Ədalət zəfər çaldı!..
Siyasət

Ədalət zəfər çaldı!..

Ötən il noyabr ayının bu günlərini hamı yaxşı xatırlayır. 44 günlük Vətən müharibəsinin son döyüşləri gedirdi.  Ordumuz bir neçə gün idi ki,  Şuşanın azad olunması uğrunda hərbi əməliyyatları uğurla davam etdirirdi. Noyabrın 8-də Azərbaycan Ordusu Şuşaya nəzarəti öz üzərinə götürdü. Bundan sonrakı hadisələrin necə cərəyan edəcəyini qabaqcadan söyləmək  çətin idi. Hər şey ermənilərin verəcəyi qərardan asılı idi. Ya məğlubiyyətini etiraf etməli, ya da ki... Bax,  onda Ali Baş Komandan, Prezident İlham Əliyevin əvvəlcədən bəyan etdiyi kimi,  müharibə torpaqlarımızın son qarışını düşməndən geri alıncaya qədər davam etməliydi...

Həmin gün Şəhidlər Xiyabanından xalqa müraciətində  Prezident İlham Əliyev demişdi: "Bizim  zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər  Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik".

Dövlət başçısı doğma torpaqların azadlığı və  sərhədlərimizin toxunulmazlığı uğrunda canlarından keçən  qəhrəman döyüşçülərimizin xatirəsini də yad etdi, onlara Tanrıdan rəhmət, yaralılarımıza şəfa  dilədi:  "...Biz  bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad  edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu,  bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının".

2020-ci il noyabrın 10-da Ermənistan təslim aktına imza atdı. Bu, bizim şanlı hərbi qələbəmiz idi... Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun peşəkarlığını, hərbçilərimizin qəhrəmanlığını göstərdi. Babaların yüz üç il öncə Gəncədən Bakıya  istiqlalı gətirən Zəfər yolu nəvələrin sayəsində Qarabağdan da keçdi... Azərbaycan əsgəri Zəfər salnaməsi yazdı.

"Vətən məni yetişdirib bu ellərə yolladı.

Bu torpağa qurban deyib, Allaha ismarladı

"Boş oturma, çalış - dedi, xidmət eylə Vətənə

Südüm sənə halal olmaz, sən baş əysən düşmənə".

Marş irəli! Azərbaycan əsgəri!

Dönməz geri, Azərbaycan əsgəri!.." - deyib əli silah  tutan hər kəs cəbhəyə yollandı. Yastığı Vətən daşı, yorğanı qar oldu: "Azərbaycan əsgəri. Bunu ondan Vətən, torpaq, illər uzunu vediyimiz qurbanların, erməninin  bir oyuncağa yerləşdirdiyi partlayıcının işə düşməsi nəticəsində həlak olan 13 yaşlı Aygünün, həyətdə oynayarkən erməni snayperinin hədəf seçdiyi 12 yaşlı Nərmin və 8 yaşlı  Tuncay bacı, qardaşının, 9 yaşlı Farizin, 2 yaşlı Zəhranın, iri diametrli boruya doldurulub hər iki tərəfini kip  bağlayaraq öldürdükləri yüzədək uşağın, Xocalıda qətlə yetirilən 63 körpənin  ruhu istədi! 30 il müddətində gözü kor, qulağı kar, dili lal, bağrı daş olan Dünya Birliyi görmədi, görmək istəmədi bu faciəni. Heç 31 il əvvəl bir qış gecəsi bütün arzuları qar üstünə qanı ilə yazılan şəhid məktəbli Larisanın da naləsini eşitməmişdi bu ədalətsiz dünya.

Erməninin də, onun havadarlarının da dərsini sən verdin Azərbaycan əsgəri, dönmədin,   qələbəyədək getdin. Bunu səndən Ali Baş Komandan istədi, təkcə istəmədi, səninlə bərabər döyüşdü söz savaşında. O, arxada kar olan qulaqları, kor olan gözləri açdıqca,  sən də cəbhədə Zəfərə doğru yol açdın. Dönmədi, çılpaq, sıldırım qayaları dırmaşa-dırmaşa, dişi, dırnağı ilə söküb aldı Şuşanın azadlığını. Elə əziz Şuşamızın azad olunması ilə də yazdıq qalibiyyətimizi!.. O günlərdə bizi bu mübarizədən çəkindirmək istəyənlər də tapıldı, yenə də haqqı görmək istəmədilər. Ancaq dost, qardaş ölkələr bu haqq savaşımızı dəstəklədilər. Müharibənin ilk saatlarından Azərbaycanın yanında olduğunu bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan torpaqlarımızın ermənilər tərəfindən işğalını hər zaman pisləyir, ən  mötəbər tədbirlərdə, yüksək kürsülərdə Ermənistanı işğala son qoymağa səsləyirdi: "Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayan,  insanları öz evlərindən didərgin salan və kütləvi qırğınlar törədən  Ermənistanın hərəkətləri bəşər tarixində qara ləkədir" - deyirdi.

