Ekoloji terrora qarşı qətiyyətli vətəndaş mövqeyi
Digər xəbərlər

Ekoloji terrora qarşı qətiyyətli vətəndaş mövqeyi

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası havanın şaxtalı olmasına baxmayaraq, günlərdir davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində dinc etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları ilk gündən etibarən əzm, iradə nümayiş etdirərək tələbləri yerinə yetirilməyənədək ərazini tərk etməyəcəklərini bildiriblər. Onlar Xankəndi-Laçın yolunda Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqazidd olmayaraq, haqlı, sivil qaydada toplaşıb qanunsuzluqlara etiraz səslərini ucaldırlar. Bunadək ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən "Qızılbulaq" və "Dəmirli" yataqlarının qanunsuz istifadəsinin qarşısının alınmasını və həmin yataqlarda monitorinqlərin aparılmasını tələb edirdilər. Artıq fəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən bütün yataqlarda monitorinqlərin keçirilməsini tələb edirlər.

Laçın yolunda etirazların humanitar böhran təhdidi yaratdığı və guya ermənilərin blokadada olduqları barədə iddiaların heç bir əsası yoxdur. Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejimi dəyişməz olaraq qalır. Videogörüntülər təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirir. Bununla yanaşı, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Ermənistan tərəfi qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı Laçın yolunda həyata keçirilən etirazların onun bu istiqamətdə fəaliyyətinə, etirazların üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin təchizatına, Laçın yolundan minaların daşınması kimi hərbi təxribatlarına maneçilik törətməsindən narahatdır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər Xankəndi şəhərində mitinq keçiriblər.

Aksiya cinayətkar, qanunsuz əməllərlə məşğul olan qrupları narahat etməyə başlayıb. Çünki Azərbaycan ərazilərində qeyri-qanuni istismarla məşğul olan şəxslərin əl-qolu bağlanıb. Onlar artıq aksiya keçirilən yoldan talançılıq, həmçinin Qarabağda olan qanunsuz silahlı birləşmələri əvvəlki kimi silah-sursatla təmin edə bilmədikləri üçün beynəlxalq arenalarda bu prosesi müzakirəyə çıxarmaq istəyirlər. Bununla da Azərbaycanı günahkar kimi təqdim edib, sanksiyalar və digər mənfi çağırışlarla üz-üzə qoymağı hədəfləyirlər. Amma Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquqa tam əməl edir. Keçirilən bu dinc aksiya öz ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarına qarşıdır ki, bu da tam haqqımızdır. Bəzi beynəlxalq təşkilatların bu hadisəyə ikili münasibəti riyakarlıqdır və ikrah doğurur. Çünki onlar uzun illər ərzində Qarabağda sərvətlərimizin talanmasına, şəhər və kəndlərimizin, o cümlədən abidələrimizin ermənilər tərəfindən dağıdılmasına göz yumublar. İndi qanunsuz istismara qarşı keçirilən aksiyanın bu dərəcədə şişirdilməsi "düşmən dəyirmanına su tökmək"dən başqa bir şey deyil. Qərəzli mövqeyini davam etdirən Fransanın Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti cənab İlham Əliyevə telefon zəngində Ermənistan və Azərbaycan arasındakı münasibətlərə, həmçinin Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub.

Ölkəmizin başçısı Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhəri istiqamətində olan yoldakı vəziyyətlə bağlı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə vurulmuş ciddi zərərə etiraz edirlər. Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan sakinlərin bu yoldan mülki və humanitar məqsədlər üçün istifadəsinə maneənin olmadığını, başqa təsisatlara lüzum olmadan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidlərinin təmin edildiyini vurğulayıb. Dövlət başçısı vətəndaş cəmiyyəti nümayəndələrinin əsas tələbinin faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və ərazidə ekoloji monitorinq fəaliyyətinin aparılmasının təmin edilməsi olduğunu bildirib.

Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanatları bölgədə sülhün bərpasına xidmət etmir. Azərbaycan beynəlxalq hüququn ona verdiyi əsasla müvafiq sülh quruculuğu tədbirlərini davam etdirəcək.

Mustafa KAMAL,

"Respublika".