Böyük Qayıdış və problemi
Siyasət

Böyük Qayıdış və problemi

2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. 44 günlük müharibədə Azərbaycan parlaq qələbə qazandı. İşğal bitsə də, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunsa da, Ermənistanın ölkəmizə qarşı müharibəsi hələ də davam edir. Mina problemi əngəl yaradır. Hazırda ölkə başçısının müvafiq fərman və sərəncamları ilə işğaldan azad edilən ərazilərin bərpası və milli iqtisadiyyata sürətli inteqrasiyası, layiqli yaşayış şəraitinin yaradılması, dayanıqlı inkişafın təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir.

"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb". Bu fikirləri Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısının iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Ölkə başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb: "Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır". Prezident əlavə edib ki, minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır.

Azərbaycan dövlətinin ərazilərin ən qısa müddətdə minalardan təmizlənməsi üçün kifayət qədər zəruri addımlar atmasına baxmayaraq, ərazinin relyefi, iqlim şəraiti və coğrafiyası bu proseslərin daha sürətlə getməsinə imkan vermir. Odur ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası üçün ən önəmli strateji istiqamətlərdən və əsas prioritetlərdən biri ilk növbədə, bölgənin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsi vasitəsilə əhalinin təhlükəsizliyinin təmin edilməsidir. Birinci və İkinci Qarabağ müharibələri zamanı, həmçinin işğal dövründə Ermənistan Qarabağ ərazisini böyük mina sahəsinə çevirib. İşğaldan azad edilmiş ərazilərin ermənilər tərəfindən minalarla çirkləndirildiyini nəzərə alsaq, bu məsələ Azərbaycanın ən aktual problemlərindən biridir və ərazilərin minalardan təmizlənməsi üzrə daimi işlər aparılır. Ermənistan tərəfindən ərazilərimizdə yaradılan mina problemi yüz minlərlə məcburi köçkünün doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insan itkilərinə də səbəb olur və ərazinin iqtisadi baxımdan dirçəldilməsinə ciddi maneələr törədir. Azərbaycan minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq, təəssüf ki, Ermənistan hələ də bu istiqamətdə hər hansı bir addım atmayıb.

Bu, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı gizli müharibəsi, terror siyasətinin davamıdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük əksəriyyəti minalanıb, hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Hazırda Ermənistanın iki ölkənin sərhədlərini minalaması onların əsl xislətindən xəbər verir. Bu gün sülh müqaviləsindən boyun qaçıran, bütün sülh təşəbbüslərini sabotaj edən Ermənistan region üçün təhlükə olaraq qalır. Bu ölkə müharibədə ağır məğlubiyyətə uğrasa da, öz terrorçu mahiyyətindən əl çəkmir.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəal şəkildə minatəmizləmə əməliyyatları davam etməkdədir. İlkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, dəhlizlərin açılması və sonrakı mərhələdə isə hökumətimizin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir. Bu əməliyyatlar zamanı Agentlik ilkin olaraq həm sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi, həm də gələcəkdə insanlarımızın repatriasiyası planlaşdırılan şəhərlərimizin, kəndlərimizin, ikinci dərəcəli yolların, su xətlərinin, kanalların, kənd təsərrüfatı təyinatlı ərazilərin minalardan təmizlənməsi işlərini həyata keçirir. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə ABŞ-ın Beynəlxalq Aerokosmik Mühəndislik Korporasiyası (IAEK) mina və partlayıcı sursatların təmizlənməsi sahəsində əməkdaşlıq edəcək. Belə ki, "Mina təhlükəsi ilə mübarizə: çağırışlar və imkanlar" mövzusunda Bakıda keçirilən beynəlxalq tədbir çərçivəsində bununla bağlı tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan ərazilərinin minalanması probleminin beynəlxalq miqyasda qəbul edilməsinə nail olub və Ermənistan bəzi xəritələri verib. Onlar ərazilərimizdə minaları pərakəndə şəkildə basdırıblar. Buna görə də, onların bizə verdiyi xəritələrin çoxu qeyri-dəqiqdir və minatəmizləyənlərin işinə yaramır. Ermənistan tərəfinin həyata keçirdiyi mina terroruna beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin səssiz qalması qəbuledilməzdir. Beynəlxalq təşkilatlar və aparıcı dövlətlər bu məsələ ilə bağlı susqunluqlarına son qoymalıdırlar. Beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Ermənistan Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirməkdədir. Müharibə dövründə Tərtər, Xaçın, Qarqar və Həkəri çayları vasitəsilə axıdılan təhlükəli minalar, partlayıcı qurğular Azərbaycanın təkcə savaşdan zərərçəkmiş ərazilərində deyil, cəbhə bölgəsindən uzaqda da aşkarlanıb.

ANAMA 2021-ci ildə 10 kvadratkilometr ərazidə Ermənistan silahlı birləşmələri tərəfindən atılmış 397 ədəd LAR160, 9N235 və digər markalı istifadəsi qadağan olunmuş kaset sursatları, 15 avqust 2022-ci il tarixində isə Laçın rayonunun şərq hissəsindəki Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni birləşmələri tərəfindən basdırılmış 991 ədəd PMN-G tipli piyada əleyhinə mina aşkar edib. ANAMA-dan verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Laçın, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 358 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Ermənistan Gümrüdəki zavodda mina istehsalını davam etdirir, imkan düşəndə Azərbaycan ərazilərini minalamaq cəhdlərindən də əl çəkmir. Bu hal cari ilin avqustunda Sarıbaba kəndi istiqamətində özünü qabarıq göstərdi. Özü də bu proses Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E fuqas tipli piyada əleyhinə mina, Kəlbəcər və Daşkəsəndə 230 mina aşkarlanaraq zərərsizləşdirilib. Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-G tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-G tipli piyada əleyhinə mina aşkar olunub. Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir. Ümumiyyətlə, ANAMA-nın fəaliyyəti nəticəsində 10 noyabr 2020-ci ildən 17 aprel 2022-ci ilədək 86.122.007 kvadratmetr (8612,2 hektar) ərazidə 14 min 757 ədədi partlamamış hərbi sursat, 10 min 838 ədəd piyada əleyhinə, 5 min 183 ədədi tank əleyhinə mina olmaqla, ümumilikdə 30 min 778 ədəd "PHS" və mina aşkar edilərək zərərsizləşdirilib.

Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi bu istiqamətdə atılacaq vacib addımlardır. İstənilən halda əhalimizin işğaldan azad olunan ərazilərə ən qısa müddətdə qayıtması üçün bütün zəruri tədbirlərin görülməsini əhatə edən Dövlət Proqramı təsdiqlənib. Burada prioritet vəzifə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədimizin etibarlı mühafizəsi və müdafiəsi, eləcə də güc strukturlarının fəaliyyətinin, polis nəzarətinin təşkili və düşmən tərəfindən mümkün təhdidlərin qarşısının alınmasıdır.

Mustafa KAMAL,

"Respublika".