözləri pıçıldayır: "Qulağını yaxşı aç eşit, sənin ən böyük düşmənin türkdür". Qardaş Türkiyədə baş verən təbii fəlakətdən sonra əmin oldum ki, fars və fransızlar da övladlarını elə bu ruhda böyütmüşlər...

Müasir həyatımızda tez-tez işlədilən bir ifadə var: "Heç kim heç nədən sığortalanmayıb". Yəni qəzavü-qədər bizi istədiyi məqamda haqlaya bilər. Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ də həmçinin, qışın oğlan çağında, gecənin qaranlığında titrətdi torpağı, üstündə bir tikili belə qoymadı. Nə bir qocaya, nə bir körpəyə rəhm etdi, təbiət. Acımız böyükdür. Təbii fəlakətin əhatə dairəsinin genişliyi insanı lərzəyə gətirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin dünya tarixində ən dəhşətli təbii fəlakətlə üzləşdiyini vurğulayıb. Bu faciənin miqyasını sözlə ifadə etmək belə, çətindir, sözün bitdiyi yerdir bura. Bir şey gün kimi bəllidir, indi qardaş Türkiyəmizin ciddi dəstəyə və yardıma ehtiyacı var. Bu gün əsl dostla düşmənin tam aydınlığı ilə üzə çıxdığı bir gündür. "Əsl dost dar gündə tanınar", - deyib atalar. Türkiyənin dostları ilə işimiz yox. Çünki dünyanın bir çox ölkələri yardım göndərməyə hazır olduğunu bəyan edirlər. Bu, yaxşıdır, deməli, dəyərləri itən dünyamızda insanlıq az da olsa yaşayır. Ancaq rəsmi Ankaranın BMT başda olmaqla, bütün dünyaya yardım üçün müraciət etdiyi bir vaxtda dəstək təklif etmək yox, məhz yardım göstərmək lazımdır. Necə ki, əsl dost, qardaş ölkələr bunu edirlər.

Dərdimiz böyükdür, ürəklər qan ağlayır, hətta televiziya ekranlarından belə o görüntüləri izləmək mümkün deyil. Hər gün dağıntılar altından çıxarılan bir can üçün belə Tanrıya şükür edirsən, daha bir insanın sağ qalmasına sevinirsən. Günlərlə ac-susuz, soyuq daşların əhatəsində bir küncə sıxılıb həyatla mücadilə edən 9 yaşlı Semihin 156 saat sonra ölümün caynağından qurtularkən: "Su içə bilirmiyim? Damacana su gətirin" (yəni bir bidon) sözlərini eşitmək xoş olduğu qədər də, ağırdır. Üsyan etmək istəyirsən taleyə, qədərə, yazıya... O görüntüləri ən daşqəlbli insan belə sakit izləyə bilməz, dilindən, dinindən, irqindən asılı olmayaraq qəlbində Tanrı sevgisi olan hər kəs acıyar valideynsiz qalan uşaqlara, övladlarını itirən ataların, anaların halına.

Axı, bu dəhşətli mənzərəyə, faciəyə necə sevinmək olar? Əgər sevinirsə, deməli, içində ürək yerinə bir daş asılıb, damarlarında qan yox, qan rəngində bir maye axır.

Qardaş Türkiyəmizin bu ağır günündə Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalının baş vermiş dəhşətli zəlzələ ilə bağlı altında "tanklara ehtiyac qalmadı" şərhini yazaraq dərc etdiyi karikatura heç bir insanlığa, jurnalist etikasına sığmır. Bu məqamda belə tərbiyəsiz, əxlaqsız, qansız biriləri ilə eyni peşəni bölüşdüyüm üçün utanc hissi keçirirəm. Siyasət öz yerində, axı, biz insanıq, hamımızı eyni bir Tanrı yaradıb. Hamımızın Yer adlı bir evi, Göy adlı bir səması var, günəşimiz bir, ayımız bir. Yəni fransalı həmkarlarımız təbii fəlakətlərin də ölüm kimi qaçılmaz olduğunu unudurlar.

Bəlkə "Charlie Hebdo" özünə siyasi dividend qazanmaq, məşhurlaşmaq istəyib? Ola bilər! Amma fransalı "müsyölər", "madam, madmuazellər" bir şeyi də ya bilmir, ya da bilirlərsə unudurlar: başqasının faciəsi, bədbəxtliyi üzərində qurulan xoşbəxtlik uzun sürmür axı...

Britaniyalı politoloq Neil Vatson da jurnalı elə bu baxımdan "Türkiyədə baş verən dəhşətli zəlzələ heç bir satirik karikatura ilə uyğun gəlmir" açıqlaması ilə qınayıb. Hər zaman söz və ifadə azadlığının tərəfdarı olduğunu vurğulayan britaniyalı politoloq fransız jurnalının dərc etdiyi karikaturalardan heyrətə gəldiyini deyib: "Charlie Hebdo" həmin karikatura ilə öz antitürk və islamofob yanaşmasını bir daha nümayiş etdirdi".

Britaniyalı politoloqun sözlərində isə böyük bir həqiqət var, çünki həmin jurnal Türkiyəyə uzun illərdir ki, düşmənçilik nümayiş etdirir, tez-tez İslam dinini təhqir edən karikaturalar dərc edir. Əslində isə elə bu, dolayısı ilə rəsmi Parisin mövqeyini ifadə etmək deməkdir. Buna şübhə yoxdur...

Ermənistan da elə bu mövqedədir, ermənilər Türkiyədə baş verən təbii fəlakətə sevinir və bunu gizlətmirlər. Bir türk uşağının qanını stəkana doldurub içən bir millətdən bundan artıq nə gözləmək olar ki?! Bu "cüt bacı"nın ilham pərisi olan İran da onlardan geri qalmır.

Həyat göstərir ki, hər çöküşün bir yüksəlişi, hər yüksəlişin də bir çöküşü var. Türkiyə isə çökməyəcək, o, güclü bir dövlətdir və bu sınaqdan da uğurla çıxacaq. Yenidən dimdik ayağa qalxacaq, fransız tandemi də daxil olmaqla, bütün düşmənlərini məyus edəcək.

Azərbaycanlı politoloqların fikrincə, əgər Ermənistanda, İranda və Fransada ümid edirlərsə ki, yaxın illərdə Türkiyənin resurslarının məhdudlaşdırılması vəziyyətin dəyişməsinə şərait yarada bilər, deməli, səhv edirlər. Türkiyənin dostları düşmənlərindən daha çoxdur...

Zümrüd QURBANQIZI,

"Respublika".