Demokratik respublika iki ildən də az yaşadı
Siyasət

Demokratik respublika iki ildən də az yaşadı

Müasir Azərbaycanın müstəqilliyi isə əbədidir

2020-ci il 28 may... Bakının Qaradağ rayonunda məcburi köçkünlərlə görüş. Ölkə başçısı İlham Əliyev bugünkü müstəqil Azərbaycan  dövlətinin sələfi-Azərbaycan xalq Cümhuriyyəti, onun tarixdəki yeri, rolu haqqında danışır. Və danışdıqca cavabı hələ də  çoxlarına bəlli olmayan suallar səsləndirir. O suallar ki, günü bu gün də tarixçilərimizin araşdırmalarını gözləyir: “Nə üçün  respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi?..”

1918-ci ildə öz dövlətini yaratmaq ərəfəsində olan azərbaycanlıların real vəziyyəti regionda gürcülərdən də, hətta geniş əraziləri ələ keçirib sadəcə siyasi mərkəz məsələsini həll edən ermənilərdən də pis idi. Paytaxt Bakı da daxil olmaqla bütün quberniya ərazisi; Şamaxı, Göyçay, Lənkəran və s. qəzalar, işğal altına düşmüş, həmin ərazilərdə yaşayan xalqın bir hissəsi məhv edilmiş, bir hissəsi yurd-yuvasından uzaq, dağlarda, dərələrdə məskən salmışdı. İrəvan-Zəngəzur mahallarından on minlərlə qaçqının Gəncə-Qarabağa axışaraq məskunlaşdığı bir məqamda 70 faizi ermənilərdən ibarət olan 12-16 minlik Qırmızı Ordu Azərbaycan milli qüvvələrinin son “bastionu” Gəncəyə hücuma hazırlaşırdı. Bütün bunlara son qoyacaq bir ordu, silah-sursat, maliyyə olmadığı bir şəraitdə, 1918-ci ilin mayında Azərbaycan nümayəndə heyəti Batumda Osmanlı dövlətinin Qafqaz qoşunları komandanlığı ilə Bakının və Azərbaycan torpaqlarının bolşevik-rus-erməni qüvvələrindən azad edilməsi ətrafında danışıqlar aparırdı. Həmin dövrdə gürcülərin arxasında Almaniya, ermənilərin arxasında İngiltərə və Fransa kimi qəyyum dövlətlər dururdu, azərbaycanlıların yeganə pənahı Osmanlı dövləti idi. “Ermənilərə bir qədər ərazi güzəştə getmək məsələsi” tövsiyə olunurdu. Bu “bir qədər ərazi” altında isə İrəvan şəhəri nəzərdə tutulurdu. Əslində, bu zaman yalnız İrəvanın deyil, Bakının və bütünlüklə Azərbaycanın taleyi həll olunurdu. Bir sözlə, “Bakının azadlığı İrəvandan keçirdi”.  Bu güzəştin müqabilində isə erməni nümayəndələri Qarabağa iddialarından imtina edəcəklərinə yalnız şifahi şəkildə razılaşma ifadə etmişdilər.

Azərbaycan xalqının varlığı, Azərbaycan ərazilərinin bütövlüyü  ciddi təhlükə altında idi, çünki mövcud plana görə, Bakı da daxil olmaqla bütün Xəzəryanı ərazilər Rusiyaya, Gəncə, Qarabağ, Zəngəzur, İrəvan torpaqları Ermənistana, Zaqatala-Qazax dairələri isə gözləmə mövqeyində duran gürcülərə verilməli idi. Məhz belə bir şəraitdə Zaqafqaziya Seymində əks siyasi-ideoloji mövqelərdə  duran 4 Azərbaycan fraksiyası özündə birləşməyə güc taparaq 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi-müstəqil Azərbaycan dövlətinin yarandığını elan etdi. 1918-ci il mayın 29-da isə Azərbaycan Milli Şurası İrəvanı, cəmi 9,2 min kv. km. ərazini ermənilərə  güzəştə getdi.

