Birinci Qarabağ müharibəsi əlillərinə verilən birdəfəlik ödəmələr ilə bağlı ən çox ünvanlanan sual və cavablar
Sosial həyat

Birinci Qarabağ müharibəsi əlillərinə verilən birdəfəlik ödəmələr ilə bağlı ən çox ünvanlanan sual və cavablar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında "Nazirlik Birinci Qarabağ müharibəsi əlillərinə verilən birdəfəlik ödəmələr ilə bağlı ən çox ünvanlanan suallara aydınlıq gətirib" posterləri dərc olunub. AZƏRTAC həmin posterlərdə yer alan sual və cavabları oxuculara təqdim edir.

–Birdəfəlik ödəmə kimlərə şamil olunur?

Birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək olan müddət dövründə hərbi xidmətdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları və ya onların vərəsələrinə şamil olunur.

–1997-ci il avqustun 2-dək olan dövrdəki xidmətlə əlaqədar müəyyən edilmiş əlilliyə görə əvvəllər az miqdarda sığorta ödənişi almış şəxslər və ya onların vərəsələri yenidən sığorta ödənişi ala bilərmi?

Əvvəllər az məbləğdə sığorta ödənişi almış şəxslərə də tam məbləğdə birdəfəlik ödəniş veriləcək.

–1997-ci il avqustun 2-dək olan xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər və ya onların vərəsələri sığorta ödənişi ala bilərmi?

Sonradan reabilitasiya olunmuş şəxslər və ya onların vərəsələri də sığorta ödənişi almaq hüququna malikdirlər.

–Birdəfəlik ödəmə almaq hüququ olan şəxsə proaktiv təyinat aparılmamışdırsa, bu zaman hansı sənədlərdə və hansı quruma müraciət olunmalıdır?

Vətəndaş xəsarət alması barədə məlumatın sistemə daxil edilməsi üçün xidmət keçdiyi quruma müraciət etməlidir. Müvafiq qurumdan nazirliyə xəsarətlə bağlı məlumat göndərildikdən sonra aşağıdakı sənədlər DOST mərkəzlərinə, Vahid Əlaqələndirmə Mərkəzlərinə və DSMF-nin yerli bölmələrinə təqdim edilməlidir:

– birdəfəlik ödəmənin verilməsi üçün ərizə;

– şəxsiyyət vəsiqəsi;

– əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edilməsinə dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.)

–1997-ci il avqustun 2-dək olan dövrə aid xidmətlə əlaqədar xəsarət almış, lakin əlilliyi 1997-ci ildən sonra müəyyən edilmiş şəxslərin və ya onların vərəsələrinin birdəfəlik sığorta ödənişi almaq hüququ var?

Bəli, əlilliyin müəyyən edilməsi tarixindən asılı olmayaraq, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının və ya onların vərəsələrinin də birdəfəlik ödəniş almaq hüququ var.

–Adı www.sosial.gov.az saytında proaktiv ödəmə hüququ olan şəxs kimi çıxan şəxs vəfat edibsə, birdəfəlik ödəmə hansı qaydada təyin edilir?

Bu zaman vəfat edən şəxsin vərəsəsi (vərəsələri) notariat kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsini almalıdır. Bu barədə notariat kontoru tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək.

–www.sosial.gov.az saytında proaktiv ödəmə hüququ olan şəxs kimi adı çıxmayan şəxs vəfat edibsə, vərəsə (vərəsələr) hansı qaydada müraciət etməlidir?

Bu zaman vərəsə (vərəsələri) xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün şəxsin xidmət keçdiyi qurumun hərbi həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidir. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik şəhadətnaməsi əsasında proaktiv təyinat həyata keçiriləcək.

–Vəfat edən şəxsin əlilliyi barədə e-sistemdə məlumat mövcud deyilsə, hansı qaydada müraciət edilməlidir?

Xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) e-sistemə daxil edilməsi üçün şəxsin xidmət keçdiyi qurumun hərbi həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət zamanı vəfat edən şəxsin əlilliyinə dair e-sistemdə məlumat aşkarlanmadıqda DOST mərkəzlərinə, Vahid Əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə aşağıdakı sənədlər təqdim edilməlidir:

– birdəfəlik ödəmənin verilməsi üçün ərizə;

– birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;

– vərəsəlik hüququ haqqında şəhadətnamə;

– vərəsənin şəxsiyyət vəsiqəsi;

– vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.)

–Adı proaktiv təyinatla birdəfəlik ödəmə alacaq şəxslərin siyahısında olmayan vətəndaş əvvəlcə hara müraciət etməlidir?

Adı www.sosial.gov.az saytında proaktiv təyinatla birdəfəlik ödəmə alacaq şəxslərin siyahısında olmayan vətəndaş xəsarəti ilə bağlı məlumatın e-sistemə daxil edilməsi üçün xidmət etdiyi qurumun hərbi həkim komissiyasına müraciət etməlidir.

–Birdəfəlik ödəmə ilə bağlı müraciət edən şəxsin xəsarətlə bağlı məlumatları e-sistemdə, əlilliyi barədə sənədi isə kağız daşıyıcıda olduqda o, nə etməlidir?

Vətəndaş əlilliyi təsdiq edən sənədi kağız daşıyıcıda olduqda bu barədə məlumatın e-sistemə daxil edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməlidir.

–Birdəfəlik ödəmə ilə bağlı müraciət edən şəxsin əlillik dərəcəsi dəyişdiyi halda hansı əlillik dərəcəsinə əsasən təyinat aparılacaq?

Birdəfəlik ödəmə şəxsə ötən dövrdə təyin olunan ən yüksək əlillik dərəcəsinə əsasən ödəniləcək.

–Şəxsin əlillik səbəbi dəyişdiyi halda birdəfəlik ödəmə ala biləcəkmi?

Birdəfəlik ödəmə almaq hüququ olan şəxsin əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və hərbi xidməti vəzifələrinin icrası səbəbindən qazanılmasına baxmayaraq sonradan əlillik səbəbi dəyişərsə, bu halda da ona və ya vərəsələrinə birdəfəlik ödəmə veriləcək.

–Birdəfəlik ödəmə təyin olunan şəxs bank kartı əldə etmək üçün hara müraciət etməlidir?

Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödəniləcək. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər isə yeni kartların şəxsiyyət vəsiqəsini təqdim edərək ABB-nin istənilən filialından əldə edə bilərlər.

–Vətəndaş birdəfəlik ödəmə almaq hüququnun olub-olmadığını necə öyrənə bilər?

Birdəfəlik ödəmə təyin olunduqda vətəndaşa bu barədə, həmçinin ödəməni hansı bankdan alacağına dair SMS göndərilir. Vətəndaşlar, həmçinin nazirliyin www.sosial.cov.az saytındakı "Müharibə əlillərinə birdəfəlik ödəmə" pəncərəsinə daxil olaraq bu haqda məlumat əldə edə bilərlər.

AZƏRTAC