Ekoloji terror bölgədə sülhə və təhlükəsizliyə də ciddi problem yaradır
Ekologiya

Ekoloji terror bölgədə sülhə və təhlükəsizliyə də ciddi problem yaradır

1988-ci ilin noyabr ayında… Ermənistan Azərbaycana qarşı hərbi təcavüz, xüsusilə ekoloji təcavüz etmişdir. Ermənilər Şuşanın nadir sərvətlərindən biri, qədim tarixə malik, əsl təbiət möcüzəsi olan Topxana meşəsini yandırmış, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edərək Azərbaycan ərazisində ekoloji soyqırımı – ekosid törətmişlər.  

Ermənistan  işğal etdiyi torpaqlarımızda dün­ya döv­lət­lə­ri­nin gö­zü önün­də bey­nəl­xalq hü­quq prin­sip­lə­ri­nə, BMT və ATƏT-in qə­rar və qət­na­mə­lə­ri­nə mə­həl qoy­ma­yaraq  mis­li gö­rünlmə­miş vəhşiliklər törətmişdir. İşğalçı dövlətin apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmuşdur. İş­ğal etdiyi əra­zi­lər­də er­mə­ni iş­ğal­çı­la­rı­nın can­lı tə­biə­tə və bə­şə­riy­yə­tə qar­şı yö­nəl­miş əməl­lə­ri ba­rə­də Av­ro­pa Vəh­şi Tə­biə­tin və Tə­bii Ət­raf Mü­hi­tin Mü­ha­fi­zə­si üz­rə Bern Kon­ven­si­ya­sı­nın Baş Ka­ti­bi­nə, Bio­müx­tə­lif­lik üz­rə Kon­ven­si­ya­nın İc­ra­çı ka­ti­bi­nə, Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın İq­lim Də­yiş­mə­lə­ri üz­rə Çər­çi­və Kon­ven­si­ya­sı­nın ka­tib­li­yi­nə, Tə­biə­tin və Tə­bii Sər­vət­lə­rin Mü­ha­fi­zə­si üz­rə Bey­nəl­xalq Bir­li­yin Pre­zi­den­ti­nə rəs­mi mü­ra­ci­ət­lər edil­miş, bey­nəl­xalq təş­ki­lat­la­rın diq­qə­ti­nə bu is­ti­qa­mət­də tə­xi­rə­sa­lın­maz təd­bir­lə­rin gö­rül­mə­si­nin zə­ru­ri­li­yi çat­dı­rıl­sa da, ta­lan­çı Er­mə­nis­ta­n çirkin əməllərindən əl çəkməmişdir.

Düşmən ölkə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda dünyanın bir çox xarici şirkətlərinin filiallarını yaradaraq müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə  Azərbaycanın icazəsi olmadan  qanunsuz fəaliyyət göstərmişdir. Belə ki, ümumilikdə,  Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin  törətdiyi ekologiya terroruna 20-dən artıq ölkənin – o cümlədən, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətləri qoşulmuş, işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın təbii sərvətlərini  qəddarlıqla istismar etmiş,  qeyri–qanuni yollarla xarici ölkələrdə satışa çıxarmışdır. İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı ölkəmizin iqtisadiyyatı ilə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarmışdır. Belə ki,
meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuş,  torpaq sahələri deqradasiya olunmuşdur. Azərbaycanın əvvəllər işğal olunmuş bütün ərazilərində  mövcud olan 260 min hektara yaxın meşə ərazisi  son 30 il ərzində sürətlə azalmış, qiymətli ağac növləri - qoz, palıd, Eldar şamı, xurma və xüsusi mühafizə altında olan digər ağaclar, minlərlə hektar ərazini əhatə edən meşələr oduncaq tədarükü üçün qırılmış və qiymətli ağac növlərinin bitdiyi Qarabağın meşə resursları mebel, çəllək və tüfəng qundağı istehsalı üçün Ermənistana aparılmışdır.

Qarabağda ən çox talanan təbii ehtiyatlardan birincisi Kəlbəcərin Ermənistanla sərhəd bölgələrində, Ağdərə və Zəngilanda olan qızıl yataqları olub. 2002-ci ilin avqust ayında yaradılmış "Base Metals" MMC şirkəti uzun müddət Ağdərə rayonunda qızıl ehtiyatı 13,5 ton olan Qızılbulaq (Drambon) kəndindəki mis-qızıl mədənlərini talayıb. Mədəndən hər ay 12 min ton filiz çıxarılaraq emal edilmiş və tərkibində qızıl olan mis Avropa bazarına çıxarılmışdır.