Müstəqillik isə hələ də “kağız” üzərində qalırdı, çünki Bakı və digər torpaqlar işğal altında idi. Onu Qafqaz İslam Ordusu və yaranmaqda olan  Azərbaycan hərbi birləşmələri gerçəkləşdirməsi  idi. Elə bundan sonrakı hadisələrdə Qafqaz İslam ordusu və Azərbaycan hərbi birləşmələri torpaqlarımızı işğaldan azad edə-edə 1918-ci ilin iyul ayının sonlarında Bakıya yaxınlaşırdı. Almaniya, Rusiya və İngiltərə kimi böyük  dövlətlər və ermənilərin dünyaya səpələnmiş siyasi qüvvələri Bakının bu ordu tərəfindən alınmasına hər vəchlə mane olmağa cəhd göstərirdilər, azərbaycanlılara ən yaxşı halda Gəncə paytaxt kimi vəd olunur, Bakının isə “sərbəst” şəhər (вольный  город) yəni hamının şəhəri, Bakı neftinin-hamının nefti elan edilməsi şərtləri irəli sürülürdü. Nəhayət, Azərbaycan tərəfinin dünya səviyyəsində açdığı diplomatik “döyüş”, Osmanlı dövlətinin başçılarının bu məsələdə dəyanəti öz sözünü dedi.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı, lakin necə? Tarixçilərin fikrincə,  23 ay ərzində Azərbaycan dövlətçiliyinin bütün mühüm sütunlarının qurulması, özlüyündə, elmi terminologiyaya uyğun gəlməsə də, bir “möcüzə” idi. Düşmən dövlətlərin əhatəsində yaşayan, daxili və xarici təhlükələrlə üz-üzə duran, hətta bu zaman da demokratik prinsiplərə sadiq qalan cümhuriyyətin 23 aylıq fəaliyyətinin səbəbini ilk  növbədə onun qurucularının şəxsində axtarmaq lazımdır. Onlar bu dövləti qurdular və onu cəmi 23 ay yaşada bildilər.

Azərbaycan Cümhuriyyəti özü süqut etmədi, o, özündən qat-qat və hər barədə güclü qonşu dövlətin birbaşa hərbi müdaxiləsi nəticəsində işğal olundu və süquta uğradı. Yenə də bir sual: “Bəs müstəqilliyi qorumaq mümkün idimi?” Dövrün tarixi reallıqları çox az zaman ərzində sübut etdi ki, bu, mümkün deyildi. Neft kimi güclü amil bolşevik Rusiyasının işğal planlarında Azərbaycanı qabağa salsa da, az sonra Ermənistanın və Gürcüstanın işğal olunması da bunu sübut etdi. Elə ölkə başçısının məcburi köçkünlərlə görüşündəki nitqinin əsas məğzində bu dayanırdı: tarixi bilmək! Tarixi mifologiya və şişirtməklə  özümüzü aldatmamaq! Tarixdən ibrət götürmək! O hadisələrin bir daha təkrarlanmaması! Müstəqilliyimizin əbədi olması!..

Prezident İlham Əliyev hər zaman çıxışlarında bu məsələyə həssaslıqla toxunurdu. 2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə inşa edilmiş Quba Soyqırımı Memorial Kompleksinin açılış  mərasimindəki çıxışında da 1918-ci il hadisələri ilə  mövcud işğal faktlarını müqayisə edərək: “Muzeydə dağıdılmış Şamaxının görüntüləri var, bu gün Ağdam o gündədir, Füzuli o gündədir”-deyə vurğulayır: “1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, müasir Azərbaycan Ordusu da  torpaqlarımızı işğaldan azad  edəcəkdir! Mən bunu sizə söz verirəm!”-inamını bildirirdi.

Bu, adi vəd, adi sözlər deyildi, bu sözlərdə işğalçı düşmənə bir azərbaycanlının, bir Azərbaycan vətəndaşının nifrət hissi, bu işğalın yaratdığı daxili acının ifadəsi və söylədiklərində səmimiyyəti duyulurdu. Bu çıxış  ölkə başçısının həqiqətən Qarabağı, işğal altında olan bütün torpaqları azad etmək niyyətinə və qətiyyətinə inam yaradırdı hər kəsdə. İnanmasaydıq Prezidentin: “Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” sözlərinin arxasında dövlətçiliyimizin varislik ənənələrinə inanmamış olardıq.

