Bu dağın o üzündə
Region

Bu dağın o üzündə

yaxud  44 günlük müharibənin ilk günü

Ürəyimizin qan ağlayan vaxtları idi. Torpaq həsrəti ilə yanan qəlbimizi ovutmaq üçün gəzib-dolanmağa, nəsə bir məşğuliyyət axtarıb tapmağa çalışırdıq. Belə günlərdən birində Cəbrayıl Rayon Maliyyə İdarəsinin müdiri Famil Balayevlə onun Füzulidə eyni vəzifədə çalışan dostu Dilavər müəllimgilə qonaq getdik. Hər iki maliyyəçi çox səmimi görüşdü. Mənim Horadizə əvvəllər də bir neçə dəfə yolum düşmüşdü. Tələbəlik dostum Telman Həsənovu burada uzun ayrılıqdan sonra axtarıb tapmışdım. Təzəcə qurulmağa, şəhər görkəmi almağa başlayan bu yurd  yerimizlə az da olsa tanışlığım var idi.

Dilavər müəllim bizi qəsəbədən bir az aralı, dağın döşündə yenicə istifadəyə verilən yeməkxanaya apardı. Famil, “bu dağın o üzündə bizim kənd - Nüzgar yerləşir”, dedi.

-Yəni bu dağı aşsaq, sizin kəndə gedib çıxa bilərik?

 Soruşanda, Familin ağrılı yerinə toxunacağımı hiss etməmişdim. Sualım onu əməlli-başlı kövrəltdi, gözlərində yaş gilələndi. Peşiman oldum. Bir daha,  bəlkə də mininci dəfə onda başa düşdüm ki, dünyada ən ağır itki torpaq itkisidir.

-Nüzgarda 7 kəhriz var idi.  Qohumum Tərxan Abbasov kolxoza sədr təyin olunandan sonra kənardan iki kəhrizin suyunu da borularla kəndin nisbətən hündür yerində salınan həyətlərə gətirdi. Kəndin əkin yerləri həm suvarılan, həm də dəmyə torpaqları idi. Dəmyə torpaqlarda taxıl əkilmiş, suvarılan yerlərdə üzüm bağları salınmışdı. Tərxan Abbasov kəndimizin ilk ali təhsilli aqronomu idi. O, Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. Mütəxəssis kimi rayon mərkəzində bir müddət işləyəndən sonra Nüzgarda Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov adına kolxoza sədr təyin edilir. Tezliklə kolxoz rayonda varlı təsərrüfatlardan birinə çevrildi.

Famil deyir:, -Nüzgarda iri ceviz bağı var idi, hər il tonlarla məhsul verirdi. Bağda qəribə gözəl mənzərə yaranmışdı. Ceviz ağaclarına sarılan üzüm tənəkləri də yaxşı bar gətirirdi. Bir ağacdan əvvəlcə üzüm, sonra ceviz toplanırdı. İlin sonunda əmək gününə taxılla bərabər, ceviz, üzüm payı da düşürdü.

Yeməkxanada söhbət arabir nikbin notlar üzərində qurulur. Öyrənirəm ki, məşhur Lələtəpənin ətrafındakı ərazi Lələ düzü adlanır.  Nüzgarla kənd Horadiz, Mehdili,  Böyük Mərcanlı kəndləri həmsərhəddir.  Bu kəndlərin hamısı Arazqırağı kəndlər hesab olunur.  İşğala qədər bu kəndlərin hamısında firavan həyat hökm sürüb. “Bir də o torpaqlar geri qayıdacaqmı?” Söhbət nə qədər dolanıb fırlansa da, bu sualın üzərində dayanır. Arabir üstünə yavaş-yavaş qaranlıq çökən dağa baxıram. Ondan o tərəfə Nüzgar kəndidir. Amma nə dağı aşmaq, nə də kəndə getmək mümkün deyil. Kənd işğal altındadır...

2020-ci ilin sentyabr ayı isti keçirdi. Kimin nə işi varsa, əlüstü görüb özünə sərin yer axtarırdı. Ayın 27-si səhər-səhər radiodan bir az qarışıq xəbərlər eşidildi. Qısa müddətdə hər şey aydınlaşdı. Azərbaycan Ordusu erməni işğalçılarına qarşı əks-hücuma keçib. Lap qısa müddətdə hamı özünü təzə xəbərlərə köklədi və ilk xəbər görünməmiş coşqu, alqış sədaları ilə qarşılandı; Müzəffər Ordumuzun uğurlu əks-hücumu sayəsində Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı kəndləri erməni işğalından azad edilib.

Telefona nə vaxt əl atdım, yadımda deyil, onda gördüm ki, Famillə danışıram: “Nüzgar kəndi yenə də bizimkidir, dedim, gözün aydın, bütün cəbrayıllıların, bütün xalqımızın gözü aydın, Müzəffər Ordumuza, Ali Baş Komandanımıza eşq olsun”.

Telefonda Familin kövrəldiyini hiss etdim, gözlərinin yaşardığına da şübhəm olmadı. O vaxt Horadizdə ətəyində əyləşdiyimiz dağı da göz önünə gətirdim. Həmin dağın o üzündə bir kənd var,  44 günlük Vətən müharibəsinin ilk günündə özümüzə qayıdan o kənd bizim kənddir.

                                      Tofiq HÜSEYN,

                                    “Respublika”.