Ermənistan işğaldan azad olunan digər ərazilərimizin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib
Siyasət

Ermənistan işğaldan azad olunan digər ərazilərimizin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib

Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq dekabrın 4-də 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, təhvil verilmiş şəxslər noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.

Qeyd edək ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə - noyabrın 26-da erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Eyni zamanda, aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

"Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk", - deyə məlumatda qeyd olunub.

AZƏRTAC