Ümumiyyətlə, Azərbaycanın işğal edilmiş ərazilərində - Kəlbəcər, Laçın, Tərtər, Ağdamda   qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom , Tərtər və Kəlbəcərdə kükürd , Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə hasilat işləri aparılmış, faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunmuş, flora və fauna sistemli şəkildə məhv edilmişdir.

Uzun illər erməni işğalı altında olan, Kəlbəcər rayonunun  ərazisində yerləşən, Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları Ermənistan tərəfindən talan edilmişdir. Belə ki, 1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” və Hindistanın “İndian Sterlite Gold Ltd”  şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından külli miqdarda qızıl hasil etmişdir. 

İşğal olunmuş ərazilərdə ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə ağır zərbələr vurulmuş, Azərbaycan ərazilərində erməni işğalçıları və onların tərəfdaşları tərəfindən əlvan, qara metalların, habelə mineral su, ümumi yayılmış faydalı qazıntıların intensiv şəkildə hasilatı həyata keçirilmişdir. Hasilatların həyata keçirilməsi zamanı ekoloji tələblərə heç bir formada əməl edilməmiş, resurslar faktiki olaraq Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş istehsalat həcmlərini dəfələrlə aşmış, zəhərli tullantıların yerli sututarlarına, çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülməmişdir. Bu isə öz növbəsində mineral və digər yataqların məhv edilməsinə, böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin və içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olmuşdur.

Bunlarla yanaşı işğalçı ölkənin  yerli çayların üzərində çoxsaylı kiçik elektrik stansiyaları qurması səbəbindən çaylarda sululuq kəskin azalmış, həmçinin bu çaylarda yaşayan canlılar kütləvi məhv olmuşdur.

 Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçay Almaniyanın “Cronimet Holding” şirkətinin fəaliyyəti nəticəsində  sənaye tullantıları ilə çirkləndirilmişdir. Çayın uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadratkilometrdir. Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantılarının, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa çaya axıdılması nəticəsində Oxçuçayda ağır metalların normadan dəfələrlə artıq olmasına səbəb olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlərin nəticələrinə görə çayda nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Bu isə çay hövzəsində bioresursları, xüsusilə qiymətli növ olan farel balıqlarını kütləvi surətdə məhv etmiş, ekologiyamıza ciddi ziyan vurulmuşdur.

Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq yanğınların törədilməsi ekoloji cinayətdir. Belə ki, yanğınların nəticəsində çox böyük həcmdə torpaq sahələri yararsız hala düşmüş, zəngin meşə fondu torpaqları məhv olmuş, yandırılan torpaq sahələrində mövcud olan flora və fauna nümunələri məhv edilmişdir. Qarabağın zəngin təbii ehtiyatlara malik olan  Füzuli rayonunda  vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı  ağaclarının hamısı işğal dövründə məhv edilmiş, ermənilər yaşı yüz illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların, kötüklərini də yandırmışlar.

Təbiət abidəsi kimi dünyanın irs siyahısına daxil olmuş və 1800-2000 yaşlı çinarların ermənilər tərəfindən yandırılması yalnız Azərbaycana qarşı deyil, həm də dünyaya qarşı ekosid hərəkətdir. Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik bölgələrindəki təbiətə qarşı düşmən münasibət və eko-terror yalnız Azərbaycanın ekoloji tarazlığı, flora və faunası üçün təhlükə yaratmır, eyni zamanda bölgədə sülh və təhlükəsizlik üçün ciddi bir təhdiddir.

  Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı

sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı deyib: “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib, Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng Su Anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi... Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir”.

Ermənilərin və xarici şirkətlərin işğal altında olmuş ərazilərimizdəki meşə, çay, təbii sərvətlər, mədəni obyektlərə verdikləri ziyana görə cavab vermələrini, beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edən ölkə başçısı  İlham Əliyev  deyib: “Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır...”

Bəli, 30 il ərzində işğal olunmuş torpaqlarını 44 günə qaytaran dövlət beynəlxalq hüquq müstəvisində hüquqlarını müdafiə etməyə də qadirdir. Uzun illər işğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün  yalnız ölkəmizin deyil, bütün digər dövlətlərin də diqqət mərkəzində olmalıdır.

                                                                                       Mehparə ƏLİYEVA,

                                                                                                  “Respublika”.