BMT-nin FƏAL ÜZVÜ OLAN AZƏRBAYCAN BÖYÜK NÜFUZA MALİKDİR
Siyasət

BMT-nin FƏAL ÜZVÜ OLAN AZƏRBAYCAN BÖYÜK NÜFUZA MALİKDİR

24 oktyabr 1945-ci il bu mötəbər beynəlxalq qurumun yaranma günüdür

Birləşmiş Millətlər Təşkilatı (BMT) beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, habelə dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün yaradılmış beynəlxalq təşkilatdır. BMT unikal legitimliyə malik universal forum, beynəlxalq kollektiv təhlükəsizlik sisteminin dəstəkləyici strukturu, müasir çoxtərəfli diplomatiyanın əsas elementi hesab olunur. BMT-nin qərargahı Nyu-Yorkdadır. BMT-nin Vyana, Cenevrə və Nayrobidə də əlavə ofisləri var. Beynəlxalq Ədalət Məhkəməsi Haaqada yerləşir."Birləşmiş Millətlər Təşkilatı" adı ilk dəfə 1942-ci il yanvarın 1-də ilkin olaraq dörd dövlət: ABŞ, Böyük Britaniya, SSRİ və Çin tərəfindən imzalanmış Bəyannamədə istifadə edilmişdir. Bəyannaməni imzalayan dövlətlər Atlantika Xartiyasında (1941-ci il avqustun 14-də Böyük Britaniyanın baş naziri U.Çörçill və ABŞ prezidenti F.D.Ruzvelt tərəfindən qəbul edilmiş bəyanatda) müəyyən edilmiş birgə proqrama qoşuldular və bütün resurslardan - hərbi və iqtisadi resurslardan istifadə edəcəklərini öhdələrinə götürdülər.

BMT Nizamnaməsi 1945-ci ildə San-Fransisko Konfransında təsdiq edilmiş, 1945-ci il iyunun 26-da 50 dövlətin nümayəndələri tərəfindən imzalanmış və həmin il oktyabrın 24-də qüvvəyə minmişdir - bu gün Birləşmiş Millətlər Təşkilatı Günü kimi qeyd olunur.

2011-ci ildən bəri 193 ölkə - dü

nyanın, demək olar ki, bütün suveren dövlətləri BMT-nin üzvüdür. BMT-nin strukturuna altı əsas orqan daxildir: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və BMT Katibliyi. Dünya Bankı Qrupu, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, UNESCO və UNICEF daxil olmaqla, bir sıra ixtisaslaşmış beynəlxalq agentliklər, fondlar və proqramlar BMT-nin daha geniş sistemində fəaliyyət göstərir. BMT-nin baş inzibati vəzifəlisi BMT-nin Baş katibidir. 2017-ci ildən bu vəzifəni portuqaliyalı diplomat Antonio Quterreş tutur.

Azərbaycan 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı plenar sessiyasında BMT-yə üzv qəbul edilib. Həmin gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il mayın 6-da Azərbaycan nümayəndə heyəti BMT-də fəaliyyətə başlayıb. 1993-cü ildə isə Azərbaycanda BMT-nin ofisi açılıb.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtmaqla BMT-yə üzvlük Azərbaycana yenicə bərpa edilmiş müstəqilliyini möhkəmləndirməyə və dünyada tanıtmağa, beynəlxalq ictimaiyyətlə, xüsusən də Avropa ilə əlaqə saxlamağa kömək etdi. Ümummilli lider ilk günlərdən BMT platforması vasitəsilə dünya birliyinin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışırdı.

1993-cü ildə təşkilatın Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib və onların hər biri Azərbaycanın keçmiş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunun işğalı nəticəsində qəbul edilib. Bunlar Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, atəşkəs və hərbi əməliyyatların dərhal dayandırılmasını, habelə işğalçı qüvvələrin Azərbaycan Respublikasının ərazilərindən çıxarılmasını tələb edən qətnamələr idi. Lakin icra mexanizminin olmaması həmin mühüm sənədlərin həyata keçirilməsinə süni əngəllərin meydana gəlməsi ilə mane olurdu. Və yalnız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində ölkəmiz sözügedən qətnamələrin icrasını özü təmin etdi. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad olundu. Bununla da yeni tariximizin ən şanlı və parlaq səhifəsi yazıldı. Diqqətə layiq haldır ki, 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Keçirilən seçkilərdə ölkəmiz 150-dən çox dövlətin səsini qazanmışdı. Bu, əsası ulu öndər heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik siyasi kurs sayəsində mümkün olmuşdu. Bununla yanaşı, Azərbaycan 2003-2005-ci və 2012-2013-cü illərdə İqtisadi Şurasının üzvü olub. Bundan əlavə, 2005-2006-cı və 2006-2009-cu illərdə İnsan Hüquqları Komissiyasının üzvü seçilmişdir. Respublikamız, həmçinin İnsan Hüquqları Şurası və təşkilatın digər orqanları və strukturlarında təmsil olunur.

2019-cu il oktyabrın 18-də Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu, UNİCEF arasında 2020-ci ilin sonuna qədər inklüzivlik və erkən uşaqlıq inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

2020-ci ilin mart ayında Azərbaycan Respublikası Hökuməti koronavirus infeksiyasının dünyada yayılma riskinin qarşısının alınması üzrə dünya ictimaiyyətinin səylərinə töhfə vermək məqsədilə 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı ayırmaq barədə qərar qəbul edib. Bu vəsait ÜST-nin "Strateji Hazırlıq Planı və cavab tədbirləri" çərçivəsində "COVID-19 Müraciəti" adlandırılan Fonda köçürülüb.

Həmin il mayın 11-də Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı arasında donor sazişi imzalanıb və bu sazişə əsasən, Azərbaycanın Afrika, Asiya və Latın Amerikasından Qoşulmama Hərəkatına üzv ölkələr üçün ayırdığı 5 milyon ABŞ dollarından istifadə edilməsi nəzərdə tutulurdu.

Onu da qeyd etmək yerinə düşər ki, son zamanlar Qoşulmama Hərəkatının beynəlxalq aləmdə təsiri və nüfuzu artıb. Əgər əvvəllər, 70-80-ci illərdə Hərəkat üzvlərinə üçüncü dünya ölkələri kimi baxırdılarsa, bu gün o, getdikcə daha ciddi siyasi qüvvəyə çevrilir. Azərbaycanın 2019-cu ildə Hərəkata sədr seçildiyini və müddətin 2023-cü ilə qədər uzadılması faktını xüsusilə vurğulamaq lazımdır. Bu, Azərbaycanın sədr kimi beynəlxalq fəaliyyət çərçivəsində əməkdaşlığın qurulmasında irəliləyiş əldə etdiyini göstərir. Respublikamız bu kontekstdə gələcəkdə Hərəkatın fəaliyyətini genişləndirmək potensialına malikdir. Məlumdur ki, Qoşulmama Hərəkatına üzv ölkələr BMT-də müxtəlif qətnamələrin səsverməsi zamanı Azərbaycanın dəstəklənməsində mühüm rol oynayıb və bu, Qarabağ münaqişəsi zamanı mühüm və zəruri qətnamələrin qəbulunu mümkün edib. Məhz Qoşulmama Hərəkatı ölkələri 2020-ci ildə 44 günlük müharibə zamanı müxtəlif güclər və ermənipərəst dairələr tərəfindən lobbiləşdirilən konkret anti-Azərbaycan qətnamələrinin BMT-də müzakirələrə çıxarmağa imkan verməyiblər.

Emin QASIMOV,

"Respublika".