Halal zəhmətin sevinci
İQTİSADİYYAT

Halal zəhmətin sevinci

Hələ gənclik illərində Ermənistanın hərbi təcavüzünə məruz qalıb, yerli özünümüdafiə dəstələrinin tərkibində xain düşmənə qarşı döyüşüb, həmkəndlilərini müdafiə edib. Həyat yolu hamar olmayıb, 1992-ci ildə doğulub boya-başa çatdığı doğma Əmirallar kəndini tərk etməyə məcbur olub. Erməni işğalından sonra ailəsi ilə birlikdə Ağcabədi şəhərinə pənah gətirib, məcburi köçkün həyatı onları nə qədər sıxsa da, ruhdan düşməyib, köhnə peşəsinə qayıdıb, bir müddət sürücü işləyib, ailəsinin dolanışığını təmin edib.

Xocavənd rayonunun Əmirallar kəndindən məcburi köçkün Famil Quliyev zəhməti ilə taleyin sərt imtahanından alnıaçıq çıxıb, övladlarını da əməyə məhəbbət ruhunda tərbiyə edib. Boş-bekar dayanmayıb, heç kəsdən yardım ummayıb, sübh tezdən axşam düşənə kimi işləyib, halal zəhmətilə yaşayıb.

Şəhərin Soltanbəy küçəsində torpaq sahəsi alaraq ev tikdirib, eyni zamanda, yaxşı bələd olduğu heyvandarlıqla məşğul olub. Kəndlərində qazandığı təsərrüfat işlərindəki təcrübəsi onun köməyinə çatıb. Yerli bələdiyyəyə müraciət edərək əkin-biçinlə məşğul olmaq üçün uzunmüddətli torpaq sahəsi icarəyə götürüb. 2006-cı ildən pambıqçılıqla məşğul olub, əvvəllər çətinliklə üzləşsə də, lakin heç vədə ruhdan düşməyib. Pambıqçılığa dövlət dəstəyi onun köməyinə çatıb. İşə böyük həvəslə girişən Famil özünün dediyi kimi, pambıq əkib-becərməyə ürəkdən bağlanıb, təcrübəli təsərrüfatçı, "ağ qızıl" ustası kimi tanınıb, ildən-ilə əkin sahələrini genişləndirib, daha çox pambıq əkib, bol məhsul götürüb, yaxşı qazanc əldə edib.

Keçən il özünəməxsus və icarəyə götürdüyü 95 hektar əkin sahələrində pambıq becərib, fermer təsərrüfatının uğur qazanması üçün canı-dildən zəhmət çəkib, becərmə işlərini, suvarmanı aqrotexniki qaydada apardığı üçün hər hektardan 46,7 sentner pambıq istehsal edib. Fermer təsərrüfatı 443 ton "ağ qızıl"ı yüksək keyfiyyətlə pambıq zavoduna təhvil verib. Səriştəli təsərrüfatçı Famil Quliyev cari ildə 120 hektar əkin sahəsində pambıq yetişdirib. Göz işlədikcə uzanıb gedən pambıq tarlasında təcrübəli pambıqçı ilə görüşdük. Famil Quliyev söhbət zamanı bildirdi ki, mövsümün əvvəlindən tarlalarda yüksək aqrotexniki qaydalar əsasında kompleks becərmə işləri həyata keçirilib. Müqavilə bağladığım "Azərpambıq" MMC Ağcabədi filialı tərəfindən mineral gübrələr, eləcə də, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə məqsədilə pestisidlərlə vaxtlı-vaxtında təmin olunmuşuq. Fermer təsərrüfatına məxsus traktorla sahələrdə keyfiyyətli kultivasiya işləri aparılıb. Əkin sahələrinin suvarılmasında da fasilələrə yol verilməyib.

Vaxtında görülmüş aqrotexniki tədbirlər nəticəsində fermer təsərrüfatına məxsus pambıq tarlalarında bol məhsulun bünövrəsi qoyulub. Artıq pambıq kolları qozalarla doludur. Sahələrdəki barlı kollardan bol məhsul gözləməyə dəyər. Bacarıqlı fermer kollektivin səyi ilə yığım mövsümü ərzində hər hektardan 50 sentnerdən çox məhsul götürməyi nəzərdə tutub.

Yuxarıda qeyd etdiyimiz kimi, Famil Quliyev nümunəvi ailə başçısıdır. Onun 4 övladı da zəhmətə bağlıdır. Oğlanları Amil və Orxan ata yolunun davamçılarıdır. Onlar da xeyli vaxtdır ki, pambıq əkib-becərmə ilə məşğuldurlar. Qardaşlar bu il hərəyə 30 hektar sahədə pambıq yetişdirir. Yaxın günlərdə yığıma başlayacaqlar, artıq hazırlıq işləri başa çatdırılıb.

Salman ALIOĞLU,

"Respublika".