Ermənistan KTMT-dən imtina edir?..
Siyasət

Ermənistan KTMT-dən imtina edir?..

Ermənistanın yalançı və təxribatçı ölkə olması bütün dünyaya bəllidir. Ərazilərimizin 20 faizdən çox hissəsini 30 il işğal altında saxlayan, xalqımızın mədəni irsini məhv etməyə yönəlmiş vəhşiliklər törədən Ermənistanın beynəlxalq təşkilatların, nüfuzlu qurumların qarşısında özünü məzlum, yazıq, çarəsiz vəziyyətə salması artıq heç bir işə yaramır. Azərbaycan həqiqətləri göz qabağındadır.

İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq, qarşı tərəfə sülh təklif etməsi isə dövlətimizin humanist, sülhsevər siyasətinin təzahürüdür. Təbii ki, Azərbaycanın yerləşdiyi regionda deyil, bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına ciddi səy göstərməsini, Ermənistanın isə hər vəchlə buna maneçilik törətməsini görməzdən gələn ölkələr, beynəlxalq təşkilatlar da istisna deyil. Azərbaycanın hərtərəfli dinamik inkişafını, şaxələnmiş əməkdaşlıq əlaqələrini, regionda yaratdığı reallıqları qəbul edə bilməyən Ermənistan və onun havadarları paxıllıq, qısqanclıq hisslərini gizlədə bilmir, riyakarcasına şər, böhtan xarakterli ittihamlar səsləndirməklə ölkəmizin dünyada artan nüfuzuna xələl gətirməyə çalışırlar. Amma bu bədxahlar anlamırlar ki, yalan ayaq tutar, amma yeriməz...

Erməni yalanlarının, əsassız ittihamlarının sayı-hesabı yoxdur. Yalnız məsələ bu böhtanları kimin qəbul edib-etməməsindədir. Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı Şurasının bir qrup deputatları özlərinə xas olan erməni xüsusiyyətlərini asanlıqla qəbul edir, onların vandallıqlarını, işğalçılıqlarını dəstəkləyirlər də. Çünki ermənilərin yaratdıqları mənzərə onların hər birinə yaxşı tanışdır. Xislətlərinə, mövqelərinə tamamilə uyğundur. Bəzi beynəlxalq təşkilatlar isə artıq ermənilərın qurduqları şouya tamaşa etməkdən beziblər.

Hökumətlərarası hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində təşkilata üzv dövlətlərin güc tətbiq etməkdən, hər hansı bir hərbi ittifaqa və ya qrupa qoşulmaqdan çəkinməli olduqları bildirilir. Lakin təşkilatın üzvü olan Ermənistan KTMT-yə də etibarlı tərəfdaş kimi baxmır, təşkilatı daim çətin vəziyyətə salaraq yalnız ondan öz mənafeyini qorumaq üçün istifadə edir. Üzv ölkələrin rəsmiləri yaxşı başa düşürlər ki, Ermənistan üzv olduğu bütün təşkilatları, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da öz məkrli niyyətlərini, ambisiyalarını reallaşdırmaq üçün bir vasitə hesab edir və nə təşkilatın nüfuzu, nə də ki, məqsəd və missiyası Ermənistan üçün əsla maraq kəsb etmir.

