Böyük zəfərə gedən yol
SİYASƏT

Böyük zəfərə gedən yol

2020 -ci ilin payızı təqvimimizə elə tarixi günlər yazdı ki, bu günlərin hər biri xalqımızın taleyində böyük rol oynadı, qəlbimizdə illərin arzusunu cücərtdi. Azərbaycan xalqı uzun illər idi bu günlərin həsrətində idi. Əminik ki, bu günlər son 30 ildə təqvimimizdə yeri olan acı günləri silib atacaq, milli qürurumuzu dirçəldəcək, həsrətində olduğumuz o torpaqlarımızda dalğalanacaq bayrağımıza baxmaq üçün başımızı uca, alnımızı açıq edəcəkdir.

Belə günlərdən biri də cəbrayıllıların 27 illik yurd həsrətinə son qoyduğu 4 oktyabr təqvim günüdür. Həmin gün Cəbrayıl rayonunun düşməndən azad edilməsi həm də böyük zəfərin başlanğıcı idi. Necə ki, 2016-cı ilin Aprel döyüşlərindəki qalibiyyət bu rayonun Cocuq Mərcanlı kəndinə sakinlərin qayıtmasına imkan vermiş və gələcək böyük Zəfərin təməli qoyulmuşdu.

Möhtərəm Prezidentimiz, Qalib sərkərdə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günü xalqa müraciətində belə xatırlatmışdır: “Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır... Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir”.

Bu gündən etibarən Azərbaycan xalqı və müstəqil dövlətimiz müasir tarixinin ən şanlı, qürur və fəxarət dolu günlərini yaşamağa başladı. Cəbrayıllılar isə artıq bir ildir ki, bu tarixin parlaq səhifəsini yaşayırlar. Sevindirici haldır ki, həmişə bizim üçün müqəddəs olan üçrəngli bayrağımız bu gün işğaldan azad olunmuş əzəli və əbədi yurd yerlərimizdə, eləcə də Cəbrayılda, Xudafərində də dalğalanır. Bəli, heç bir Zəfər, heç bir Qələbə itkilərsiz, qansız, şəhidlərsiz başa gəlmir. Böyük zəfərin əldə olunmasında Cəbrayıl rayonu 32 şəhid verdi, 100-ə yaxın vətən sevdalımız sağlamlığından keçib əlil, qazi oldu. Bu gün biz onların hər birinə borcluyuq, hər birinə minnətdarıq. Nə etsək də, onların borcunu ödəyə bilmərik və bilməyəcəyik. Müzəffər, Qalib Ali Baş Komandanımız başda olmaqla, hər birinin qarşısında dərin ehtiram və hörmətlə baş əyirik.

İrəlidə bizi işğaldan azad olunmuş torpaqlarımızın çiçəklənməsi, orada həyatın yenidən dirçəldilməsi yolunda çox böyük quruculuq işləri gözləyir. İnanırıq ki, bu yol müdrik rəhbərimizin, böyük sərkərdəmizin rəhbərliyi ilə bizi xoş gələcəyə aparacaq. Çiçəklənən Vətən torpaqları öz daimi sakinlərinin isti ocağına çevriləcəkdir. Bu işlərdə hər kəsə uğurlar arzulayır və Zəfərimizə mübarək deyirik.

Qalib QULİYEV,

Cəbrayıl Rayon İcra Hakimiyyətinin bölmə müdiri.