Azərbaycan hədəflərinə doğru inamla irəliləyir
Siyasət

Azərbaycan hədəflərinə doğru inamla irəliləyir

Şuşa Qlobal Media Forumundan dünyaya mühüm çağırışlar

Şuşa Media Forumundan edilən çağırışlar qalib Azərbaycanın yaratdığı reallıqların dünyaya çatdırılmasıdır. 21 iyul 2023-cü ildə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə yaşandı. Maraqla izlənən Qlobal Media Forumu bütün dünyada böyük rezonans yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində oldu.

"Biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm Zəfərimizi nümayiş etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Bu gün Ordumuzun üç il bundan əvvəlkindən daha güclü olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, buna ehtiyac var, o da tariximizdən qaynaqlanır. Görürük ki, bu gün beynəlxalq hüququn normaları kobud şəkildə pozulur. Beynəlxalq hüquq selektiv tətbiq edilir, uzun illər bu yanaşmaya məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi, ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür.

Bildiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin əsl səbəbini dəqiq şəkildə qiymətləndirmədi, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymadı. Biz haqqımızı müdafiə işinə beynəlxalq hüquq müstəvisində 30 ildən çox idi ki, başlamışdıq. Özü də tarixi faktlar və həqiqəti əks etdirən sübutlarla. Lakin nəinki dünya ölkələri, hətta beynəlxalq hüquq belə görməzdən gəlirdi. Təbii ki, nə xalqımız, nə də Ali Baş Komandanımız bu məsələyə səssiz qalmadı. Danışıqlar nəticə vermirdi, sülh yolu ilə münaqişənin həlli mümkünsüz olmuşdu. Ermənistanın danışıqlar prosesində riyakar mövqeyi vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı.

Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görüldü. Ordu quruculuğu sahəsində islahatlar aparıldı. İlk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdilər. Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoydu. İşğalçı ölkə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrası təmin olundu. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.

O "İkili standartlar" siyasəti beynəlxalq təşkilatlara qarşı etibarı azaldır. Beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər.

Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etdilər. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə idi. Yorulmaz fəaliyyətin nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı.

Ermənistan 30 il işğal altında saxladığı ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətlər müəyyən olunub. Artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlər görülür. Azərbaycan torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ təmin etdiyi kimi, bu məsələdə də beynəlxalq hüququn aliliyini tam təmin edəcəkdir. Ermənistanın cinayətləri bununla yekunlaşmır, işğaldan azad edilmiş ərazilərimizdə yerləşdirilmiş minaların mövcudluğu çoxsaylı insan itkisinə səbəb olmaqla yanaşı, bərpa və quruculuq işlərini çətinləşdirir. Gələcəkdə faciələrin təkrarlanmaması üçün Ermənistanın bütün cinayətləri araşdırılmalı və beynəlxalq təşkilatlar da mina xəritələrinin verilməsini tələb etməlidir.

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışında bildirdi ki, İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr öz ermənipərəst mövqelərini daha gizlədə bilmədilər, yaxud da bunu istəmədilər. Bunun müəyyən dərəcədə Azərbaycanın həmin ölkələrlə münasibətlərinin gərginləşməsinə gətirib çıxardığını vurğulayan dövlətimizin başçısı deyib: "Ancaq bu o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq. Əsas odur ki, sənin gündəliyin olsun. Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru gedirdik, gedirik və bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var, onlara çatmamışıq, amma onlara da çatacağıq".

Mustafa KAMAL,

"Respublika".