2020-ci ildə Ermənistan KTMT üzvlərini İkinci Qarabağ müharibəsinə cəlb edə bilmədiyindən onları təşkilat çərçivəsində öz öhdəliklərini yerinə yetirə bilməməkdə ittiham etmiş və ötən il sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycanla sərhəddə təxribat törədərək KTMT-ni "Ermənistanın ərazilərini zəbt etmiş" Azərbaycana qarşı müharibəyə səsləmişdi. Sentyabr hadisələrindən sonra işğalçı ölkənin baş naziri Nikol Paşinyan 2022-ci il noyabr ayının 23-də İrəvanda Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan liderlərinin iştirakı ilə keçirilən KTMT-nin İrəvan sammitinə sədrlik etdi. Sammitin keçirilməsində əsas məqsəd "Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən pozulması" məsələsinin müzakirəsi, üzv ölkələr tərəfindən Ermənistanın maraqlarının müdafiəsi və Azərbaycanın əsassız ittiham olunaraq öz mövqeyindən geri çəkilməyə məcbur edilməsi idi. İclasa evsahibliyi edən Ermənistan baş nazirinin ciddi cəhdlərinə baxmayaraq, təşkilat üzvləri Azərbaycanın haqlı mövqeyindən çıxış edərək iki ölkə arasındakı münasibətlərin sülh yolu ilə normallaşmasına tərəfdar olduqlarını bildirdilər və Ermənistanın maraqları naminə yeni bir avantüraya qol qoymadılar. Çıxılmaz vəziyyətdə qalan, hadisələrin planladığı ssenari üzrə getmədiyini görən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Kollektiv Təhlükəsizlik Şurası (KTMT KTŞ) bəyannaməsi"ni və "Ermənistana yardım haqqında birgə tədbirlər layihəsi"ni imzalamağa hazır olmadığını bildirdi. Zirvə görüşünə evsahibliyi edən ölkənin sammitin yekun sənədini imzalamaması isə görünməmiş hadisə idi.

Təxribatçı Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda postmüharibə dövründə dəfələrlə Azərbaycanla sərhəddə törətdiyi təxribatlar, hərbi qarşıdurmalar zamanı KTMT-dən öz "təhlükəsizliyini" təmin etmək üçün kömək istəsə də, tərəfdaşları müharibənin Azərbaycan ərazisində aparıldığına görə hər hansı formada müdaxilə etməkdən imtina etmişdir. Çünki hökumətlərarası hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində təşkilata üzv ölkələrdən hər hansı birinə qarşı yönəlmiş təhlükə digər üzv ölkələr tərəfindən də aqressiya kimi qəbul olunduğu, həmçinin üzv dövlətlərin ərazi bütövlüklərinin kollektiv surətdə müdafiəsi üçün siyasi vasitələrə üstünlük verdikləri göstərilir. Sözsüz ki, heç bir hüquq normasına məhəl qoymayan Ermənistan üçün bu, bir o qədər də əhəmiyyət kəsb etmir. Buna görə də, illər boyu əməkdaşlıq etdiyi, özünün himayədarlarından saydığı KTMT-ni İkinci Qarabağ müharibəsinə müdaxilə etməməkdə, təşkilatın üzvü olmasına baxmayaraq, Ermənistana Azərbaycanın təcavüzünün qarşısını almamaqda günahlandırır. Son vaxtlar təşkilata soyuq münasibət sərgiləməklə narazılığını göstərməyə çalışır. Bu baxımdan, Ermənistanın öz ərazisində KTMT-nin "Sarsılmaz qardaşlıq-2023" təlimlərini keçirməkdən imtina etməsi, öz ərazisini bu qurumun təlimlərinə bağlaması Ermənistan hakimiyyətinin KTMT ilə yollarını ayıracağına dəlalət edir. Belə ki, bu il yanvar ayının 1-də Rusiya Müdafiə Nazirliyi Ermənistanda KTMT-nin "Sarsılmaz qardaşlıq-2023" təlimləri keçiriləcəyini açıqlasa da, bir neçə gün sonra Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Birləşmiş Qərargahına ittifaqın "Sarsılmaz qardaşlıq-2023" hərbi təlimlərinin ölkə ərazisində keçirilməsinin məqsədəuyğun olmadığını bildirmişdir. Əcəba, KTMT sülhməramlı qüvvələri ilə birgə hərbi təlimlərin keçirilməsi məsələsinə Ermənistanın bu sərt reaksiyası həqiqətən də ölkədəki vəziyyətlə bağlıdır, yoxsa Ermənistan KTMT-dən imtina edir?..

Mehparə ƏLİYEVA,

"Respublika".