Brüssel görüşü Azərbaycan diplomatiyasının parlaq tarixi qələbəsidir
Siyasət

Brüssel görüşü Azərbaycan diplomatiyasının parlaq tarixi qələbəsidir

Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri diplomatiyamızın parlaq tarixi qələbələrindən biridir.

Brüssel görüşünü önəmli edən bir sıra amillərdən biri də Ermənistanın iddialarının sülh müqaviləsi müzakirələrinin gündəliyindən çıxarılmasıdır. Ermənistan 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına, kapitulyasiya aktı imzalamasına baxmayaraq, postmüharibə dönəmində bəzi iddialarla çıxış edirdi. Lakin Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti rəsmi İrəvanın bu iddialarını real diplomatik müzakirələrdən kənarda qoydu.

Brüssel görüşündə diqqəti cəlb edən digər bir məqam, həmin görüşdə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının vacibliyinin ifadə edilməsi, bunun praktiki şəkildə həyata keçirilməsi üçün konkret mexanizmin yaradılması istiqamətində addımların atılmasıdır. Bu addımlardan biri kimi cari ilin aprel ayının sonuna qədər Birgə Sərhəd Komissiyasının təşkil edilməsi məsələsində əldə edilən razılığı göstərmək olar. Bu, iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının təşkili, bu prosesin sürətləndirilməsi baxımından olduqca önəmlidir.

Daha bir məqam iki dövlət arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən dəmir yolları və avtomobil yollarının açılması təşəbbüsünün təqdir edilməsi, bu təşəbbüsün bütün iştirakçılar tərəfindən dəstəklənməsidir. Azərbaycan tərəfi ilk gündən nəqliyyat və kommunikasiyaların açılmasının önəmini qeyd edib, bu istiqamətdə Ermənistanı əməli addımlar atmağa, rəsmi Bakının mövqeyini dəstəkləməyə çağırıb.

Brüssel görüşünün daha bir önəmi 2020-ci ilin 10 noyabr Bəyanatının müddəalarına tam riayət olunmasının vacibliyinin qeyd olunması faktıdır. Hansı ki, bu Bəyanat Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyət sonrası Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə imzalanıb və bu Bəyanatda dövlətimizin maraqları tam şəkildə öz əksini tapıb.

Bir sözlə, Brüssel görüşü dövlətimizin növbəti diplomatik qələbəsidir və bu qələbə özü ilə birlikdə yeni-yeni uğurlara yol açacaq.

Cəlil XƏLİLOV,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının

sədr müavini, polkovnik.