DAŞKƏSƏN: PANDEMİYA İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ
Region

DAŞKƏSƏN: PANDEMİYA İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ

Dünyanı cənginə alan dəhşətli  koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən  genişləndirilmiş kompleks tədbirlər həyata keçirilir.

Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan tibbi-profilaktik tədbirlərin effektivliyinin daha da yüksəldilməsi, tədbirlərin intensivləşdirilməsi məqsədilə, Daşkəsən şəhərində, qəsəbə və kəndlərdə əsas küçə və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları, kommunal təsərrüfat xidmətinin  texnikaları və əməkdaşları, Daşkəsən şəhərinin əsas küçə və prospektində, yaşayış binalarında, bazar ərazisində, həyət və yaşayış məhəllələrində, bankomat və ödəniş terminallarında, məişət tullantılarının atıldığı konteynerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Əhali ilə maarifləndirici söhbətlər aparılaraq onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib. Bildirilib ki, əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.

Eyni zamanda rayon ərazisində yoluxmanın qarşısının alınması məqsədilə, gündəlik olaraq səyyar həkim briqadaları əhalinin peyvənd olunması üçün ucqar kəndlərə səfərlər edir. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir və nəzarətdə saxlanılır.

            Zabit XƏLİLOV,

            “Respublika”.