Doğma ocağının istisindən, ölkə başçısının qayğısından güc alan vətəndaşlarımız yurd yerlərinə qayıdışlarından məmnundurlar
Digər xəbərlər

Doğma ocağının istisindən, ölkə başçısının qayğısından güc alan vətəndaşlarımız yurd yerlərinə qayıdışlarından məmnundurlar

30 illik işğala 44 gün ərzində son qoymaq, heç bir ölkədən  kömək istəmədən düşmənini məhv etmək, öz torpaqlarını azad edərək qalibiyyət qazanmaq uğurlu, düşünülmüş siyasətin, güclü iradənin nəticəsidir. Azərbaycan Prezidentinin səbirlə, təmkinlə, uzaqgörənliklə həyata keçirdiyi siyasət xalqımıza qalibiyyət sevinci yaşatdı. Azərbaycan tarixinin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində  Zəfər salnaməmiz yazıldı.

Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizin bərpası, yenidən qurulması dövlətimizin gələcək illər üçün müəyyənləşdirdiyi prioritet istiqamətlərin mühüm hissəsini təşkil edir. Müharibədən çıxmış, illərlə ordusunu, iqtisadiyyatını gücləndirən müstəqil Azərbaycan vandalizmə məruz qalmış  şəhər və kəndlərini yenidən qurmaq, köçkün düşmüş vətəndaşlarımızı doğma yurdlarına qaytarmaq və burada onların həyat şəraitini yüksək səviyyədə təmin etmək üçün əzm, iradə nümayiş etdirir. Düşmən əsarətindən azad olmuş əzəli, əbədi yurd yerlərimizə həyat bəxş edilir.

Dağıdılan, yerlə-yeksan edilən şəhər və kəndlərimizdə bərpa-quruculuq, yenidənqurma işləri  həyata keçirilir. Xalqımız Vətən müharibəsində olduğu kimi, düşmən əsarətindən azad olunmuş ərazilərimizi qurub-yaratmaqda da birlik nümayiş etdirir. Yerli şirkətlər, iş adamları ilə yanaşı, dost ölkələr də quruculuq işlərinə öz töhfələrini verirlər. Türkiyə, İtaliya, Çin, Pakistan və s. ölkələr bu işdə fəallıq göstərirlər. Görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr bu yerlərin yaxın gələcəkdə dünya standartlarına cavab verən, qədimliklə müasirliyin vəhdətində yaradılan yaşayış yerlərinə çevriləcəyindən xəbər verir.

Abadlıq işlərinə ilk olaraq 1993-cü il oktyabr ayının 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilan rayonundan başlanıldı. Düşmənin darmadağın etdiyi, şərqlə qərbin qovuşuğunda yerləşən Zəngilan rayonunun əsası XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulmuşdur. İşğaldan əvvəl rayon ərazisində mövcud olan  qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət abidələri, qədim sikkələr və məişət qabları rayonun uzaq keçmişinin əsrlərə yoldaş olduğunun sübutu idi.  Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğala qədər  3 kəndi özündə birləşdirən Zəngilan rayonunda həmin dövrdə Birinci Ağalıda 154 nəfərdən ibarət 40 ailə, İkinci Ağalıda 245 ailə üzvü olan 60 ailə, Üçüncü Ağalıda  675 nəfərdən ibarət 161 ailə yaşamışdır. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352, ailə üzvlərinin sayı isə 1504 nəfərdir. 2020-ci il oktyabrın 20-də düşməndən geri alınan Zəngilanın kənd və qəsəbələri bu gün yenidən qurulur. İlk bərpa edilən kəndlər 1-ci, 2-ci və 3-cü Ağalı kəndləri oldu. Bu ilin iyul ayından başlayaraq işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın ilk addımları atıldı. Ağalı öz sakinlərinə isti qucağını açdı. 30 il  doğma el-obasından qəribsəmiş  Ağalı kənd sakinlərinin ilk qrupu bu  il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-10-da doğma yurdlarına qayıtdılar.

Oktyabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Zəngilan rayonunun Ağalı kəndində olublar.  Ölkə başçısı və birinci xanımın kənd orta məktəbinin şagird-müəllim kollektivi və kənd sakinləri ilə görüşü xalqımızın yaddaşında xoş bir xatirəyə döndü. Olduqca səmimi, ürəkaçan söhbətlər sakinlərin ürəklərində illərdir qövr edən ağrı-acıya məlhəm oldu. Xalqımız bir daha əmin oldu ki, onun rəhbərinin bu cür iradəsinin, mətanətinin, düzgün siyasətinin və humanistliyinin qarşısında heç bir qüvvə dayana bilməz. Odur ki,  Azərbaycan xalqı öz Ali Baş Komandanına arxalanır, ona etimad göstərir. Ağalının mərkəzində kənd sakinləri ilə görüş  zamanı kənd sakininin: "...seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib" - ifadəsi bu inamın, etimadın və ehtiramın ən gözəl nümunəsidir.

"Hörmətli Prezident, hörmətli Ali Baş Komandan, hörmətli Sərkərdə. Siz Azərbaycan xalqının döyüş tarixini yazdınız. Biz Sizin bu işinizlə fəxr edirik", "Şükür Tanrıya, o qədər buranın arzusunda idik, o qədər buranın duasında idik. Allaha min şükür" fikirləri uzun illər həsrətdən sonra doğma ocağının istisindən, ölkə başçısının məharətindən güc alan insanların xoş etirafıdır.

Zəngilanda olarkən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəb şagirdləri və müəllimlərlə də görüşmüş, onların vəziyyətləri ilə maraqlanmış və öz tövsiyələrini vermişlər. Müdrik siyasətində elmə, təhsilə böyük önəm verən, gənc nəslin təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərən ölkə başçımız Zəngilan məktəbliləri ilə görüşü zamanı bu barədə demişdir: "Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Çünki sizin kimi uşaqlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə gərək siz bilikli olasınız, savadlı olasınız, həmişə vətənpərvər olasınız. Vətənpərvər olmaq üçün hər bir Azərbaycan vətəndaşının çox böyük haqqı var".

Birinci vitse-prezident Mehriban Əliyeva məktəblilərlə, onların dərsləri, dərsdən sonrakı məşğuliyyətləri ilə bağlı səmimi söhbətlər aparmış, işğaldan azad olunmuş bu yerlərdə onlarla görüşündən məmnun olduğunu və tez-tez onlarla görüşə gələcəyini bildirmişdir. Bütün bunlar isə dövlət-xalq birliyinin mühüm göstəricisi, xoş gələcəyə ünvanlanmış  dövlət siyasətinin növbəti mərhələsidir.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında  "ağıllı" kənd pilot layihəsi çərçivəsində yenidən qurulan Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən "ağıllı kənd" pilot layihəsinin icrası, əsasən 5 komponent - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələri üzrə aparılır. İnşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə edilir. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi və "Dost Aqropark" fəaliyyət göstərəcək. Sakinlərin rahatlığı üçün hər cür şəraitin yaradıldığı  Ağalı kəndində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması  yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və orta məktəb inşa edilib.

Ağıllı kənd konsepsiyası əsasında yaradılan kənddə aqrar sektorun inkişafına xüsusi önəm verilib. Belə ki, kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb ki, bu sistemlərlə 157 hektar sahə suvarılacaq. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının  tikilməsi də planlaşdırılıb. Yeni intensiv bağlar salınmasına, bağçılığın sürətli inkişafı üçün layihələrin həyata keçirilməsinə başlanıb.

Bu gün  müstəqil dövlətimizin öz gücü, potensialı, ölkə başçımızın  isə qətiyyəti, əzmkarlığı sayəsində  ərazilərimiz abadlaşır,  dirçəldilir, el-obasından köçkün düşmüş vətəndaşlarımızın bir zaman xəyal etdikləri doğma yurd yerlərinə qayıdışı gerçəkləşir.

Mehparə ƏLİYEVA,

"Respublika".