Böyük Britaniya Parlamentinin İcmalar  Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən dövlət başçısı İlham Əliyevə  ünvanladığı məktubda yazırdı: "Cənab Prezident, müharibənin fəal fazasında təmkin və qətiyyət nümayiş etdirməyiniz hamı tərəfindən yüksək qiymətləndirilir. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində  səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha bəyan edirik. Biz azərbaycanlı məcburi köçkünlərinin öz doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirik".

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri  Şefik  Caferoviçin dəstək xarakterli məktubunda da dost fikri, dost sözü vardı: "Dağlıq Qarabağ bölgəsində münaqişənin gərginləşməsinə səbəb olan Ermənistan artilleriya hücumlarını kəskin şəkildə pislədiyimi bildirmək istəyirəm. Azərbaycan Respublikası ilə çox sıx  dostluq münasibətləri olan Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə  və ərazi bütövlüyünə hörmət edir".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad  Amreyev: "Bu Vətən müharibəsində  biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz geri almaq məsələsində qanuni haqqı barədə dəstəyini ifadə etdim. Münaqişənin yalnız və yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıdığı sərhədlərinin toxunulmazlığı əsasında həlli lazımdır, deyirik".

Daha bir qardaş ölkədən dəstək. Pakistan İslam Respublikasının Baş naziri İmran Xan: "Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar".

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin münasibəti də maraqlıdır. O, deyir: "...Heç kim, hətta Ermənistan belə Qarabağın müstəqilliyini tanımadı. Bu, beynəlxalq hüquq baxımından nə deməkdir? Azərbaycan nəinki özü, hətta bütün dünya birliyinin Azərbaycan ərazisi hesab etdiyi əraziləri geri qaytardı".

Erməni məğlub oldu, üçtərəfli bəyanata imza atmağa məcbur edildi. Digər rayonlarımızın qaytarılacağı barədə öhdəlik götürdü:

Kapitulyasiya aktından sonra da intizar içində gözləyirdi xalq. Axı, döyüşlər boyu özü ona-buna yalvara-yalvara əldə etdiyi üç atəşkəsi kobud şəkildə pozan ermənilərdən çox şey gözləmək olardı. Nəhayət, bu intizara da son qoyuldu. Noyabrın 20-də Ağdam geri qaytarıldı. Ağdama daxil olan Azərbaycan hərbçiləri dəhşətli mənzərə ilə üzləşdilər: şəhərdə bir dənə də olsun salamat bina qalmamışdı. Xarabalıqlar kilometrlərlə uzanırdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Sonra Prezident və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Məscidin binası da vəhşicəsinə dağıdılmışdı. Dövlət başçısı Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışladı.

Ağdam məscidinin qarşısında toplaşanlarla görüşən Prezident İlham Əliyev dedi: "Bu gün tarixi bir gündür. Biz şanlı qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik".

Noyabrın 25-də isə Kəlbəcəri düşmən geri qaytardı. Bu münasibətlə xalqa müraciətində ölkə başçısı dedi: "Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb".

Ermənistanın işğal etdiyi ərazilər arasında Laçın irimiqyaslı köçürülmə proqramının həyata keçirdiyi az qala yeganə rayon idi. Orada təqribən 10 min erməni, yəni qondarma "Dağlıq Qarabağ Respublikası" əhalisinin altıda- bir hissəsi yaşayırdı. Lakin Ermənistan insan resurslarına malik olmadığı üçün erməni köçkünlər digər ölkələrdən gətirilirdi. Cenevrə konvensiyasına zidd olan bu qanunsuz məskunlaşdırma mahiyyət etibarilə hərbi cinayət idi. Lakin erməni liderlər bu cinayəti qəsdən törədir, Laçının qaytarılacağı barədə qətiyyən düşünmürdülər.

Xalqa müraciətində dövlət başçısı demişdi: "Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm".

Sonra dövlət başçısı təxirəsalınmaz vəzifələrə toxundu: "Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf  dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq".

İkinci Qarabağ müharibəsində qələbəni təmin edən başlıca amil Azərbaycan əsgər və zabitlərinin rəşadəti, Vətənin azadlığı və müstəqilliyi, onun ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı uğrunda fədakarlığa hazır olması idi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üç minə yaxın hərbi qulluqçusu bu döyüşlərdə həlak oldu, 94 dinc sakin erməni işğalçılarının raket və artilleriya zərbələri nəticəsində həyatını itirdi.

Bax, bu qurbanlar hesabına Azərbaycan xalqı, Azərbaycan Ordusu ədaləti bərpa etdi. Ölkə başçısı dekabrın 10-da Azadlıq meydanında Zəfər paradındakı çıxışında demişdi: "Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq".

"İndi bizim üçün yeni dövr başlayır - quruculuq dövrü". Bunu da Azərbaycan Prezidenti: "Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var" - deyə vəd verib. Bu vədinə də əməl edəcək.

Zümrüd QURBANQIZI,

"Respublika".