Tarix təkrarlanır və əlbəttə ki, bu təkrarlanan “tarixdən ibrət götürməliyik!” Rusiya imperiyasının parçalanması şəraitində, olduqca mürəkkəb, çətin mühitdə Azərbaycan Cümhuriyyəti dövrün mövcud ağır şərtləri daxilində cəmi 9,2 min kv. km. ərazi itkisi  ilə çətinliklərə sinə gərdi, qısa müddət ərzində   işğal olunmuş digər əraziləri qaytardı və 1920-ci il aprelin 28-də məcburiyyət qarşısında öz hakimiyyətini Sovet Azərbaycanına 114 min kv. km. ərazi hüdudlarında, müstəqilliyin saxlanması şərti ilə  təhvil verdi. Amma ikinci respublika bu dövləti həmin hüdudlar çərçivəsində və tam müstəqil şəkildə saxlaya bilmədi.

1991-ci ildə, bu dəfə SSRİ-nin dağıdıldığı bir şəraitdə müstəqilliyini bərpa etmiş üçüncü-müasir Azərbaycan Respublikası da öz dövlətçiliyini torpaq itkiləri verməklə əldə etdi. Azərbaycan dövlətinin torpaqlarının 20 faizinin itirilməsi, 1 milyonadək qaçqın və köçkün problemi ilə üzləşməsi və bu vəziyyətin 30 ilədək davam etməsi faktı ilə xalq heç zaman barışmadı. 

Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikasından fərqli olaraq bir çox beynəlxalq  qurumların, ilk növbədə Birləşmiş Millətlər Təşkilatının üzvü, bütün yeraltı və yerüstü sərvətlərinin yeganə sahibi, regionda ən güclü ordusu, torpaqlarının işğaldan azad edilməsini bütün varlığı ilə arzulayan və bu yolda hər çətinliyə hazır olan xalqının dəstəyini  alan dövlət başçısı İlham Əliyevin  istər beynəlxalq səviyyəli tədbirlərdə, istər sadə əhali ilə görüşündə torpaqlarımızın azad ediləcəyi ilə bağlı söylədiyi hər kəlmə xalqın inamını artırır, onu mübarizəyə ruhlandırırdı. Torpaqlarımızın sülh yolu ilə qaytarılması yolunda illərlə  mübarizə aparan Prezident hərb yolunu da istisna etmirdi, çünki xalqı qarşısında verdiyi vədi yerinə yetirməliydi. Cəmiyyətin böyük dəstəyindən güc alan Prezident qarşıdakı bütün maneələri və təhlükələri dəf edərək xalqımızın və dövlətçiliyimizin çətin durumdan çıxmasını, işğal altında olan ərazilərimizin qaytarılmasını, millətimizin şərəf və ləyaqətinin bərpa olunmasını təmin etdi. Bununla da müasir Azərbaycan Respublikasının  Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi varisi olduğunu bir daha sübuta yetirdi.

Ali Baş Komandanın “Hücum!” əmrinə  sıraya düzülən Cümhuriyyət ordusu qəhrəmanlarının, Yalama sərhəd batalyonunun, Gəncə və Qarabağ üsyanlarının son damla qanına qədər vuruşmuş igidlərinin xələfləri müasir Azərbaycan Ordusunun əsgərləri, zabitləri və generalları xalqın uzun illərdən bəri gözlədiyi qələbəni təmin etdi.  Tariximizin hər kəsə qürur gətirən şanlı, yeni səhifəsi yazıldı. Düşmən üzərində tarixi qələbəmizin bir ilinin tamamına az qalır. O qələbə asan qazanılmadı, çünki  əslində dünya siyasətində heç nə dəyişməmişdi, müstəqilliyimizi gözü götürməyən qüvvələr hələ də öz rolunu oynamaqda davam edirdi. Torpaqlarımızın 30 il müddətində işğal altında saxlanması da məhz həmin qüvvələrin marağında idi. Azərbaycan özünün qələbəsi ilə, həm də beynəlxalq müstəvidə ədaləti bərpa etdi. Qələbəmizin əsasında dayanan xalq-ordu-iqtidar birliyi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin timsalında dövlətlərin taleyində lider rolunun önəmini bir daha gündəmə gətirdi. Torpaqlarımızın azad edilməsi, sərhədlərimizin bərpa olunması ilə o, Azərbaycanın müstəqilliyinin əbədiliyinə öz  möhürünü vurdu.

Zümrüd QURBANQIZI,

“Respublika”.