Bozalqanlı kəndində xatirə bulaq kompleksi
Region

Bozalqanlı kəndində xatirə bulaq kompleksi

Vətən torpaqlarının işğaldan azad olunmasında canından və qanından keçən şəhidlərimiz, eləcə də sağlamlığını itirmiş qazilərimiz əsrlər boyu xalqımızın qəlbində yaşayacaqlar. Respublikamızda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində təqdirəlayiq addımlar atılmaqdadır. Tovuz rayon Bozalqanlı kəndində şəhid Nəzərov Ayaz Azər oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, RİH başçısı aparatının məsul işçiləri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Kənd qəbiristanlığında Ayaz Nəzərovun və Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən RİH başçısının birinci müavini Rəşad Zeynalov vurğulayıb ki, şərəfli döyüş yolu keçən Ayaz və onun kimi oğullarımızın xatirəsi heç bir zaman unudulmayacaq.

Tədbirdə çıxış edənlər tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Ayaz Nəzərovun gənclərə nümunə olan qısa və şərəfli ömür yolundan danışıblar.

Ayaz Azər oğlu Nəzərov 16 iyul 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin məzunu olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu Ermənistan silahlı qüvvələrinin 2022-ci il yanvarın 11-də Azərbaycan-Ermənistan Dövlət Sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olub. Onun nəşi yanvarın 12-də doğulub boya-başa çatdığı Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.

Vəli VƏLİYEV,

"Respublika".