Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib
Digər xəbərlər

Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Ölkə başçısı dəfələrlə deyirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz torpaqlarımızı geri qaytaracağıq və belə də oldu. Biz ədaləti, beynəlxalq hüququ bərpa etdik. Bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

"Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşi xislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində bildirib. Prezident İlham Əliyevin Gəncədə, İkinci Qarabağ müharibəsində ermənilərin mülki əhalini raket atəşinə tutması nəticəsində yaranan dağıntılar qarşısında səsləndirdiyi fikirlər də erməni faşizminin yenidən təzahür edə biləcəyi barədə, bu dəhşətli ideologiyadan ziyan çəkən xalqlara və dövlətlərə xəbərdarlıq kimi qəbul edilməlidir: “Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır”.

Ermənilər döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atır, mülki şəxslərə qarşı hərbi təxribatlar törədirdilər. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. 1992-ci ildən son dövrlərə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması erməni faşizminin təzahürləridir. Artıq dünya ictimaiyyəti tərəfindən tanınan, azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı erməni faşizminin insanlıq əleyhinə ən qəddar cinayəti kimi qəbul olunur. Düşmənin Qarabağda və ətraf rayonlarda hər yeri xarabalığa çevirdiyini, bütün infrastrukturu tamamilə dağıtdığını, qədim tarixə, nadir maddi və mənəvi irsə, zəngin yeraltı, yerüstü sərvətlərə vəhşicəsinə yanaşdığını, əraziləri minaladığını xüsusi qeyd edirlər. Ermənilər tarixin müxtəlif dövrlərində öz mənfur siyasətlərini reallaşdırmaq və başqa xalqların mənsub olduğu torpaqları zəbt etmək üçün qətliamlar, soyqırımları həyata keçiriblər. Elə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımları buna əyani sübutdur. Erməni faşizmindən irəli gələn bu mənfur siyasət bu gün də Ermənistan dövləti tərəfindən bilavasitə və dolayı yolla davam etdirilir. Ölkə başçımız vurğulayır ki, ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün nümunədir, faşizmin isə yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməli, dərk etməli və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər. Dövlət başçımızın Gəncədə təməlini qoyduğu Memorial Kompleks erməni faşizminin cinayətlərini hər zaman bütün dünyaya xatırladacaq. Bu yaddaş silinməməli və heç kim erməni vəhşiliyini unutmamalıdır. Azərbaycan erməni faşizminin ən kiçik təhdidinə dərhal ağır zərbə ilə cavab verməyə hazırdır.

Bu gün Azərbaycan qalib dövlət olaraq işğaldan azad olunmuş əzəli ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri ilə məşğuldur. Müharibə başa çatıb, regional sülhün möhkəm və davamlı olmasında ən çox səy göstərən ölkə də məhz Azərbaycandır. Lakin cərəyan edən hadisələr belə deməyə əsas verir ki, bu gün Ermənistanda hələ də erməni faşizmini dirçəltməyə çalışan revanşist qüvvələr var. Onlar Azərbaycanı növbəti təxribatlarla, müharibə ilə hədələyirlər. Ermənistanda yalnız hakimiyyət dairələrində deyil, eləcə də hakimiyyətə qarşı müxalif olanlar arasında mövcud məğlubiyyət vəziyyəti ilə barışmayanların revanşist fəaliyyətləri müşahidə olunmaqdadır. Ermənistan rəhbərliyi sözdə "sülh sazişi imzalamaq" adı altında "bəyanatlar" səsləndirsə də, həmin "bəyanatlar"ın reallığının aşkar tərəfi görünməməkdədir. Əgər belə olsa idi, 2020-ci ilin 10 noyabrında, 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli sənədlərdəki bəndlər, şərtlər dərhal icra olunardı və bu qədər vaxt süni şəkildə uzadılmazdı. Yəni fakt budur ki, dövlət başçımızın da vurğuladığı kimi, Ermənistan hakimiyyətinə etibar etmək, inanmaq doğru deyil. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin.

Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə labüddür. Ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq, cavab tədbirləri sarsıdıcı olacaq. İstənilən dövlətin öz ərazisində hərbi əməliyyat keçirməsi, yaxud cinayətkarları zərərsizləşdirməsi müstəsna hüququdur. Bu, beynəlxalq hüquqda və konvensiyalarda təsbit edilib. Çünki belə olmasa, həmin cinayətkarlar həm regional, həm də qlobal miqyasda təhlükə mənbəyinə çevrilə bilər. Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusu bölmələrinə qarşı törətdiyi təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Azərbaycan Ordusunun həmin qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürüldü. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım etdi. Üçrəngli əzəmətli bayrağımız Laçın şəhərində yenidən dalğalandı. Basqal qəsəbəsində Azərbaycan Televiziyasının müxbirinin avqustun əvvəlində ermənilərin törətdiyi növbəti təxribata dair sualına cavabında "Qisas" əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz.

Mustafa KAMAL,

"Respublika".