Dəyərli dost, vətənpərvər şəhid döyüşçü
Sosial həyat

Dəyərli dost, vətənpərvər şəhid döyüşçü

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar.  Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən, Vətən torpağının işğaldan qurtarılmasında canından keçən minlərlə igidimizdən biri -Babayev Rəşad Ağabəy oğlu 4 iyun 1992-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıqdan cüdo ilə məşğul olub, yeniyetmələr arasında keçirilən yarışlarda 20-dən çox qızıl, bürünc medallar qazanaraq “Cüdo üzrə Azərbaycan Yeniyetmələr Çempionu" adına layiq görülüb.

2009-cu ildə Rəşad 277 saylı idman təmayüllü tam orta məktəbi bitirib. 2013-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub.
Rəşad ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Müddətdən artıq hərbi xidmətdə olub, ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin sıralarına seçilib. 2014-cü ildə XTQ-nin hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Həmin ilin 25 iyulunda kiçik gizir vəzifəsinə təyin olunub. 24 noyabr 2017-ci ildə isə gizir rütbəsini alıb. Rəşad, həmçinin hərbi hissədə qrup komandiri kimi də fəaliyyət göstərib.
Xüsusi təyinatlı qəhrəmanımız Rəşad Babayev 2019-cu ildə ailə həyatı qurub.

Mərdlikdə sərhəd tanımayan Rəşad 2016-cı ildə Türkiyənin İzmir şəhərində keçirilən “EFES-2016” beynəlxalq təlimlərinin fəal iştirakçısı olub, sertifikatla təltif edilib. 2017-ci il aprelin 30-da “N” saylı hərbi hissənin yaranmasının 18-ci ildönümü münasibətilə döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif edilib.
28 fevral 2020-ci ildə xidmətdə olduğu hərbi hissədə keçirilmiş cüdo, yunan-roma və sərbəst güləş yarışında yüksək nəticələr əldə etdiyinə görə Fəxri Fərman ilə təltif edilib. Rəşad 25-28 fevral 2020-ci il tarixlərində cüdo üzrə keçirilmiş yarışda da I yerə layiq görülüb və Fəxri Fərmanla təltif edilib. Xüsusi təyinatlı gizir Babayev, həmçinin III dərəcəli "Qüsursuz xidmətə görə" medalı və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə də təltif edilib.

Rəşad Vətən müharibəsində Murovdağ zirvəsi, Suqovuşan, Cəbrayıl, Füzuli və Xocavənd məntəqələrinin düşməndən azad edilməsində ön sıralarda şücaət göstərib. 10 oktyabr 2020-ci ildə Xocavənd rayonu, Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, şəhidlik  zirvəsinə  ucalıb. Vətən müharibəsindəki qüsursuz xidmətlərinə görə Rəşad Babayev Prezidentin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" , "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Rəşadın döyüş yoldaşı deyir: "Hadrutun coğrafi relyefi çox qəlizdir, dərə, təpə qarışıqdır. Ermənilər burada fərqli-fərqli mövqelərdə möhkəmlənmişdi. Bir yüksəkliyi götürüb ikinciyə keçdik, Rəşad mərminin haradan gələcəyini yox, yalnız düşməni məhv etməyi düşünürdü. Dəfələrlə demişdik ki, "Rəşad, bəzi məqamlarda emosiyana hakim ol". Atəş məqamında yerə uzanmırdı, elə ayaq üstə vuruşurdu. Çox cəsur və qorxmaz idi, gözünü qisas hissi bürümüşdü. Həm dəyərli dost idi, həm də əsl vətənpərvər döyüşçü. Ruhu şad olsun".

Haqqında məlumat verən yaxın dostu Orxan Əhmədli Rəşadın şəhid olmamışdan əvvəl ən son onunla danışdığını deyir: "Rəşadla biz qardaş kimi çox yaxın olmuşuq. Rəşad hər təlimdən gələndə mənə zəng edirdi, görüşüb dərdləşirdik. Oktyabr ayının 5-i Rəşadı yığdım, zəng çatmadı. Atasına yığdım, “biz də danışmamışıq”, dedi. Həmin gün axşam özü mənə yığdı, “Telefondan hamının nömrəsi silinib. O biri telefon da evdədir, burada adi telefon işlədirik”, - dedi. Hara getdiklərini soruşdum, bir şey demədi. Evdən narahat olmaması üçün atası ilə danışdığımı da bildirdim. Rəşad oktyabrın 6-sı sonuncu dəfə mənimlə danışdı, “Biz ən qabaqdayıq, bizdən qabaqda heç kim yoxdur”,- dedi. “Özündən muğayat ol, qardaşım”,- deyə cavab verdim. Oktyabrın 5-dən ürəyim dostumdan narahat idi. Rəşad ayın 10-nu şəhid olub, 13-ü ailəsinə deyiblər. Bir gün sonra dəfn edilib. 3 qardaş idilər. Balaca qardaşı indi hərbi xidmətdədir. Bilirsiniz, ümumiyyətlə Rəşad çox güclü idmançı idi, mərd idi, cəsur idi. Düzdür, onun döyüş yolu barədə çox şey danışmasalar da, dostları deyir ki, "Rəşad olmasaydı, biz indi şəhid olmuşduq". Sən demə, bir dəfə döyüş vaxtı Rəşadın dostu əlindəki qumbaranı açıb ani olaraq yerində donub, qalıb. Bunu görən Rəşad cəld gəlib, onun əlindəki qumbaranı alaraq ermənilərə tərəf atıb və düşməni məhv edib.

Orxan dostunun şəhid olmasından da bəhs edib: "Rəşada güllə arxa tərəfdən dəyib. Bir neçə saat döyüş meydanında yaralı vəziyyətdə qalıb. Döyüşlər güclü olduğu üçün onu yaralandığı vaxt döyüş meydanından çıxara bilməyiblər. Döyüş yoldaşları deyir ki, "Biz Rəşadın yanına gələndə gördük ki o, ancaq kəlmeyi-şəhadət gətirir. Bir də anasının verdiyi ayətül-kürsünü oxuyurdu".

                                                                                              M.MİRZƏ,

                                                                                                             “Respublika”.